Azərbaycan xalqı haylarla dinc-yanaşı yaşamaq istəyir
Bakının xoşməramlı, sülhə yönəlik addımları müqabilində İrəvanın adekvat hərəkət etmədiyi göz qabağındadır.
Beynəlxalq platformalarda Azərbaycanla sülh sazişini dərhal imzalamağa hazır olduğunu bəyan edən Ermənistanın baş naziri, eyni zamanda, Qərbdən və Şərqdən silah-sursat tədarük edir, tərəfdarları ilə hərbi bloklar yaratmaq istiqamətində konkret addımlar atır. Rəsmi İrəvan siyasi riyakarlığını gizlətməkdən ötrü yüz üsula əl atsa da, artıq bunu gizlətmək mümkün deyil.
Azərbaycan bundan sonra Ermənistandan heç kimin ölkəmizə qarşı, eləcə də bölgədə sülhü təhdid edə biləcək revanşizm meyillərinə əl atmayacağına zəmanət istəyir. Onun bu zəmanəti verə bilməməyinin səbəbinin “haypərəst” Qərbin müxtəlif şirnikləndirici yollarla İrəvanı sülhdən yayındırmaq, Ermənistanda revanşizmi qızışdırmaq kimi məkrli planlarının olduğunu Bakı yaxşı bilir.
“Azərbaycanda təkcə erməni siyasi qüvvəsi ilə deyil, ümumiyyətlə, onların əsas axınında geniş yayılmış revanşizm hissi ilə bağlı narahatlıq var. “Tarixi Ermənistan” adı altında qonşu ölkələrin ərazilərinin işğalı ilə “böyük Ermənistan” yaratmaq anlayışı hələ də onların mentalitetindən silinməyib. Sanki bu gün Romada kimsə Roma İmperiyasının bərpa olunmasını iddia edir”.
Diplomatik nöqteyi-nəzərdən maraqlı, siyasi cəhətdən bu məntiqli açıqlamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından sayılan “La Repubblica” qəzetinə geniş müsahibəsində verib. O, müsahibəsində, həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesinin qarşısına çıxarılan maneələr, İrəvanın ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirməsi zərurəti, müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərini və intriqalarını təbliği cəhdləri, Qarabağ ermənilərinin geri qayıtması şərtləri barədə suallara ərtaflı və arqumentli cavablar verib.
***
Yazımızı sadaladığımız mövzular ətrafında yerli ekspertlərin rəyləri əsasında qurmağa çalışdıq. Onların açıqlamalarını oxuculara təqdim edirik. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzunu “XQ” üçün şərh edərkən bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT-dəki çıxışında Azərbaycanla qısa müddətdə sülh sazişinin imzalanmasında, o cümlədən, regional əməkdaşlıqda maraqlı olduğunu bildirib: “Azərbaycan da sülh və əməkdaşlıq istəyir. Ancaq bunun yolu Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasında və İrəvanın hücum xarakterli silahların alınmasından imtinadan keçir. Paşinyan isə konstitusiya dəyişikliyi məsələsini yubatmağa çalışdığı kimi Fransadan uzaqmənzilli raketlər almaqda davam edir. Bu, regional sülhə və əməkdaşlığa əsas əngəldir. Ona görə də Hikmət Hacıyevin “Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı”, – fikri Nikol Paşinyanın çıxış yollarından biridir. Ermənistan hücum xarakterli silahlar almaqdan əl çəkməklə yanaşı, hərbi bloklarda yer almaq hədəfindən də imtina etməlidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdikdən sonra Azərbaycan kimi hərbi bloklara qoşulmamaq siyasətini rəsmən elan etməlidir”.
“Kollektiv Qərb”in Ermənistana müxtəlif adlar altında, eləcə də şübhəli layihələrlə pərdələnərək göstərdiyi hərbi yardımlarının Cənubi Qafqazda sülhə və sabitliyə xidmət etmədiyini vurğulayan siyasi icmalçı Azərbaycan Prezidentinin köməkçisinin müsahibədə səsləndirdiyi “Ermənistanın hərbiləşdirilməsinin məqsədi nədir?” sualının ritorik olduğuna diqqəti çəkdi: “Həqiqətən Ermənistan Paşinyanın söylədiyi kimi, sülhə və regional əməkdaşlığa can atırsa, ABŞ və Fransanın silahlı qüvvələrinin niyə ölkəsində cəmləşməsinə şərait yaradır? Rusiyanın Ermənistanda hərbi bazasının çıxarılması nə qədər aktualdırsa, “monitorinq” adı ilə ABŞ və Fransa hərbi qüvvələrinin Cənubi Qafqaza gətirilməsi siyasətindən imtina bölgə üçün bir o qədər əhəmiyyətlidir. Avropa Sülh Fondu Ukraynaya dəstək məqsədilə təsis edilmişdi. Ancaq bu fond hazırda Ermənistan vasitəsilə Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirməyə çalışır. Paşinyanın bu siyasəti nə sülhə, nə də regional əməkdaşlığa xidmət edir, İrəvan sadəcə olaraq, “sahibini” dəyişməyə çalışır”.
***
Aydın məsələdir ki, Ermənistanı hərbiləşdirmək və bununla hay cəmiyyətində revanşizmə təkan verməklə geosiyasi səhvə yol verən “kollektiv Qərb”in bölgədə özəl maraqları var. Özlərini ermənilərin təəssübkeşi kimi qələmə verən bu düşərgə nə iki ölkə arasında sülhün tezliklə əldə olunmasında, nə də sərhədlərin müəyyənləşdirilməsində maraqlıdır. “Nə hərb – nə sülh” vəziyyətinin davam etməsi, bölgədə qeyri–sabitliyin ortadan qalxmaması onlar üçün strateji əhəmiyyət kəsb edir.
