Müasir Azərbaycan tarixinin çox ağır və kəşməkəşli dövründə Heydər Əliyev, sanki, bir Tanrı vergisi kimi Vətənin köməyinə yetişdi. 1993-cü ilin iyununda siyasi hakimiyyətə qaydan görkəmli dövlət xadimi düz on il sərasər dinclik bilmədən, bezdim, yoruldum demədən ömrünün hər anını xalqına həsr etdi. Onun fədakar əməyi diletant, vəzifə görməmişlərinə anlatdı ki, ölkənin, dövlətin taleyi eksperiment meydanı deyil, idarəetmə çox ciddi elmdir.
Xalqın etimadını doğruldaraq ölkəni uçurumdan qurtarmaq, əhalini ümumi bir amal ətrafında birləşdirərək həmrəyliyə nail olmaq, yeni ictimai-siyasi düzənə uyğun dövlət institutlarını bir-bir qurub möhkəmləndirmək, hökumət strukturlarını ali məqsədə doğru yönəltmək, dirçəliş strategiyasının nəzəri əsaslarını hazırlayıb, darmadağın olmuş iqtisadiyyatı inkişaf relsləri üzərinə keçirtmək, zəruri hüquqi bazanı yaratmaq... və daha neçə-neçə mühüm işləri görmək üçün müdrik şəxsiyyət heyrətamiz əzmlə, əzəmətlə, uzaqgörənliklə, sarsılmaz iradə və bacarıqla çalışdı. Sıravi dövlət qulluqçusu olaraq bütün bunların şahidi olmaq, böyük quruculuq işlərini yaxından müşahidə edə bilmək imkanı mənim üçün nə qədər şərəfli idisə, bir qələm adamı kimi, bir o qədər maraqlı və faydalı idi.
Qeyd etdiyimiz kimi, Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı dönəmdə ölkədə vəziyyət son dərəcə qəliz idi. İmperiya asılılığından yeni qurtulmuş gənc müstəqil respublikanın qarşısında yığılıb qalmış saysız-hesabsız ictimai, siyasi, iqtisadi, mədəni, sosial problemlər dağ kimi dururdu. 1988-ci ildən sonra ard-arda “şahlıq quşu”nun gətirdiyi hüdudsuz hakimiyyət eyforiyasında təsadüfi idarəedicilərin qoyub getdiyi dağıntılar altında biçarə Vətən ağır-ağır nəfəs alırdı. İctimai-siyasi sahələrdə başıpozuqluq, yeni şəraitə uyğunlaşa bilməyən fabrik-zavodlarda istehsalın minimum həddə enməsi, əhalinin sosial qayğıları, işsizliyin tüğyan etməsi, qaçqın və məcburi köçkünlərin problemləri ümumi böhranı daha da dərinləşdirmişdi.
Sovet dövründən qalma nəhəng sexlər, paslı dəzgahlar, dəmir sobalar, kranlar, maşın-mexanizmlər ancaq “metalloma” yarayırdı. Fürsətdən istifadə edən işbazların polad dəmir yolu xətlərini, mis elektrik məftillərini söküb xaricə satmaları da iqtisadi vəziyyətə təsiri göstərirdi. Ən ciddi çətinlik isə əlbəttə, keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı idi... Bütün bu irimiqyaslı çətinliklərin aradan qaldırılması ilə üzbəüz qalan yeni iqtidar məhz Prezident Heydər Əliyevin müdrik idarəçiliyi sayəsində ölkəni addım-addım uçurum kənarından xilas etdi, öləziyən həyatı dirçəltdi.
O ağır günlərdə xalqın və dövlətin min bir qayğısını təkbaşına Antey qüdrəti ilə öz çiyinlərinə götürən təcrübəli dövlət xadimi eynən 70-80-ci illərdə olduğu kimi, gecəli-gündüzlü son dərəcə gərgin qrafiklə işləyirdi.
