Qlobal innovasiya indeksində ölkəmizin mövqeyi yüksəlib

post-img

Ölkəmiz 133 ölkə arasında 15-ci yerdə qərarlaşıb

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 133 iqtisadiyyatı əhatə edən 17-ci Qlobal İnnovasiya İndeksində ölkəmiz “Biznes mühiti” indikatoru üzrə 2 pillə irəliləyərək 15-ci yerdə qərarlaşıb.

İnnovasiyalar və biznesin inkişafı üçün əlverişli mühitin mövcudluğunu ifadə edən bu göstəricisi ilə Azərbaycan həm də bir çox region dövlətlərini qabaqlayaraq “biznes siyasətinin sabitliyi” alt-indikatorunda isə 3 pillə irəliləyərək 19-cu sırada mövqeyini möhkəmlədib. “Biznesin inkişafı” indikatoruna görə ölkəmiz 67-ci pillədə yer alıb.

Azərbaycan “Bilik və texnoloji nəticələr” indikatoru üzrə patent alt indikatorunda 13 pillə (50-ci yer) irəliləyib. Qlobal İnnovasiya İndeksinin ekspertlərinin fikrincə, bu nəticə Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir. Bundan əlavə, respublikamız Patent Əməkdaşlığı Müqaviləsi vasitəsilə təqdim edilən patentlərin sayına görə keçən illə müqayisədə 15 pillə irəliləyərək 72-ci, faydalı model patentlərinin sayına görə isə 49-cu yerdə qərarlaşıb.

“Əmək məhsuldarlığının artımı” indikatorunda Azərbaycan 34 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb. Bu, sənaye və istehsalatda qabaqcıl texnologiyaların tətbiqi, əqli əməyin inkişafı, işçilərin ixtisasının artırılması və digər bu kimi tədbirlər sayəsində mümkün olub.

Respublikamız, həmçinin “Yaradıcı fəaliyyətin nəticələri” indikatorunun əmtəə nişanı alt indikatorunda 17 pillə irəliləyərək 49-cu yeri tutub. Bu göstəriciyə görə ölkəmiz regionun bir çox ölkələrini qabaqlayıb.

Qeyd edək ki, sözügedən indeks innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən, təxminən, 80 indikator əsasında tərtib olunub. Təhlili aparılan indikatorlarda qanunvericilik, elm və təhsil, bazar, biznes, infrastruktur kimi məsələlərin inkişaf göstəriciləri diqqətə çatdırılıb.

Qlobal İnnovasiya İndeksinin 2024-cü il üzrə lideri İsveçrədir. İndeks üzrə ilk beşliyi İsveç, Amerika Birləşmiş Ştatları, Sinqapur və Böyük Britaniya tamamlayır. İlk onluqda növbəti yerlərdə Koreya, Finlandiya, Niderland, Almaniya və Danimarka qərarlaşır. Çin reytinqdə 11-ci yeri tutur. Azərbaycan isə 95-ci yerdədir.

 

İqtisadiyyat