Müsahibimiz AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
- Hörmətli akademik, sizinlə bir neçə mövzuda tamaşaçılarımızla və oxucularımızla birgə həmsöhbət olmaq istəyirik. Siz bütün ömrünüzü klassik Azərbaycan ədəbiyyatına həsr etmisiniz. Elmə, klassik Azərbaycan ədəbiyyatına bu qədər məhəbbətiniz haradan qaynaqlanır?
- Mən həmişə deyirəm ki, fiziklər liriklərdən daha çox lirikdirlər. Çünki liriklər - ədəbiyyatçılar onların bir vəzifəsidir, bu işi görməlidirlər. Amma fiziklər ədəbiyyatı ona görə sevirlər ki, ədəbiyyat onlara estetik zövq verir, yəni bir adama bir işi biri var gördürəsən, biri də var insan öz xoşu ilə iş görür, zövq alaraq. Yəni, mənim də uşaqlıqdan deyərdim ki, həyatım belə qurulub. Mərhum atam Sovet dövrünün ilk illərində əski əlifba ilə təhsil almışdı. Evimizdə Mirzə Ələkbər Sabirin “Hophopnamə”si vardı. ərəb qrafikası ilə yazılmışdı. Mən həmişə bu kitabı əlimə alar, baxardım. Xüsusilə, buradakı şəkillər xoşuma gəlirdi. Amma oxuya bilmirdim. Atamdan soruşurdum ki, burada nə yazılıb? Atam mənə izah etdiklərini əzbərləyirdim. Belə-belə mən bu əlifbanı demək olar ki, tam mənimsədim.
Bəli, atam dövrünün tanınmış savadlı insanlarından biri idi. O, mənim ilk müəllimim olub. Əski əlifbanı mənə sevdirən də atam olub. Bu əlifbanı biləndən sonra, elə məktəb illərindən içimdə bir maraq yaranıb. Böyük şairlərimiz, klassiklərimiz nə yazıb, nə yaradıblar? Mərhum anam da şifahi xalq ədəbiyyatını mükəmməl bilirdi, anam sinədəftər idi. İnanın, ömrünün sonuna kimi onun yaddaşı kortalmamışdı, mən özüm belə ona qibtə edirdim. Eşidib, dinlədiyi şeirləri belə əzbər bilirdi. Bir il qabaq anam 100 yaşında rəhmətə getdi. O, rəhmətə gedən günə qədər yaddaşı silinməmişdi. Klasik irsə məhəbbəti atam aşılamışdısa, poeziyaya, mənzum sözə sevgini anamdan öyrənmişdim. Anam da, atam da sanki ədəbiyyat aləminin cövhərindən su içmişdilər. Bir sözlə, evimizdə ədəbi-bədii sözün qüdrətinə tapınan valideynlərimin sayəsində ədəbiyyat mənim həyatımın mənasına çevrildi, ruhuma ruh gətirdi. Hiss etdim ki, ədəbiyyat mənim yol yoldaşım olacaq və ona görə də mən ədəbiyyatın – bu elmin ardınca getməli idim və getdim də. Əski əlifbanı öyrənib, bilməyim sayəsində klassik ədəbiyyatın qapılarını açmağa başladım. İnanırsınız, o həvəs, maraq məni filologiyaya – bu elm sahəsinə gətirdi. Tələbə yoldaşlarım əski əlifbanı öyrənməyə başlayanda mən artıq xalq dili ilə desək, bu əlifbanı “su kimi içirdim”. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində də elə müəllimlər, alimlər gördüm ki, bütün ömrümə, yaradıcılığıma bəs edər. Bilirsiniz, nə mənada deyirəm, bizə dərs deyən müəllimlər sözün böyük mənasında dahi pedaqoq idilər. Ruhumuzu elmə bağlayan bu insanlar auditoriyaya girəndə elə bir əhval-ruhiyyə yaradırdılar ki, biz tələbələr uzun zaman onların söhbətinin, mühazirələrinin təsiri altında olurduq. Bəxtimiz onda gətirmişdi ki, klassik ədəbiyyatın biliciləri bizə dərs deyirdi. Misal üçün, bizim ilk dərs günümüzdə Mir Cəlal müəllim otağa girdi. Qarşımızda ağır təbiətli, sanballı görünüşlü müəllim dayanmışdı. Bütün tələbələr kimi mən də qibtə hissi ilə onun dediklərinə qulaq asır, bir kəlməsini belə buraxmaq istəmirdim. Mühazirəni son cümləsinə kimi dəftərimizə yazırdıq. Belə bir canlı klassikin sinfə girməsi, tələbələrlə söhbət etməsi bizə bir möcüzə kimi görünürdü. Yəni, biz o cür mühitdə yetişdik. Bunu etiraf etməliyəm. Məhz belə bir mühitin təsirindən böyük bir alimlər dəstəsi yarandı. Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər, Abbas Zamanov, Mir Cəlal Paşayev və başqa görkəmli alimlərin, pedaqoqların sayəsində biz gənclər elmə, yaradıcılığa üz tutduq. Aldığımız bilikləri tətbiq etməli idik. Elə bu arzu ilə aspiranturaya gəldim. 1 yerə 17 nəfər ərizə vermişdi. Müsabiqə böyük idi. Çox təəssüf ki, indi bu müsabiqəni görmürük. Tələbə yoldaşım, professor Vilayət Quliyevlə birgə hər ikimiz 15 bal topladıq. Hər 3 fəndən əla qiymət almışdıq. Əski əlifbanı bildiyimə görə məni götürdülər və dedilər ki, 6 aydan sonra Vilayət Quliyevi imtahansız qəbul edəcəyik. Çünki o da, yüksək bal toplamışdı. Bizim dövrümüzdə elmə sonsuz axın var idi. Elmin gücü mən deyərdim ki, bundadır, rəqabətdədir. Beləliklə, əski əlifbanı bildiyimə görə mənə Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı mövzu təklif olundu.
