İnsan zamanı ölçər, zaman da insanı.
İtalyan atalar sözü
Zaman haqqında nə bilirik? “Bizdən əvvəl olan, bizdən sonra da olacaq” deyəcəksiniz. Doğrudur, amma bununla belə, zamanın da öz dilinin olduğunu bilirikmi? Zamanın bizə necə nəzarət etməsindən xəbərimiz varmı? Bəs zamanın idarə edilməsinin iqtisadi inkişafla birbaşa əlaqəsinin olması barədə düşünmüsükmü?Bu və ya digər maraqlı suallara cavab tapmaq üçün sizi zamanın coğrafiyasını qələmə almış amerikalı Robin Levinin kitabı ilə tanış etmək istəyirik.
Əvvəli https://shorturl.at/9rSLb
Boş zamana yaponların münasibəti də fərqlidir. R.Levin yazır ki, yapon dilində boş zaman mənasını verən "yoka"nın tam qarşılığı "qalan zaman"dır. Yaponlar deyirlər ki, "Sərbəst zaman çalışmağa bərabər dəyərdə qəbul edilmir".
Sürət ənənəvi yapon mədəniyyətində əxlaqi normadır. Yavaş hərəkət edən insanın "axmaq" olduğu deyilir. Əsas bioloji ehtiyaclar üçün belə zamanı boşa vermək yaxşı qarşılanmır. "Hayameşi, hayaquso, geinoçi" deyə bir deyiliş var. Kobud tərcümədə belə səslənir: "Sürətli yemək, sürətli təbii ehtiyacını ödəmək bir sənətdir". Buna görə də, təəccüblü deyil ki, hər hansı bir əməkdaş vəzifəsi istər sürət tələb etsin, istərsə tələb etməsin, yapon iş yerində son günahı işləmiş olur: yəni ondan gözlənilən fədakarlığı verə bilmir. Yaponiyada "Sumitomo Electric" şirkətində çalışmış amerikalı Qarr Reynoldsın müşahidələrinə görə yaponlar "iş yerlərində məşğul olmasalar belə, məşğul olduqlarını göstərilməsinin əhəmiyyətinə inanırlar. Məşğul görünmənin bir yolu da işləri sürətlə görməkdir.
Nümunə kimi, fotonüsxə makinasına qədər beş metrlik yolu qaçmağı, rutin bir məktub yazdığı halda kömpüterin klaviarutasına vurmağı, şöbə rəhbərinin adını deyər-deməz stuldan bir anda atılmağı ( "Bəli, müdir") göstərmək olar. Məşğul olmaq və ya məşğul olmaq kimi görünmək yapon cəmiyyəti üçün əxlaq normasıdır və işləri sürətli və əndişə içində yerinə yetirən kimi görünmək digərlərində belə təəssürat yaradır ki, hənin şəxs gerçəkdən məşğuldur və dolayısı ilə yaxşı çalışan əməkdaşdır.
Yaponların maraqlı yanaşmalarından biri də budur ki, onların fikrincə, əgər insanlar nəsə istehsal etmirlərsə, bu onların cəhd göstərmədikləri anlamına gəlir. Bu halda nə etmək lazımdır? Yaponlara görə, bunun həll yolu daha sürətli və daha çox çalışmaqdan ibarətdir. Yəni öncə işinə, sonra özünə vaxt ayırmaq tələb olunur. Buna görə də, ənənəvi yapon iş əxlaqi-"senyu koraku"( öncə mücadilə, sonra əyləncə)- Yaponiyaya xas kollektivist dəyərlər sistemi daxilində tənzimlənir.
Bundan başqa, R.Levin yazır ki, Yaponiyaya xas kollektivçilik topluma fokuslanır. Bir çox əməkdaş üçün bu toplumlardan ən önəmlisi, əlbəttə ki, çalışdıqları şirkətlərdir. İndividuallıq fərdi uğuru tamamilə şirkətin rifahı ilə ölçülən yapon işçisi üçün yad anlayışdır. Topluma sədaqət və bağlılıq Yaponiyada seçim deyil, məcburiyyətdir. Roman yazarı Yukio Mişima "Günəş və Polad" adlı əsərində bu kollektivist şəxslərin kim olduğunu izah etməyə çalışmışdı: Toplum kəlmələrin əsla ortaya çıxara bilməyəcəyi şeylərlə- tər, gözyaşı, sevinc və ağrı qışqırıqları ilə əlaqəlidir. Əgər daha da dərinə getsəniz, kəlmələrin əsla axıtmayacağı qanla əlaqəlidir...bunun fərqinə vardım ki, yalnız toplum şəklində toplumun acısını paylaşmaqla vücut insanın təkbaşına çata bilməyəcəyi bir yüksəkliyə çıxar.