Hazırki mərhələdə qonşularına qarşı ərazi iddialarından əl çəkmək istəməyən Ermənistanın hərbi bloklara qoşulmasının onun üçün hansı fəsadlara səbəb ola biləcəyi barədə XQ-nin sualını cavablandıran politoloq Yeganə Hacıyevanın sözlərinə görə, dörd il əvvələdək Ermənistanın işğalçı dövlət kimi tanınırdı və o, kənar dəstəyin sayəsində tarixində yalnız bir dəfə qismən dövlətçilyə malik olub: “Bu da bölgədə qonşunun torpaqlarını işğal etməsi nəticəsində baş verib. Ermənistan cəmiyyətinin daxilindəki daşnak-revanşist, etnik-ideoloji qruplar indi qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməyiblər. Bu, sadəcə, Azərbaycana qarşı deyil, eyni zamanda, Türkiyəyə və Gürcüstana qarşı avantürist siyasətində özünü göstərir.
“Kollektiv Qərb”in dəstəyi ilə bu gün hərbi cəhətdən güclənməyə çalışan Ermənistanın bundan əvvəlki işğalın nəticələrinin ödəmədiyi halda belə utopik iddialarla çıxış etməsi bütün bölgədə sabitliyi pozur. 30 il ərzində 1 milyona yaxın Azərbaycan vətəndaşını bütün konstitusion hüquqlardan məhrum edən bu dövlət törətdiyi digər cinayətlərə görə də mütləq cavab verməlidir. Bu mənada ermənilərin üzərinə Azərbaycanın iqtisadiyyatına, ekologiyasına, mədəni irsinə vurduğu ciddi ziyanlara görə də məsuliyyət düşür.
İndi bu məsuliyyətdən boyun qaçırmağı bir yana qalsın, Ermənistan yeni hərbi ittifaqlara daxil olur. Ortaya məntiqli sual çıxır: cəmi dörd ildir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bu, o deməkdir ki, İrəvan son dörd ildə işğalçılıq siyasətindən əl çəkməyə məcbur edilib. Mövcud vəziyyətdə müəyyən qüvvələr Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda nəyə nail olmağa çalışrlar? Avropa İttifaqına üzv bəzi dövlətlərin, ABŞ və digərlərinin işğalçı Ermənistanı hansı niyyətlə silahlandırdığı bizə məlumdur. Amma Kaliforniyada yaşayan erməninin Azərbaycandan torpaq istəməsi hansı hüquqi məntiqlə izah oluna bilər?”.
Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi mülki müşahidə missiyasının həyata keçirdiyi şübhəli fəaliyyəti və onun bölgədə sabitliyə mənfi təsiri məsələsinə toxunan politoloq daha sonra bunları söylədi: “Azərbaycan tərəfi həmin missiyanın şərti sərhəd zolağında qısa müddətə yerləşməsinə razılığını vermişdi. Mülki missiyanın mandatı 2022-ci ilə qədər idi və onun missionerləri apardıqları monitorinqlərlə, guya, bölgədə sabit sülhün təmin edilməsinə töhfə verməli idilər. Amma sonrakı müddətdə onları sayı artırıldı və məlum oldu ki, missiyanın mandatının kvalifikasiyası tamamilə pozulub. Əllərində silah sərhədboyu ərazilərdə naməlum araşdırma aparan bu missiya, əslində, hərbi amilə çevrilib. İlkin məqsədlərindən fərqli olaraq, bu missiya başda Fransa olmaqla bölgəyə hərbi kontingent yeridiblər. Bu, artıq fərqli “status-kvo”nu formalaşdırır. Aİ bəzi üzv ölkələrin etimadından sui-istifadə edərək, faktiki olaraq, Azərbaycanı aldatmaqla məşğuldur. Misal üçün, Almaniyanın bu missiyada iştirakı üçün irəli sürdüyü şərt bölgədə yalnız sülhə, sabitliyə xidmət etməsi idi. Amma indi biz tamam fərqli mənzərəni müşahidə edirik”.
***
Bəli, fakt ondan ibarətdir ki, işğalçı Ermənistan son 30 ildə Azərbaycanla heç vaxt sərhəd qurmayıb. Bu azmış kimi, 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə götürdüyü öhdəliklərə saymazlıq göstərib, ərazilərimizi işğal edib, bizim torpaqlarda bizə qarşı istehkamlar qurub. İndi Fransa, ABŞ, Niderland kimi haypərəst ölkələr Azərbaycanı Ermənistanın ərazilərini işğalda ittiham etməkdənsə, sərhədlərin müəyyənləşdirilməsi məsələsini gündəmə gətirsinlər. İşğala məruz qalanla işğalçını dəyişik salmasınlar. Prezidentin köməkçisinin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə, əmlaklarının dağıdılmasına məruz qalan azərbaycanlılar olub: “Otuz ildən sonra doğma yurdlarına qayıdan azərbaycanlı məcburi köçkünlər üçün evlərini, qəbiristanlıqlarını dağıdılmış, ərazini minalanmış vəziyyətdə görmək asan deyil”.
H.Hacıyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində yadda qalan digər vacib məqam Birinci Qarabağ müharibəsində dörd min azərbaycanlının itkin düşdüyü və onların taleyindən bugünədək səs-sorağın olmadığının ardınca dediyi bu fikirlər idi: “Ancaq biz daha çox inam qazanmaq və hələ də açıq olan çoxsaylı yaraların öhdəsindən gəlmək üçün gələcəyə baxmalıyıq”.
Burada söhbət bölgənin bütün ölkələrinin və xalqlarının dinc və xoşbəxt gələcəyindən gedir...
İmran BƏDİRXANLI
XQ