Nizamişünaslığın korifeylərindən biri olan Azadə xanım Rüstəmovanın rəhbərliyi altında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında namizədlik dissertasiyamı işləməyə başladım. Mən Azadə xanımın ilk aspirantı idim. Ona görə də məsuliyyətim böyük idi. Çalışırdım ki, onun etimadını doğruldum. Bu gün iftixarla deyə bilərəm ki, Azadə xanımın ruhu şaddır. Azadə xanım AMEA-nın müxbir üzvü idi. Onun tələbəsi isə AMEA-nın həqiqi üzvüdür. Azadə xanımın elə bir ziyalı ürəyi var idi ki, elmə gələn gənclərə himayədarlıq edirdi. Elm sahəsində böyük ürək sahibi olmaq hər kəsə nəsib olmur. Klassik Azərbaycan ədəbiyyatının cəfakeşlərindən biri olan Azadə xanım Rüstəmova mənim qəlbimdə məhz bu cizgiləri, mənəviyyatı ilə əbədi olaraq yaşayır. Bu gün onun ruhu qarşısında hesabat verməyi özümü borclu bilirəm. Elmdə təmənnasız alimlərə hər zaman ehtiyac var. Çünki onların sayəsində istedadlı insanlar özlərinə yol aça bilirlər. Gecə-gündüz M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işləyirdim. Klassik ədəbiyyatın məxəzlərini oxuyurdum. Beləliklə, mən dissertasiyamı uğurla müdafiə edib, alimlik dərəcəsi qazandım. Mənə öz övladı kimi məhəbbətlə bağlanan və elmi işlərimin uğurla həyata keçirilməsi üçün xeyir-dua verən əsl alim siması ilə ətrafındakılara örnək olan Azadə xanım Rüstəmovanın ruhu qarşısında baş əyirəm və sevinirəm ki, tələbə kimi onun etimadını doğrultdum. Əsl alim o alimdir ki, əkdiklərinin barını-bəhrəsini görür. Bu mənada AMEA-nın müxbir üzvü professor Azadə xanım Rüstəmovanın unudulmaz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayır.
Bütün bunları bu gün deməkdə məqsədim odur ki, elm yolunda fədakarlıq və gördüyün işə sonsuz məhəbbət olmalıdır və bir də sənin yolunda əziyyət çəkən, sənə işıq yandıran əsil elm fədailərindən öyrənməlisən. Elm sadəliyi qədər zəngin olan təkəbbürsüz insanları sevir. Belə olanda yaşamaq da, yaratmaq da gözəl olur.
- Müstəqillik illərində ədəbiyyatşünaslıq elminin əsas problemləri hansılardır?
- Müstəqillik dövrünün elmi tamam başqa bir şeydir. Çünki sən heç kimdən asılı olmursan. Biri var kiminsə tabeliyində olub gözləyəsən, tutaq ki, Nizami Gəncəvinin yubileyi üçün Moskva sənə nə qədər pul ayıracaq, amma biri də var ki, müstəqil olanda sən özün özünün qiymətini verə bilirsən. Bu mənada çox maraqlı bir fakt demək istəyirəm ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş yazdığım əsərdə dediklərim geniş mənada öz əksini təsdiqləyib.
- Elmdə olan insan nə yazırsa yazsın, yazdığı mövzunu sevməlidir. Onun incəliklərinə varmalıdır. Bu mənada “Heydər Əliyev və klassik irs” mövzusunda yazdığım kitabımın haqqında danışmaq istəyirəm. Müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatının misilsiz incilərinin xalqımıza təbliğ olunması yolunda çəkdiyi zəhmət sonsuzdur. Təsəvvür edin ki, məhz Heydər Əliyevin mənəvi gücü sayəsində Moskva rəhbərliyindən Nizami Gəncəvinin bütün keçmiş SSRİ məkanında yubileyinin keçirilməsi məqsədi ilə maddi vəsait alınmasına nail olunmuş və vacib qərarın verilməsini təsdiqləmişdir. Xalqın mənəvi köklərinə bir dövlət xadiminin xidmətləri bu baxımdan araşdırılıb, bütün incəlikləri ilə bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.
Dahi rəhbərin o dövrdəki çıxışlarını, nitqlərini araşdırmalara başlayanda gördüm ki, 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində Heydər Əliyev Sov. İKP MK-da məsələ qaldırmışdır ki, dahi söz ustadının yubileyi keçirilsin. Lakin Mərkəzi Komitənin o vaxtkı rəhbər işçilərindən biri olan Mixail Suslov etiraz olaraq bildirmişdir ki, 840 illik yubiley deyil. Ona cavab olaraq, cəsarətli çıxışı ilə qarşısındakıları – nəhəng şovinistləri susduran dahi insan Heydər Əliyev demişdir ki, Nizami Gəncəvi bütün dünyaya məxsus bəşəri əsərlər yaratdığına görə onun yubileyi hər il keçirilməlidir: Bəli, o, Azərbaycan şairidir. Amma onun yaratdıqları bütün dünyanın sərhədlərini maneəsiz aşıb keçib, çünki Nizami Gəncəvinin yazdıqları əsərlərlə bəşəriyyətə xidmət etmişdir.