İnsanın şirkətlə qaynayıb qarışması hər yerdə görülür. Yaponlar şirkətkərinin uğurları üçün çalışır və sonra şirkətlərinin uğurunu şəxsi uğuru kimi qəbul edir. "Gündoğar" ölkədə geniş yayılmış sloqan da var: "Siz qazanmasanız da, kollektiviniz qazana bilər". Yəni Yaponiyada hər hansı bir fərd ailəsinə bəslədiyi hissləri kollektivinə bəsləyir. Yaponlar bunun metafora olmadığını deyirlər. Araşdırmalar da bunu təsdiqləyir. Bu bağlılıq qarşılığında işçilər xidmət etdikləri toplumun daimi olaraq şərtsiz dəstəyini və etibarını qazanırlar. Yaponiyanın sabiq nəqliyyat naziri Yoşia Ariyoşi bununla bağlı belə deyir: "Həyatın əvvəli amerikalı və yaponlar üçün fərqlidir. Amerikada, anladığm qədəri ilə, uşaq kimliyinin müstəqilliyini haqq etmələri üçün cəsarətləndirilir. Yaponiyada isə öyrəndiyiniz ilk şey topluma uyğunlaşmaqdan ibarətdir. Bu uyğunlaşma qarşılığında isə insanlar sizə qarşı nəzakətli davranırlar. Heç bir şey üçün rica etməyinizə lüzum yoxdur. İstəkləriniz siz onları istəmədın yerinə yetiriləcək. Uşaq vaxtlarında yaxşı olmusunuzsa və narahatlıq doğuran istəkləriniz yoxdursa, insanlar sizi əzizləyəcəklər.
Əksər yapon üçün, xüsusilə də kişilər üçün ən önəmli dəstək qrupu çalışdıqları şirkətlərdir. Universitet məzunları gələcək iş yerlərini-şirkətləri həyat yoldaşları kimi diqqətlə seçirlər. Evlilik kimi şirkətlə əlaqənin də ömür boyu olması məqsəd kimi qarşıya qoyulur. Yapon çalışanlarıın ənənəvi olaraq ömür boyu faydalandıqları maliyyə və iş güvənliyi haqqında çox yazılır. Amma yaponlar üçün önəmli olan mənəvi, duyğusal dəstəkdir. Məsələn, işçilərdən biri xəstələndiyində şirkət evə həkim göndərməklə kifayətlənmir, rəhbərin kədərini bildirmək üçün xəstəni ziyarət də edir. Bu məsələdə hətta ifrata da varılır. Məsələn, Kyoto Ceramic şirkətinin işçiləri və ailələri üçün toplu məzar satın aldığı deyilir. Çalışanlarının ölümdən sonra da "yalnız hiss etməyəcəklərindən" əmin olmaq istəmişdilər.
Xüsusilə kişi əməkdaşları üçün iş yoldaşları iş gününün bir parçasını formalaşdıran insanlar deyil, onlar həm də tənhalığı nadir bir problem halına gətirəcək şəkildə, insanın sosial dünyasının hardasa tamamını təşkil edirlər. Bundan başqa, hər hansı bir yapon iş yoldaşlarının iş yükündən payına düşəni daşıdığını bilməkdən xoşbəxtlik duyar. Qrupla və qrup üçün çalışmaqla şirkətdəki təzyiq iş yoldaşları arasında bölüşülür. Yekunda yapon işçilər, ümumilikdə, Qərbdə çox çalışmağı müşayiət edən stressin böyük hissəsindən uzaq durmaq imkanı qazanırlar. Qərbdən fərqli olaraq, sosial uyğunlaşmanın ən hörmətli sosial dəyər kimi qəbul edilən Yaponiyada rəqabətin və təcavüzkarlığın çox az yeri var. Qərbdə rəqabətə inkişafa təkan verən faktor kimi baxırlar. Ancaq Yaponiyada rəqabət sözünün belə, dəqiq tərcüməsi yoxdur.
R.Levin yazır ki, araşdırmaçılardan biri yaponların rəqabətə münasibətlərini öyrənmək istəyən zaman xeyli təəccüblənmişdi. Ona görə ki, yaponlara verilən "İşdə rəqabəti bəyənirsinizmi? sualının tərcüməsinin "İşdə nəzakətsizliyi bəyənirsinizmi? kimi olduğunu öyrənmişdi. Yaponiyada "təcavüzkarlıq", "rəqabət" və "inadkarlıq" kimi sözlərin tərcüməsi çətindir. Yaponlar bununla bağlı deyirlər: "Yapon dilində "təcavüzkarlıq" kəlməsi "hücum" anlamına gələn "kiugeki sei" şəklində tərcümə edilir. Hər hansı bir şəxs "kougeki sei" olaraq tərif edildiyində o şəxsin ya düşmən, ya da pis xasiyyətli olduğu düşünülür. Çox mənfi eyhamı var. Qərbdə isə aqressivliyin "inadkarlıq"da olduğu kimi, pozitiv ehyamı da var. Amma inadkarlıq yaponcaya tərcümə edilməsi çətin kəlmədir. Qərbli uşaqlara öyrədilir ki, "Diləyin, sizə veriləcək". Uyğun şəkildə sosiallaşan yapon inanır ki, səssiz olduğunda istəkləri də gələcək.
Görüldüyü kimi, rəqabətçi düşmənçilik və əsəb çox çalışmaqda və Yaponiyanın yüksək yaşam sürətində çox az rol oynayır. Ancaq Qərbdə bununla bağlı mənzərə tam başqadır. Qərb mədəniyyətində sürət və zaman, eynilə rəqabət və düşmənçilik arasında incə bir cizgi var.
Ardı var
Səbuhi MƏMMƏDOV
XQ