Avropa İttifaqının siyasi hoqqabazlıq nümunəsi – Stano

post-img

Yaxud ağlına gələni gözünü qırpmadan danışmaq “bacarığına” sözardı

Həyasızlıq. Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stanonun “Armenpress”ə müsahibəsində Azərbaycanla, ümumən, Cənubi Qafqazda sülh prosesi ilə bağlı bildirdiklərini ancaq belə adlandırmaq mümkündür. Tam əminliklə deyə bilərik ki, indiki məqamda Stano Qərb siyasətindəki riyakarlığın və ikiüzlülüyün ən bariz obrazıdır.

Əslində, Aİ rəsmisinin qeyri-standart, qeyri-adekvat fikirlər səsləndirməsi ilk dəfə deyil. Onun bundan əvvəl də belə demək mümkünsə, bacarıqlı ermənipərəst rolundakı çıxışları az olmayıb. Görünür, mövcud istiqamətdə daha “irəli” getməyi düşünüb. Adama heyfimiz gəlir. Obrazlı desək, yeriyəndə qarşısına baxmır. İraq olsun, gedib özünü stolbaya çırpacaq, başı-gözü dağılacaq.

Yəni, Stano haqqında söz açdığımız aqibətə doğru inamla addımlayır. Ancaq fəlakət ondadır ki, vəziyyətdən xəbərsizdir. Bu xəbərsizlik isə bütövlükdə Aİ-nin və Avropanın özünü mütərəqqi adlandıran, ali dəyər və prinsiplərin qorunmasına xidmət etdiyini açıqlayan institut və təsisatlarının yaşadıqları böhran, əsl faciədir. Stano kimi təfəkkür sahiblərinin “köhnə qitə”ni deqradasiyaya doğru apardıqları şübhəsizdir.

Əlqərəz, P.Stano bildirir ki, Aİ Azərbaycanın təhlükəsizliyinə dəstəyi artırıb və qurum ölkəmizə minadan təmizləmə işlərini gerçəkləşdimək naminə ən çox yardım edən donordur. Sən demə, Aİ 2020-ci ildən indiyədək bu məqsədlə 13 milyon avro vəsait ayırıbmış və əlavə də 10 milyon avro ayıracaqmış. İndi bu minnətin qarşılığında nə deyək? Deyək ki, onun təmsil olunduğu Aİ-yə daxil olan ölkələr Azərbaycanın qazına möhtac durumdadırlar? Düz olmur axı belə demək. Çünki qazı avropalılara pulsuz satmırıq. Ancaq Aİ də bizə boş yerə vəsait ayırmır. Əslində, üst-üstə 23 milyon, Aİ-nin Ermənistana ayrıdığı yardımların yanında çox kiçik rəqəmdir. Məsələ barədə söz açacağıq.

Bəli, P.Stano abırsızcasına deyir ki, Azərbaycanın Ermənistanın millitarizasiyası ilə bağlı bildirdikləri əsassızdır. Birincisi, iddialarımız əsassız deyil, Ermənistan silahlanır, özü də sürətlə. İkincisi, lap tutalım, vəziyyət Stanonun dediyi kimidir. Başa düşmək olmur, Aİ rəsmisi İrəvanın vəkilidir? Digər tərəfdən, bəlkə Aİ-nin Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində “lövbər salmış” mülki müşahidə missiyası bir işə yarayıb? Nədir bu missiyanın faydası? Müşahidəçilərin gördükləri leqal işin təfərrüatları ilə bağlı hansısa ağlabatan izah varmı? Missiyanın hesabatındakı ayrı-ayrı məqamların təhlili belə deməyə əsas verir ki, onun üzvlərinin işi-peşəsi avtomobillərdə sərhədin bir başından, o biri başına yol getməkdir? Bununla əlaqədar rəqəmlər açıqlanmışdı. Sən demə, “misssiyaçılar” il ərzində üst-üstə 50 min kilometrdən çox yol sürüblər. Görəsən, Ermənistan ərazisi bunlar üçün safari turunun gerçəkləşdirildiyi məkandır? Bəlkə ralli yarışı meydançasıdır? Bu cür fəaliyyət göstərmək, hesabat, yaxud hesabatlılıq olar? Təbii ki, olmaz...