Moskvada şovinistlərlə kəllə-kəlləyə gələn böyük dövlət xadiminin mənəvi cizgilərini öyrəndikcə bir daha qət etdim ki, qlobal çağırışlar dünyasında heç kim bizi ümumi qazanda qaynada bilməz. Biz milli məfkurəmizlə elə bir səviyyədə silahlanmışıq ki, heç bir siyasi hərəkat milli birliyimizi, milli varlığımızı parçalaya bilməz. Ensiklopedik zəka sahibi Heydər Əliyevin strateji uzaqgörənliklə o dövrdəki qətiyyəti nəticəsində biz zaman qarşısında üz-üzə gəldiyimiz maneələrə cavab verə bilmişik. ən böyük qələbə beyinlərdə əbədiləşən mübarizələrin son nəticəsidir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin klassik irsimizə xidmətləri ilə bağlı apardığım araşdırmaların nəticəsi olaraq, bir daha qət etdim ki, dahilərin qədrini, onların dünyəvi zəhmətinin çəkisini elə dahilər də qiymətləndirir. Məhz Heydər Əliyevin siyasi iradəsinin sayəsində Nizami Gəncəvinin fars dilində yazdığı əsərlərin misilsiz sənətkarlıq nümunələri olduğu bir daha ictimaiyyətin diqqətinə çatdırılmış və fars dilində əsərlər yaratmağın dövrün, zamanın tələblərinə uyğun gerçəkliklərlə üst-üstə düşdüyünü fədakarlıqla dəstəkləyərək, Nizami Zirvəsini bütün varlığı ilə həm də dövlət rəhbəri kimi müdafiə etmişdir. Dövrün tələbinə uyğun olaraq fars dilində yazıb-yaradan dahi Nizami Gəncəviyə qarşı müqavimət göstərilsə də, onun əsərlərinin mayasında, cövhərində türkçülüyün qatları dərin izləri ilə böyük köklər salıb.
- Siz ulu öndər Heydər Əliyev haqqında sanballı kitabın müəllifisiniz...
- Bəli, Azərbaycan xalqı ədəbiyyata, sənətə, ədəbiyyatşünaslığa böyük qayğı göstərən Heydər Əliyevin dühası sayəsində klassik ədəbiyyatın xəzinəsinin incilərini qoruyub saxlamaqla bərabər, onu bütün dünyaya tanıtdırmaqla Azərbaycançılıq məfkurəsini əbədi yaşatmışdır. Biz elm adamlarının bu mənada borcudur ki, ədəbiyyat korifeylərimizin təəssübünü çəkək, araşdırmalarımızı ən yüksək səviyyədə xalqımızın mənafeyi naminə yazıb, yaradaq. Əsl vətəndaşlıq deyərdim ki, budur. Bax, bu mənada Heydər Əliyevin xidmətləri mənəvi dünyamızın həm də böyük təəssübkeşi, cəfakeşi kimi qiymətləndirilməlidir. Mən bir tədqiqatçı kimi yazdığım “Heydər Əliyev və klassik irs” kitabımda qarşıma qoyduğum ideyaları real faktlar əsasında böyük oxucu auditoriyasına təqdim etməklə mənəvi bir rahatlıq tapdım.
Bilirsiniz ki, bu gün qlobal çağırışlar qarşısında o xalqlar müqavimət göstərə bilir ki, onların milli-mənəvi kökləri Nizamilərin, Füzulilərin, Nəsimilərin yaratdıqları əsərlərlə mənən, ruhən silahlanıb. Qlobal çağırışçılar hamını bir qazanda qaynatmaq üçün bacardıqlarını edirlər. Amma onların qarşısına çıxmaq üçün qorxmaq lazım deyil. Təsəvvür edin ki, Heydər Əliyevin mənəvi dünyamıza diplomatik xidmətlərinin nəhəngliyinin sayəsində fədakar alimlər elə bir qırılmaz tellərlə xalqa bağlanıblar ki, buna görə də onlar yazdıqları ilə mənəvi köklərimizi qoruya bilirlər. Məhz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin qlobal çağırışlar dünyasına mövcud reallıqlarla cavab verməsi sayəsində ədəbiyyatımızın, klassik irsimizin gücünü, mənəvi zənginliyini hifz edib, qoruyuruq. Bilirsiniz, bir də bizim ən böyük uğurumuz müstəqilliyimizdir. Bu gün də humanitar elm sahəsi, xüsusilə ədəbiyyatşünaslığımız dövlət qayğısı ilə əhatə olunmuşdur. Elmimizin borcudur ki, açılmayan tarixi faktları daima araşdırmaqla xalqın mənəvi bağlarının möhkəmlənməsinə xidmətini əsirgəməsin, Azərbaycan xalqının mentalitetini sönməyə qoymasın. Bu gün elə bir dövrdür ki, qloballaşma deyir ki, gəlin hər birimiz bir qazanda əriyək, hamımız bir cür olaq. Ancaq milli mentalitet buna müqavimət göstərir. Bu müqaviməti göstərməkdə də klassik ədəbiyyat çox böyük rol oynayır. Əgər sənin milli qürur, mənbəyin – Nizamin, Xətain, Füzulin, Dədə Qorqudun varsa, sən demək öz simanı itirə bilməzsən. Biri var sənin heç bir mənəvi xəzinən olmasın, deyəsən ki, nə fərqi var ki, gedim olum ingilis. Amma azərbaycanlısansa, türksənsə, sən bu xəzinəni qoyub, gedib başqa bir millət ola bilməzsən.
