Qırx dörd günlük Vətən müharibəsinə həsr olunmuş monoqrafiya Polşada çapdan çıxıb

post-img

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə Polşanın Varmia və Mazury Universitetinin əməkdaşlarının 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İkinci Qarabağ müharibəsi: Səbəblərindən bitməsinədək” (The Second Karabakh War: From causes to termination) adlı monoqrafiyası Polşanın “Zakład Poligraficzny” nəşriyyatında çap olunub.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-leytenant Heydər Piriyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun hər iki hərbi-strateji komandanlıqları yanında Milli hərbi nümayəndəsi, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik-leytenant Xəyal İskəndərov, Varmia və Mazury Universitetinin professorları siyasi elmlər üzrə fəlsəfə doktorları Piotr Gavliczek və Jacek Mrozekin həmmüəllifliyi ilə ərsəyə gəlmiş monoqrafiyanın elmi redaktoru Varmia və Mazury Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Andrzej Pieczyvokdir. Monoqrafiya milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-leytenant Heydər Piriyevin digər həmmüəlliflərlə birgə nəşr etdirdiyi məqalələr və konfrans materialları əsasında hazırlanıb.

Yeddi fəsildən ibarət olan kitabın birinci fəslində keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin xarakteri açıqlanır, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyi əsaslandırılır. Xarici havadarlarından dəstək alan Ermənistan hakimiyyətinin problemlə bağlı qeyri-konstruktiv siyasəti təhlil edilir.

İkinci fəsildə 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş qarşıdurmanın mümkün səbəbləri təqdim olunur, Cənubi Qafqaz bölgəsində xarici aktorların rolu müəyyənləşdirilir. Müəlliflər qarşıdurmanın həm Cənubi Qafqaza, həm də regiondankənar təsirlərini təqdim etməyə çalışırlar.

Üçüncü və dördüncü fəsillərdə Vətən müharibəsinin başlanmasını şərtləndirən faktorlar retrospektiv təhlillər əsasında aydınlaşdırılır, müharibənin baş verdiyi 44 günlük müddətdə cərəyan edən hərbi-siyasi proseslər tədqiq olunur, onların xarakterik xüsusiyyətləri göstərilir, yerli və xarici ekspertlərin qənaətləri nəzərə alınaraq “Dəmir Yumruq” əməliyyatının dünya hərb sənətinə verdiyi töhfə elmi-nəzəri cəhətdən əsaslandırılır.

Beşinci fəsildə Ermənistanın həyata keçirdiyi dezinformasiya siyasətinin mahiyyəti açıqlanır, belə bir siyasətə qarşı ehtiyac duyulan informasiya arxitekturası incələnir, İkinci Qarabağ müharibəsinin nümunəsində informasiya cəbhəsində qurumlararası əməkdaşlığın xüsusiyyətləri göstərilir.

Altıncı və yeddinci fəsillərdə “Müharibənin bitməsi” (War termination) nəzəriyyəsinin mahiyyəti açıqlanır, müharibənin davametmə müddətinə təsir edən faktorlar işıqlandırılır. İkinci Qarabağ müharibəsinin bitməsi və sülh şərtləri barədə təhlillərin nəticələri təqdim edilir. Müharibənin nəticələri ilə bağlı mülahizələr irəli sürülür, Ermənistanın məğlubiyyətinə səbəb olan faktlar göstərilir.

Nəticə hissəsində müəlliflərin elmi-nəzəri mülahizələri və gəldikləri qənaətlər ümumiləşdirilib.

Qeyd etmək lazımdır ki, monoqrafiya 44 günlük Vətən müharibəsi reallıqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində xüsusi əhəmiyyətə malikdir və bu mövzuda tədqiqat aparan alimlər üçün elmi ədəbiyyatda mühüm mənbə olacaq.

Sosial həyat