Çilinin şimalında yerləşən Atakama səhrasında nadir təbiət hadisəsi baş verib – bölgəyə qar yağıb. Bu barədə dünyanın aparıcı astronomik mərkəzlərindən biri olan ALMA (Atacama Large Millimeter Array) rəsədxanası X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
“İnanılmazdır! Dünyanın ən quraq səhrası olan Atakama qarla örtülüb!” – rəsədxananın paylaşımında bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu hadisə son on ildə ilk dəfədir müşahidə olunur.
Quraqlığın simvolu – Atakama səhrası
Atakama səhrası Yer kürəsinin ən quraq bölgəsi hesab olunur. Səhranın bəzi hissələrində ildə orta yağıntı 15 mm-dən də azdır, bəzən isə onilliklərlə yağış düşmür. Yerli iqlim o qədər quraqdır ki, bəzi bölgələrdə bitki örtüyü və heyvanat aləmi demək olar ki, mövcud deyil.
Səhranın bəzi hissələri o qədər quru və ölüdür ki, NASA burada Mars səthini modelləşdirmək və test aparmaq üçün sınaqlar keçirir. Məhz bu ekstremal şərait Atakama səhrasını həm elm adamları, həm də ekoloqlar üçün unikal təbii laboratoriyaya çevirir.
Duman kollektorları – həyatın mənbəyi
Çətin iqlim şəraitində yaşayan yerli əhali “duman kollektorları” adlanan xüsusi qurğulardan istifadə edir. Bu qurğular insan boyunda dik dayanmış, neylon saplardan ibarət torlu divarlardan ibarətdir. Onlar atmosferdəki su buxarını tutaraq kondensat şəklində maye halına gətirir. Belə kollektor bir gündə təxminən 18 litr su toplaya bilir. Bu texnologiya həm davamlılıq, həm də iqlimə uyğunlaşma baxımından önəmli hesab olunur.
Astronomiyanın cənnəti
Buludsuz və quru hava Atakama səhrasını astronomik müşahidələr üçün ideal məkana çevirib. Burada yerləşən ALMA rəsədxanası — dünyanın ən iri və ən bahalı millimetr dalğa teleskop kompleksi — kainatın mənşəyi və uzaq qalaktikaların tədqiqi üçün mühüm rol oynayır. 5000 metrə yaxın yüksəklikdə yerləşən bu rəsədxana Yerdəki ən yüksək elmi obyektlərdən biridir və burada illik müşahidə vaxtı demək olar ki, fasiləsizdir.
Qar niyə yağıb?
Qar yağışı El Niño fenomeni və ya Sakit okean üzərindəki atmosfer anomaliyaları ilə əlaqədar ola bilər. Belə hallarda müvəqqəti rütubət artımı və temperatur dəyişmələri hətta səhralarda belə qeyri-adi hava hadisələrinə yol açır. Bu, həm də iqlim dəyişikliyinin ekstremal təzahürləri barədə xəbərdarlıq siqnalı kimi də dəyərləndirilir.
Hazırladı:
S.ELAY
XQ