- Bu gün klassik ədəbiyyatın təbliği sizi qane edirmi?
- Bu gün klassik ədəbiyyatımızın təbliği və dünyaya tanıdılması sayəsində işlər görülür və görülməkdədir. Bu gün dövlətimizin apardığı ideoloji siyasət nəticəsində və Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın əksər ölkələrində Nizami Gəncəvinin heykəlləri, büstləri qoyulmuşdur. Bu həm də klassik ədəbiyyatımızın geniş arealda tanıdılmasıdır. Əgər bir zamanlar Nizami deyəndə onu fars şairi kimi tanıyırdılarsa, artıq bu gün bütün dünya məcburdur ki, Nizaminin Azərbaycan türkü olduğunu real mənbələr əsasında etiraf edib, onun Türk olduğunu qəbul etsinlər. Sizə bir faktı deyim ki, İran ədəbiyyatında yazılı əsərlərin təbliği ərəb dilində başlanıb. Belə çıxır ki, onlara deməliyik ki, ərəb dilində yazan iranlı fars şairi deyil, ərəbdir. Bunlara cavab olaraq, demək istəyirəm ki, fars dilində yazan türk şairi necə ola bilər ki, fars şairi adlandırılsın. İkili standartlar İran ədəbiyyatında hər zaman olmasına baxmayaraq, biz ədəbiyyatçılar real mənbələr əsasında sübut etmişik ki, Nizami Gəncəvi Türk dünyasının klassik zirvəsində dayanan şairimizdir. Dünya dövlətimizin siyasi iradəsi və qətiyyəti sayəsində Nizami Gəncəvinin bir türk şairi olduğunu artıq qəbul edir. Buna canlı sübut isə mədəni dünyanın mərkəzlərində ucaldılan Nizami Gəncəvinin heykəlləridir. Əsərlərinin dünya dillərinə tərcüməsinin yayılmasıdır.
Bəli, Nizami bir Türk zadəganıdır. Nizami zadəgan olmasaydı, onu padşahın sarayına buraxmazdılar. O vaxt Gəncədə kitabxana ancaq padşahın sarayında idi, onu ora kim buraxardı? Bazardan bütün kitabları ala bilməzdi ki... O, zadəgan, saraya yaxın olduğuna görə onu padşahın kitabxanasına buraxırdılar. Və ona görə də yazırdı ki:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Oxuyub-oxuyub, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
Doğrudan da o, çıxardığı dürlərdən elə bir möhtəşəm “Xəmsə” – Beşlik yaratdı ki, dünya durduqca, bu mənəvi ədəbiyyat abidəsi insanlara lazım olacaq. ən böyük güc mənəvi gücdür. Onun qarşısında insanı sındırmaq, sarsıtmaq olmaz. əxlaqi, humanist fikirlər insanlara hər zaman lazımdır, mənəvi qidadır. Nizaminin fenomen olduğu nədədir? Bunu tarixi aspektdən baxanda görmək olur. Tutaq ki, dünya yazılı ədəbiyyatı kimdən başlayır? Homer nədən yazırdı? Əlbəttə ki, qəhrəmanlardan. Bəs, Firdovsi nədən yazırdı? Cavab budur – Şahlardan. Nizami isə ilk dəfə olaraq, özünün yazdığı kimi: “Mən ədəbiyyatı saraylardan çıxarıb, daxmalara gətirdim” deyirdi. Yəni, bunun humanitar yöndə yazdığını özü də bilirdi. Özü də bilirdi ki, bunun üslubu yenidir, əvvəlkilərdən fərqlidir. Ona görə də Nizamiyə mən “Sözün Peyğəmbəri” deyərdim. Yəni, o, uzun əsrlər sonranı görürdü ki, onun əsərləri insanlara lazım olacaq. Çünki texnologiyalar inkişaf edir, amma insan xarakteri dəyişmir. Insan xarakteri dəyişsə idi, bu saat dünyada bu qədər haqsızlıq, zülm hökm sürməzdi. Görün nə qədər əsərlər yazılır, öyüd-nəsihətlər verilir ki, ədalətsizlik ərşə qalxmasın, amma buna əməl edən varmı?
- Bu gün bəşəriyyət müharibələrin cəngindədir. Haqsızlıq tüğyan edir.
- Əlbəttə, bu gün dünyanı cənginə alan müharibələr bəşər övladını çıxılmaz vəziyyətə salıb. Əgər həqiqət olsaydı “qurd quzu ilə otlayardı”. Nizaminin dahiliyi ondadır ki, XII əsrdə yaratdığı zəngin əsərləri ilə bəşəriyyətin üzləşdiyi bugünkü amansız müharibələrə də öz etirazını bildirib. O, yazır ki, ədalət Simurqun qanadlarındadır. Simurq əfsanəvi bir quşdur, onu heç kim görməyib. Deməli, belə çıxır ki, ədaləti tapmaq, ona sığınmaq ölçüyəgəlməz dərəcədə çətindir. Yəni böyük həqiqət Simurqdadır. Simurq quşdur. Onu heç kim görməyib. Deyir ki, axtardığınız ədalət onun qanadlarındadır, onu axtarıb tapmaq, cəmiyyətə tətbiq etmək, insanları xilas etmək lazımdır. Bəşər övladı nəyə görə zülm çəkməlidir?! əgər insanı Tanrı yaradıbsa, hamı bərabər olmalıdır. Onun xoşbəxt olmağı üçün Allah bütün stimulları veribdir, amma şeytanın vəsvəsəsinə uyanların sayəsində dünyanın yarısı məzlum, yarısı da zalım, laqeyd olub. Bu haqsızlığın aradan qaldırılması uğrunda dahi söz ustadı yazdığı əsərləri ilə mübarizə aparır, ədalətsizliklə döyüşürdü.