Əlbəttə, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasında yer alanlar hərbçilərdir. Onların məqsədi kəşfiyyat məlumatları toplamaqdır. Ora-bura maşın süməklə bağlı bildirilənlər isə gözdən pərdə asmaqdır. Bəlkə, Stano gəncdir, belə şeylərdən xəbəri yoxdur. Xəbəri yoxdursa, onun diqqətinə çatdıraq ki, Aİ-nin mülki müşahidə missiyası Cənubi Qafqazda gərginlik yaratmağa hesablanmış təsisatdır. O təsisat ki, onu müəyyən mənada ATƏT-in vaxtilə mövcud olmuş, hazırda canını tapşırmış Minsk qrupuna çevirmək istəkləri var. Amma regionda siyasi missionerlik cəhdləri alınmır. Azərbaycan buna imkan tanımır və tanımayacaq da.

Stanonun diqqətinə bir məqamı da çatdıraq ki, hazırda Ermənistanın özündə ölkə iqtidarından başqa heç kəs Aİ-nin sərhəddəki missiyasının fəaliyyətindən razı deyil. Erməni millətçiləri hesab edirlər ki, sözügedən təsisat erməni avantürizminin qorunması baxımından heç bir əməli iş görmür. Hətta revanşist və şovinistlərin bəziləri missiyanı Azərbaycana işləməkdə də günahlandırırlar. Yaxşı olar ki, Stano bunlardan da xəbər tutsun və bilsin ki, Ermənistan hakimiyyəti müşahidəçilərin fəaliyyətini yalnız candərdi müsbət qiymətləndirir. Paşinyan və komandasındakılar nə etsinlər? Fransa Prezidenti Emmanuel Makronun Ermənistana doldurduğu siyasi misionerlərin bir qəpiyə yaramadığını bildirsinlər? Axı reallığı dilə gətirməzlər.

P.Stano, eyni zamanda, deyir ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının üzvləri silahsız mülki şəxslərdir və məqsədləri regionda sülh yaratmaqdır. Birincisi, praktik baxımdan düşünək: Silahsız adamlar necə sülh yaradacaqlar? Bir-birinə atəş açan tərəflərə deyəcəklər ki, dalaşmayın? İkincisi, lap tutalım, müşahidəçilərin məqsədləri sülh yaratmaqdır. Ötən iki ildə bunu etdilərmi? Erməni silahlı birləşmələri dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bir dəfə həmin missiya bildiribmi ki, bu hal yolverilməzdir? Xeyr! Çünki məqsəd Ermənistanı qorumaqdır. Yeri gəlmişkən, heç onu da edə bilmirlər. Stano getsin, erməni anarxistlərin müxtəlif sosial şəbəkə profillərində missiya üzvlərinə ünvanladıqları “xoş sözlərə” nəzər salsın. İstəsə, həmin sözlərdən özünə pay da götürə bilər...

İndi isə keçək P.Stanonun fikirlərindəki təzada. Əvvəldə diqqətə çatdırdıq ki, Aİ rəsmisi Azərbaycanın Ermənistanın millitarizasiyası ilə bağlı iddialarının, guya, əsassız olduğunu bildirib. Maraqlıdır ki, bu adam müsahibəsinin başqa bölümündə fərqli fikirlər səsləndirib. Məsələn, o deyib ki, Ermənistan suveren ölkədir və özünün müdafiə potensialı üzərində müstəqil şəkildə işləmək və tərəfdaş seçmək ixtiyarındadır. Yəni, bu adam, faktiki olaraq, inkar etdiyi silahlanmanın mövcudluğunu təsdiqləyir.

Ancaq P.Stanonu bir mənada haqlı saymaq olar. O bildirir ki, əgər siyasi iradə saxlanılsa, Azərbaycanın intensiv hərbi əməkdaşlığı sülh prosesinə maneçilik törətmir. Göründüyü kimi, bu adam Ermənistanın sürətli silahlanmasına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Təxminən belə: Ermənistan silahlanırsa, Azərbaycan da silahlansın. Deyəsən, Aİ rəsmisi çox ağıllıdır...

