Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

post-img

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə əsasən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi Azərbaycanda 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunur.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sosial xidmət haqqında” Qanuna əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar.

Son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə layihəsi olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi yaşlı, ahıl şəxslərə önəmli dəstək olub. Layihə üzrə həmin şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 ahıl şəxs dövlət himayəsində yaşayır. Həmin müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahılların asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edilirlər. Artıq 2 ildir ki, ahıllar “Gimnastika hamı üçün” növü üzrə festivala qatılırlar və mükafatlar qazanırlar.

Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 4366 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib, onlardan 3980 nəfəri ahıl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Hazırda Gəncə, Qazax və Xaçmaz rayonlarında 3 günərzi qayğı mərkəzi fəaliyyət göstərir.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və s. ilə bağlı layihələr də həyata keçirilir.

Sosial həyat