- Sizin yaradıcılığınızla tanış olanda öyrəndim ki, namizədlik və doktorluq dissertasiyalarınız dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunub. Elə söhbətinizin ən dərin qatlarında Nizami irsindən mənəvi qida aldığınızı hər addımbaşı görürəm. Mən Nizami Gəncəvi ilində Gəncə şəhərində olarkən tarixi faktlar əsasında yazılan mənbələrə müraciət etdim və öyrəndim ki, Nizaminin sözünün qüdrəti sayəsində dövrünün şahları onun yaşadığı kənddən xərac ala bilməyib, indiki dillə desək, vergidən xilas olub. Nizaminin sayəsində onun yaşadığı məkanda xalq azad həyat sürüb. Təsəvvür edin ki, Nizami həm də xeyirxahlığı ilə xalqın himayədarı olub. Şeyx tituluna layiq görülən Söz Zərgərinin qapısı insanların üzünə açıq olub. Hətta onu da öyrəndim ki, bu günün özündə belə Şeyxin hüzuruna gələnlər nəzir-niyaz deyib, qurbanlıq kəsirlər. Möcüzəyə baxın, əsərləri ilə əməlləri vəhdət təşkil edən Nizaminin mənəvi gücü, qüruru qarşısında şahlar belə etiraz edə bilməyib. Sözün Qılınca qalib gəldiyi dövran da olub.
- Şübhəsiz, biz bəzən hansısa bir klassikin həyat və yaradıcılığını, xüsusilə həyatını öyrənəndə görürük ki, şəxsiyyətcə o qədər də yüksək keyfiyyətli insan olmayıb. Amma Nizami elə bir yüksək əxlaqlı şəxsiyyət olub ki, xalq ona Şeyx Nizami, loğman, həkim deyə müraciət edib. Bu əsl filosofa verilən qiymətdir. Nizami nə qazanıbsa, öz həyat tərzi ilə heç kimə qismət olmayan və qibtə edilən yüksəklikləri fəth edib. əldə etdiyi bilikləri mənzum şəkildə xalqa elə çatdırıb ki, Nizamidən sonra nə qədər yazan olsa da, heç kim onun mərtəbəsinə çata bilməyib, onun əsərləri 850 ildən çoxdur ki, bütün dövrlərlə, bu günümüzlə səsləşir. Klassikin ölməzliyi bundadır. Hər bir nəsil o klassiki öyrənib, mənimsəyə bilirsə, zəmanənin təqazasına – (belə bir termin var) uyğun olaraq özünün tələbi nədir, onu götürə bilir. Nizaminin gücü odur ki, o dünya ədəbiyyatına ilk dəfə olaraq demokratizm gətirib. Humanizmi təbliğ edir. Insanın insan olaraq, dəyərini, böyüklüyünü verib. Xüsusilə, öz xalqını, öz etnosunu əsərləri ilə o qədər yüksək şəkildə tərənnüm edib ki, türklüyünü yenilməzliyi ilə bir daha təsdiq edib. Bunu nə Firdovsi, nə Sənayi edə bilməzdi. Bu böyüklük, Türk qüdrəti Nizaminin simasında bütün dünyaya bəyan olunmuşdu.
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində bu fikirlər dərin qatlara vardıqca çox geniş təhlil olunub, detalları ilə açılıb. Təsəvvür edin ki, Nizamidən sonra onun davamçıları olan 500-dən çox şair onun əsərlərinə nəzirələr yazıb, onların arasında Özbək şairi Əlişir Nəvainin adını xüsusi olaraq qeyd etmək istəyirəm. Əlişir Nəvai öz yaradıcılığında Nizamiyə məhəbbətini elə bir heyranlıqla ifadə edir ki, onun bir kəlməsi belə son dərəcə qiymətlidir. Əlişir Nəvai yazdığı əsərlərdə onun öz qanından – bir türk olduğunu ifadə edir. Şairə sonsuz sevgisini bildirir və deyir ki, Nizaminin fikri-zikri “Xəmsə” çəkən olub. Ona “Xəmsə” demə, bəlkə 5 xəzinə de. Düşüncəsinin tərəzisini sözlə ifadə edən Əlişir Nəvai deyir ki, yüz əsr gəlib-getsə belə Nizaminin yaratdığı xəzinəni çəkə bilməz. O ağlın xəzinədarıdır. Ona görə də onun düşüncələri bəşəriyyətə məxsusdur. Sonra bu tədqiqatların davamı olaraq, mərhum Azadə xanım Rüstəmova, Akademik Həmid Araslı və başqaları Nizami yaradıcılığındakı türklüyü tədqiq etdikcə dahi şairin türklük sevgisinin bariz nümunəsi olan əsərlərinin əsasında elmi-tədqiqat işlərini genişləndiriblər. Bu gün də gənc aspirantlara Nizami irsini tədqiq etməyi tövsiyyə edirik. Çünki Nizami yaradıcılığında açılmamış qapılar çoxdur. Nizami elə bir xəzinə yaradıb ki, əsrlər boyu söz sərrafları bu xəzinədən ibrət götürəcəklər.
