Almaniya hökuməti, görünür, artıq "Eurofighter Typhoon" təyyarələrinin Türkiyəyə planlaşdırılmış satışına qarşı deyil.
Bu barədə Almaniyanın “Handelsblatt” nəşri yazır.
Nəşrin yazdığına görə, kansler Fridrix Mertsin rəhbərlik etdiyi yeni hökumət siyasi mülahizələri əsas gətirərək Türkiyəyə "Eurofighter"lərin satışına qarşı çıxan Olaf Şoltsun əvvəlki koalisiya hökumətindən fərqli olaraq, silah ixracı məsələsində daha mülayim mövqe tutacaq.
Handelsblatt-ın məlumatına görə, Almaniya hökuməti və müdafiə sənayesindəki mənbələr ixrac müqaviləsinin tezliklə təsdiqlənə biləcəyini bildiriblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda NATO-nun Haaqa sammiti çərçivəsində kansler Mertslə görüşüb.
Prezident Ərdoğan NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında "Eurofighter" ilə bağlı Böyük Britaniya və Almaniya ilə danışıqların konstruktiv keçdiyini bildirib.
Türkiyə bu ilin əvvəlində təxminən 40 ədəd "Eurofighter Typhoon" almaq üçün müraciət etmişdi.
Qırıcı təyyarə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya tərəfindən birgə hazırlanıb. Satışın davam etməsi üçün dörd tərəfdaş ölkə ixracı təsdiqləməlidir.
Türkiyə dəfələrlə Almaniyanı Ankaraya "Eurofighter" təyyarələrinin satışına qoyduğu qadağanı ləğv etməyə çağırıb.
S.ELAY
XQ