Birincisi, Stanonun Azərbaycanın hərbi əməkdaşlığı ilə Ermənistanın silahlanmasını eyniləşdirməsi absurddur. Çünki ikinci otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti həyata keçirib. İndiki durumda ona münasibət Hitler Almaniyasına olan münasibət kimi olmalıdır. Hərçənd, nə Stano, nə də bu şəxsin ağaları belə düşünürlər. Onlar Birinci Dünya müharibəsindən sonra Almaniyanın bəsləyənlərin, faşizm bəlasını bəşəriyyətin başına açanların getdikləri yolla gedir, Ermənistanı region üçün təhlükə mənbəyinə, təhdid alətinə çevirirlər. Məsələ bu qədər sadədir.

P.Stano onu da deyir ki, Aİ 2024-cü ilin iyulunda böhran durumlarında mülki əhalinin qorunmasının gücləndirilməsi üçün Ermənistana 10 milyon avro vəsait ayırıb. Cəmi bir ayda 10 milyon avro. Yəqin, təsəvvür edirsiniz, bu nə deməkdir. Stano, gərək, dörd ildə Azərbaycana ayrılmış 10 milyon avrodan heç danışmasın. Üstəlik, nəzərə alaq ki, İrəvana ayrılmış vəsait erməni silahlı qüvvələrinin maddi-texniki imkanlarının möhkəmləndirilməsinə xidmət edir. Stano isə vurğulayır ki, bu, Ermənistana silah verilməsi kimi qiymətləndirilə bilməz. Həyasızlıq olar, ta bu qədər yox. Necə deyərlər, Həsən keçəl, keçəl Həsən.

Amma həyasızlıq təkcə Stanonun ayağına yazılan xüsusiyyət deyil, bütövlükdə Aİ bununla bağlı məsuliyyət daşıyır. Görəsən, indiyədək qurum belə təyinatlı yardımı hansısa ölkəyə göstərib və ya ümumiyyətlə göstəribmi? Həqiqətən, çox ağla gəlməz şeydir. Aİ belə rüsvayçı yardım formasına görə utanmalıdır. Ancaq son dərəcə abırsız təsir bağışlayan Stanonu sırf müharibə təhlükəsi yaratmağa xidmət edən addımı əsaslandırmaq, ona leqal obraz qazandırmaq üçün qabağa verirlər. Aydındır ki, adamın dilə gətirdikləri əsaslandırma yox, sərsəmləmədir, mütərəqqi dəyərləri ayaqlar altına atmaqdır. Hələ Stano bildirir ki, bəs Aİ-nin ayırdığı pulla alınan hərbi texnika, guya öldürücü deyil, müdafiə xarakterlidir. Bir el misalımızda deyildiyi kimi, utanmasan, oynamağa nə var ki?!

Utanmazlıq və həyasızlıq nümayişindən sonra P.Stano onu da bildirir ki, Aİ Azərbaycanla Ermənistan arasındakı nizamlama prosesində tərəfsizdir. Bir ölkənin pulsuz silahla təminatına kömək göstərmək tərəfsizlikdirsə, onda Stano da Aİ rəsmisi yox, Roma papasıdır. Guya ki, bəşəri prinsiplər yerinə yetirirlər. Görəsən, Stano və Aİ-dəkilər anlayırlarmı ki, Azərbaycana minaların təmizlənməsi üçün vəsait ayırmaqla, Ermənistanın silahlı qüvvələrinə əhalinin müdafiəsi adı altında pul vermək tamam ayrı-ayrı şeylərdir. Birinci halda qurum mütərəqqi missiya yerinə yetirir, mina terroru kimi bəşəri bəlanın qarşısını alır, ikinci halda isə bəla üçün şərait yaradır. Budurmu tərəfsizlik? Ən sonda da Stano deyir ki, Aİ Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olması məqsədilə göstərilən səylərə sadiqdir. Qətiyyətlə deyə bilərik ki, Aİ Cənubi Qafqazda müharibə ocağının yaranması üçün reallaşdırılan bütün ambisioz addımların dəstəklənməsinə sadiqdir. Stanonun müsahibəsi isə bu “dəst-xəttin” dolğun çalarlarla vurğulanmasıdır. Başqa heç nə...

Ə.CAHANGİROĞLU
XQ



Siyasət