Avropada belə bir termin var: “Kod Da Vinçi”. Nizamidə bəlkə minlərlə, yüzlərlə belə “Kod Da Vinçi” var. Onları açmaq lazımdır. Nizami kimi dahilər dünya ədəbiyyatında barmaqla sayılır. Bununla biz fəxr etməliyik. Dünya ədəbiyyatı xəzinəsinin inciləri sırasında Nizaminin əsərləri ölçüyəgəlməz dərəcədə bəşəri ideyaları ilə təkrarsızdır. Elə ona görə də, dünya universitetlərində Nizami irsi tədqiq olunur. Əgər Azərbaycan xalqı Nizami kimi potensial imkanlı şair yetirməsəydi, bu gün belə bir qüdrətin fövqündə olmazdı.
“Qılınc və Qələm”in söz və döyüş meydanında qalibiyyətinə imza atan xalq kimi öyünməliyik. 44 günlük Vətən müharibəsində 30 illik həsrətimizin ağrı-acısını dalğalanan bayraqlarımızla yaralarımıza məlhəm edən qəhrəman oğullarımızın mənəvi qidası mən deyərdim ki, klassik irsimiz – Nizami, Nəsimi, Füzuli kimi söz, qüdrət sahiblərinin məfkurə dünyasından sanki yoğrulmuşdu.
- Teymur müəllim, rəhbərlik etdiyiniz Əlyazmalar İnstitutunda Türkdilli, Ərəbdilli, Farsdilli Əlyazmalar, Əlyazmalar və Əski çap kitablarının tərcümə, Şəxsi arxivlərin tədqiqi şöbələri fəaliyyət göstərir. Bu mənada əlyazmaların instituta gətirilməsində vəziyyət necədir?
- Fikrimi bilmək istəyirsinizsə, məni ağrıdan məsələlərə toxunmaq istəyirəm. “Molla Nəsrəddin” jurnalı təzə nəşr olunanda Mirzə Cəlil ürək ağrısı ilə yazırdı ki, mən bu sözləri yazıram, amma bilirəm ki, çox adama çatmayacaq bu. Amma olsun, nökərlər mənim vərəqlərimi samovar alışqanı edə-edə hansısa mətni oxuyub, nə vaxtsa anlayacaqlar ki, mən nə yazmışam, nə etmişəm.
Yəni, o vaxt qiymətli bir əlyazmanı tutaq ki, yağ küpələrinin ağzına qoyurdular ki, örtük kimi bağlasınlar. Həmin əlyazmalar yağın təsirindən itib-batıb, oxunmaz olurdu. Əlyazmanın qaynağı, yəni demək istəyirəm ki, bu institutun tarixi 1926-cı ilə gedib çıxır. O vaxt “Azərbaycanı Tədqiq və Tətəbbö” cəmiyyəti yaranmışdı. Bu cəmiyyət böyük dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında fəaliyyət göstərirdi. Onlar xalqa müraciət edirdilər ki, kimdə nə qiymətli əlyazma varsa, gətirsin bir yerdə toplayaq. Əlyazmalar İnstitutunun bünövrəsi belə qoyulub, o dövrdən zənginləşən institutun bu gün 12 mindən çox əlyazması var. Bunlar da müvafiq şöbələrdə tədqiq olunur. Həm də bu əlyazmalar müasir latın qrafikalı əlifbamıza keçirilir ki, müasir gənclik, nəsillər onları oxuya bilsin, faydalansın. 2 Türk şöbəmiz var: biri Türkdilli Əlyazmalar şöbəsi, bu Azərbaycana aiddir, digəri isə dünyadakı türklərin əlyazmalarını öyrənən şöbədir. Tədqiqatlarımız türk birliyinin qüdrətlənməsinə xidmət edir və bununla qürur hissi keçiririk. Vaxtilə, türk xaqanları bir birilə döyüşüb, çox zəifləmişdilər. Mirzə Cəlil, Mirzə Ələkbər Sabir bu barədə ürək ağrısı ilə yazmışlar. Mirzə Ələkbər Sabirin məşhur fəxriyyəsi var. Şair türk tarixini nəzmə çəkibdir. Sabir deyirdi ki, tarix boyu türklərin bir birilə çəkişməsi nəticəsində türk birliyi yarana bilmirdi. Amma bu gün türklər böyük bir birliyə imza atıblar. Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir. Xüsusilə, möhtərəm Prezidentimizin rolunu, xidmətlərini xüsusi olaraq qiymətləndirmək vacibdir. Ilham Əliyevin diplomatik fəaliyyəti nəticəsində Türk dünyası getdikcə qüdrətlənir. Əlyazmalar İnstitutu türklüyün əzəmətinin təbliğ olunması üçün ən qiymətli məxəzləri tədqiq edir. Özbəkistanın, o cümlədən, başqa Türk respublikalarının əlyazmalar fondu ilə sıx əlaqə saxlayırıq. Məqsədimiz türk birliyinə imza atan dövlətlərin fəaliyyətinə öz töhfəmizi verməkdir.
- Bu il Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə dövlət rəhbəri sərəncam imzalayıb. Bununla bağlı fikirlərinizi bilmək oxucularımız üçün maraqlıdır.
- Bəli, Füzuli məktəbi hər zaman bizə gərəkdir. Çünki bu məktəb dünyəviliyi ilə kamil insan formalaşdırır.
Füzuli deyir:
Mərhəm qoyub önərim sinəmdə qanlı dağı,
Söndürmə öz əlinlə yandırdığın çırağı.
