İtaliya Yaxın Şərqdə regional gərginliyin azaldılmasını təcili və zəruri hesab edir. Bunu ölkənin baş naziri Giorgia Meloni İsrail ordusunun Livana hücumlarını şərh edərkən deyib. Məlumatı “Anadolu” verib.
Meloni müdafiə və xarici işlər nazirləri ilə daimi təmasda olduğunu və Livandakı “dramatik vəziyyəti” yaxından izlədiyini söyləyib: “Mülki əhalinin müdafiəsi və Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) bir hissəsi kimi xidmət edən İtaliya kontingentinin təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalır”.
Meloni əmin edib ki, İtaliya müttəfiqləri ilə İsrail və Livan sərhədində vəziyyəti sabitləşdirmək və məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün işləməyə davam edəcək.
“Regional deeskalasiya təcili və zəruridir və İtaliya G7-nin prezidenti kimi üzərinə düşəni etməyə davam edəcək", - deyə baş nazir bildirib.
P.ƏMİRCANOV
XQ