COP29 Azərbaycan Əməliyyat Şirkəti “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) ilə əməkdaşlıq çərçivəsində Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsinin icrasına başlayıb.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək məqsədilə bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərinin tətbiqinə nail olmaqdır. Layihənin icrası həmin obyektlərin əməliyyat xərclərinin azalmasına, enerji və su ehtiyatlarından qənaətlə istifadəyə, məişət tullantılarının effektiv idarə edilməsinə və nəticə etibarilə, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinə töhfə verəcək.
İctimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçiriləcək. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların idarə olunması kimi meyarlar əsasında aparılacaq.
Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunacaq. Restoran girişində yerləşdirilən bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sözugedən sertifikatlaşmış restoranlar, həmçinin COP29 rəsmi vebsaytında mövcud xəritədə də öz əksini tapacaq.
Qeyd olunan qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunacaq.
Layihədə iştirak etmək istəyən ictimai iaşə obyektləri müvafiq müraciət formasını dolduraraq 2024-cü ilin 10 oktyabr tarixinədək müraciət edə bilərlər.