Bu misraların hikmətinə baxın. Füzulinin hər sözü fəlsəfədir. Onun əsərlərinin mənəvi dünyamıza körpü salmasını, indiyə qədər tədqiq olunmamış sənətkarlıq xüsusiyyətlərini “Görünməyən Füzuli” adlı əsərimdə açmağa çalışmışam. Bəli, çox qədim tarixə malik Azərbaycan xalqının zəngin irsinin böyük bir qolu Füzulişünaslıqdadır. Buna görə də klassik ədəbiyyat daima tədqiq olunmalı, onun dərin qatları açılmalıdır. Füzulinin ən mükəmməl nüsxələri bizim institutda saxlanılır. Çox vaxt biz digər nüsxələrlə həmin nüsxələri tutuşdururuq, görəsən, bu həmin yazılardır, yoxsa yox. Bu işimizin əsas meyarı odur ki, bütün nüsxələrin foto-surətini çıxarıb saxlayırıq. Məhəmməd Füzuli ilə bağlı əməkdaşlarımızın tədqiqatları davam etdirilir. Yubiley ilində yazılan hər bir kitab Məhəmməd Füzulinin ruhuna hörmətimizin, ehtiramımızın göstəricisidir.
Bu il Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlamışıq. Onu da qeyd edim ki, Füzuliyə aid Özbəkistanda xeyli əlyazmalar var. Xüsusilə, Səmərqənddə. Biz onlarla xüsusi əlaqə saxlayırıq. Özbəklər Füzulini bir türk şairi kimi özlərindən ayırmırlar, sevirlər. Füzuliyə aid orada Səmərqənd, Buxara nüsxələri var. Vaxtilə Həmid Araslı Füzuli Divanını hazırlayarkən həmin əlyazmalardan faydalanaraq böyük bir iş görüb. Bu gün biz Həmid Araslının və digər görkəmli Nizamişünasların işini davam etdiririk. Bu il Füzulinin Azərbaycan dilində yazdığı əsərlərinin ən mükəmməl nüsxələri UNESCO-nun Dünya Yaddaşı Reyestrinə bizim təşəbbüsümüzlə daxil edilmişdir. M.Füzulinin Divanının Bakı nüsxəsinin UNESCO-nun Dünya Yaddaşı Reyestrinə salınması yubiley ilində böyük uğurumuzdur. Həmçinin sonuncu Qrabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın bədii tikmələri - “Gül dəftəri” adlı nadir nüsxəsini də UNESCO-nun Dünya Yaddaşı Reystrinə daxil etmişik. Bu nüsxələr əsasında çap olunmuş kitab geniş ictimaiyyətə və Şuşa kitabxanasına göndərilmişdir. Mən elə bilirəm ki, Xurşudbanu Natəvanın öz əli ilə çəkdiyi rəsmlər qədim Şuşa kitabxanası üçün ən dəyərli hədiyyədir ki, bunlar hamısı kitabda öz əksini tapıb. Bu il ilk dəfə olaraq, “Qarabağ və Qərbi Azərbaycan Əlyazmalarının Tədqiqi” Şöbəsi fəaliyyətə başlayıb. Xeyli sənədlər, qiymətli mənbələr əldə etmişik. Qədim İrəvan torpağının Türk torpaqları olması nadir nüsxələrdə öz əksini tapıb. Bu əlyazmalar İrəvanın qədim Azərbaycan torpaqları olmasının təsdiqidir. Əlyazmalar sübut edir ki, Ərmənzəmin Ermənistan deyil. Ərmən tayfaları türkdürlər. ermənilər özlərinə hay deyiblər.
- Ermənilər adımızı da oğurlayıblar.
- Bəli. Artsax, Ərmən – bunlar hamısı türk sözləridir. Tarix bunu sübut edir.
- Qarabağ və Qərbi Azərbaycanla bağlı əlyazmaları əldə edə bilirsinizmi?
- Qarabağa aid xeyli əlyazma toplamışıq. Həmin şöbənin əməkdaşlarını ezamiyyətə göndəririk ki, yeni-yeni əlyazmalar toplasınlar. Ermənistanda Matenadarın kitabxanası var. Orada şübhəsiz ki, bizim çoxlu əlyazmamız qalıb. Amma indi əlimiz çatmır.
- Necə bilirsiniz, erməni faşistləri nadir əlyazmaları çoxdan məhv etməyiblərmi?
- Hələ ki, ümidim var. Ərəb və fars dilli mənbələr kimi saxlaya bilərlər. Hamısını məhv etmək mümkün deyil. Matenadar nə deməkdir? Bu türk sözüdür, mənası mətn saxlanan yerin göstərilməsidir. Hayların elə bir zəngin ədəbiyyatı yoxdur. Yalnız XII əsrdə dini dualar yazan erməni keşişləri fəaliyyət göstərirdi. Hətta gürcü alimlərindən biri məşhur bir əsər yazmışdı: “Ağlayan daşlar”. Bu kitabda erməni xisləti, onların yalanları biabırçılıqla ifşa olunub. Kitabda göstərilir ki, ermənilər basdırdıqları daşları çıxararaq xaricdən gələn himayədarlarına göstərib, ağlamaq tamaşası qururlar və deyirlər ki, bu daşlar bizim tariximizdir. Xüsusilə kufi yazılarını utanmadan özəlləşdiriblər. Bu yazıları daşlar üzərində həkk edərək, saxta tarix yaratmaqdan yorulmurdular. Kufi yazılarını əlifbaları kimi təqdim edirdilər, kufi yazılarında nöqtə olmadığına görə onları mənimsəyərək, erməniləşdiriblər. İnsanlıqdan kənar əməllərlə məşğul olan haylardan nə gözləmək olar?!
