Azərbaycan mədəniyyəti Vyanada beynəlxalq festival həftəsində təqdim olunub

post-img

Azərbaycan mədəniyyəti Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təşkil etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” festivalında təqdim olunub.

AZƏRTAC xəbər verir ki, sayca yeddinci dəfə keçirilən festival Avstriyanın ən böyük mədəni tədbirləri sırasında yer alır. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də mədəni müxtəlifliyin təbliğinə xidmət edən silsilə tədbirlərə qatılıb.

Festivalın açılışı günü Azərbaycan Mədəniyyət Mərkəzində “Mədəni müxtəliflik və inklüzivlik” mövzusunda panel müzakirəsi təşkil edilib. Müzakirə mədəni müxtəliflik və inklüzivlik kimi mühüm mövzulara, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da gender bərabərliyi və iqlim siyasəti çərçivəsində inklüzivliyə necə yanaşılmalı olduğuna həsr edilib.

Vyanada Yunus Əmrə İnstitutunda təşkil olunmuş sərgidə 20-dən artıq ölkədən əsərlər nümayiş olunub. Sərgidə Azərbaycanın ilk süni intellekt sənətçisi “Şuşa xanım”ın hazırladığı kəlağayılar nümayiş olunub.

Festivalın bağlanış mərasimi isə Vyana Şəhər Bələdiyyəsində keçirilib və “Dünyanın geyimləri” adlı moda sərgisi ilə başa çatıb. Moda dəfiləsində Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu kursunun şagirdləri milli geyimlərimizi və milli rəqslərimizi nümayiş etdiriblər.

 



















Mədəniyyət