Bir mühüm faktı da deyim ki, hazırda 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin 20 cildliyi latın qrafikası ilə küliyyat halında hazırlanır. Belə bir təşəbbüs ADA Universitetinin rektoru professor Hafiz Paşayev tərəfindən irəli sürülüb. Həmin kitabların redaktoru mən olduğuma görə oradakı bütün yazılanları diqqətlə oxuyanda qarşımda o dövrün ab-havasını, siyasi mənzərəsini hərtərəfli görürəm. Artıq 10 cildlik hazırdır. Oxuduqlarım yazılar içərisində o illərdə Zəngəzurda və ona yaxın ətraf bölgələrdə azərbaycanlıların kompakt yaşamasının gerçəkliyini faktlar əsasında gördüm. Xüsusilə, erməni daşnaklarının vəhşiliklərinin, törətdikləri qırğınların materiallarını oxuyarkən qarşımda vəhşiləşmiş insanların Azərbaycan türklərinin başına açdığı müsibətlər dil açıb deyir: “Haylar qədim İrəvan torpaqlarına xainliklə sahib olublar. O dövrün xəritələrində əks olunan türk minarələri yerlə yeksan olub”.
-Bu gün biz Əlyazmalar İnstitutunun yaradıcılıq ab-havasını yaşadıq.
-Əlbəttə, bu İnstitut ötən əsrin 80-ci illərinə qədər Fond olub. Yalnız Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində Fond İnstituta çevrildi. O vaxtın ən gözəl binalarından birini Heydər Əliyev Əlyazmalar İnstitutuna bağışladı. Bu elm mərkəzinə XVI əsr klassik ədəbiyyatının zirvəsini fəth edən Məhəmməd Füzulinin adını da o, verdi. Yadımdadır, Respublika Əlyazmalar Fondunun İnstitut statusu alması üçün Heydər Əliyev Moskvadakı şovinistlərlə kəllə-kəlləyə gələrək, məqsədinə nail oldu. Bu gün də o dahi insanın ruhu İnstitutun üstündədir. Milli mentalitetin qorunub saxlanılmasında bu elm məbədinin zəngin xəzinəsinin əhəmiyyəti ölçüyəgəlməzdir. Çünki bu gün bütün dünya qloballaşmanın çağırışları qarşısında çaş-baş qalıb. Milli birliyi, milli mənafeyi olan xalqlar bir qazanda əridilərək, onlara məxsus olan bütün tarixi, mənəvi, əqli sərvətlərdən məhrum edilirlər. Bu çox dəhşətli siyasətdir. Belə dövrdə məhz bu institutda tədqiq olunan əsərlər, nadir nüsxələr, klassik irsimiz bizim əlimizdə ən böyük silahdır.
Bir sözlə, bu gün Əlyazmalar İnstitutu Fond səviyyəsindən çıxaraq İnstitut səviyyəsinə qalxmağı ilə böyük işlər görür. Bunun üçün Ümummilli Liderimiz Heydər Əliyevin ruhuna ehtiramla baş əyirəm. Məhz onun sayəsində 80-ci illərdən başlayaraq, bu institut fundamental elm mərkəzinə çevrilib. Elm adamı hər zaman işləməli, öz bilik və bacarığını xalqına xərcləməlidir. Bizim məqsədimiz, məramımız budur.
Biz Nizamisi, Füzulisi, Nəsimisi olan əyilməz xalqıq və bu illər ərzində klassiklərimizdən öyrəndiklərimiz hər zaman imdadımıza çatıb. İnsan mənən güclü olarsa, onu heç bir ideoloji silahla məhv etmək olmaz. Klassik ədəbiyyat mənəviyyatın zirvəsini elə fəth edib ki, onu tarixin sırasından çıxarmaq mümkün deyil.
Bizim ədəbiyyatımızın başlıca məqsədi kamil insan yetişdirməkdir! Kamil insanı ən müasir texnologiya ilə yetişdirmək olmaz. Ona görə də klassik ədəbiyyatı hər zaman öyrənib, tədqiq etməliyik. Ədəbiyyatın yaşarılığı klassikliyin göstəricisidir. Yəni, bu o deməkdir ki, klassik ədəbiyyat əsrlərdən bəri zamanı adlayaraq gəlib bizə çatıbsa, ölməyibsə, demək bu insanlara lazımdır.
Bu gün məni qorxudan bir həqiqət var. Klassik ədəbiyyatla məşğul olmağa gələn gənclər çox azdır. Bayaq dedim ki, mənim dövrümdə 1 yerə 17 nəfər ərizə vermişdir. Indi 5yerə 3 nəfər ərizə vermir. Ona görə də bu gün ədəbiyyatçıların, pedaqoqların əsas vəzifələrindən biri klassiklərimizi gənclərimizə tanıtmaq və sevdirməkdir. Çünki klassik ədəbiyyat xalqın mənəviyyatının cövhəridir. Bu bizə lazımdır ki, onu əsrlər boyu yaşadıblar. Insanların tələbatı olmasaydı, klassik ədəbiyyat bu günə qədər yaşamazdı. Biz həm də dünya xalqlarına klassiklərimizə necə dəyər verməyimizi bir örnək kimi göstərməliyik. Bu ədəbiyyatı daima tərcümə edib başqa xalqlara da çatdırmalıyıq ki, bizim belə bir klassik irsimiz var. Bu klassik irsin gücü ondadır ki, o insanın mənəviyyatını zənginləşdirir və bütün dünyaya bəyan edir ki, insan insanlığını itirməməlidir! Klassik ədəbiyyatın gücü budur!
- Müsahibə üçün çox sağ olun!
Kəmalə Abdinova
XQ.