1993-1997-ci illər müstəqilliyimizin qorunması və dövlətçiliyin xilası baxımından ən ağır dövrlər idi. Dörd bir yandan zəngin Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən xarici qüvvələrin aramsız təsir və təzyiq cəhdlərinin qarşısını almaq heç də asan deyildi. Bunun üçün böyük səriştə, təcrübə və uzaqgörənlik tələb olunurdu. İctimai-siyasi proseslərlə yanaşı, Prezident ölkənin iqtisadi, maliyyə və təsərrüfat həyatı ilə bağlı işlərə də diqqət ayırırdı. Vəziyyətə şəxsi nəzarət üçün vaxtaşırı Nazirlər Kabineti aparatının, nazirlik, komitə və baş idarə rəhbərlərinin iştirakı ilə geniş müşavirələr keçirir, aktual məsələlər ətrafında ciddi müzakirələr aparır, tapşırıq və tövsiyələrini verirdi.
Yeni şərait idarəetmədə də yeni üsullar tələb edirdi. Totalitar hakimiyyətin qapalı idarəçilik sisteminin özünü doğrultmadığını hamıdan yaxşı bilən siyasət qrossmeysteri yeni demokratik iş üslubuna üstünlük verirdi. Və hər kəsdən də demokratik düzənə uyğun, tam aşkarlıq şəraitində fəaliyyət göstərməyi tələb edirdi. Prezident Aparatının (indiki Administrasiya) böyük iclas zalında keçirdiyi geniş tərkibli müşavirələrdə bütün məsələlər açıq müstəvidə müzakirəyə çıxarılırdı. Məlum olurdu ki, əvvəlki dövrlərdən yığılıb qalan problemlərə insan faktoru səbəbindən arabir yeniləri də əlavə edilir. O müşavirələrdə müzakirəyə həlli vacib mühüm məsələlər çıxardılırdı:
– Ölkə daxilindəki gərgin ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi;
– hökumət aparatında zəruri kadr dəyişikliklərinin aparılması;
– sənayenin durumu, işsizlik və ağır maliyyə-kredit məsələlərinin həlli;
– qaçqınlar üçün nəzərdə tutulmuş humanitar yardımlar, onların uçotunda və bölüşdürülməsində rast gəlinən mənfi halların aradan qaldırılması;
– investisiya mühitinin gücləndirilməsi;
– özəlləşdirmə prosesindəki mürəkkəbliklər;
– milyardlarla manat dəyərində (o illərdə inflyasiya çox yüksək idi) satılmayan, illərlə anbarlarda yığılıb qalan sənaye və kənd təsərrüfatı məhsullarının aqibəti...
Ölkənin bu vəziyyətində, üstəlik, bəzi işçilərin neqativ hallara yol verməsi Prezident tərəfindən ümumi iclaslarda kəskin tənqid və tənbeh edilir, təqsirkarlar ciddi cəzalandırılırdı. Dövlət başçısını ən çox narahat edən məsələ - özünü doğrultmayan kadrların etimaddan sui-istifadə etmələri idi. Belələrinin əməlləri barədə tam aşkar şəkildə açıqlanan faktlar auditoriyadakı dövlətə və qanuna sadiq kadrlarda təbii heyrət və hiddət doğururdu.
Aradan 30 ilə yaxın vaxt keçdiyini və həyatımızın çox irəli getdiyini nəzərə alaraq, o dövrün ağır iqtisadi mənzərəsini cızmaq və keçmişdən qalma necə miraslara qarşı mübarizə aparıldığı, hansı zəhmətlər bahasına nizam-intizama, qanun-qaydaya, sabitliyə, inkişafa nail olunduğu barədə müəyyən təsəvvür yaratmaq üçün, Prezidentin yanında keçirilən müşavirələrdə adı ilə, ünvanı ilə səslənən açıq faktlardan bəzilərini ümumi şəkildə olsa da xatırlatmaq mövzumuzun kontekstində yerinə düşər:
– Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki şərab zavodlarında hökm sürən əliəyrilik halları...
– Rayon neft bazalarında milyardlarla manat dəyərində oğurluq faktları...
– Ən çox gəliri olan qurumlardan birinin dövlətə yüz milyard manata yaxın borcunun yığılıb qalması...
– Toplanan vergilərin müəyyən faizinin büdcəyə daxil edilməməsi...
– Özəlləşdirmədən gələn vəsaitin bir hissəsinin banklara oturdulmaması...
– Respublikanın bir şəhərində təmir-bərpa işlərinə on milyardlarla manat pul silindiyi halda, müəllimlərə və həkimlərə maaşların verilməməsi...
– Ölkədəki ümumi qıtlıqdan şəxsi mənfəəti üçün rayonların icra hakimiyyəti başçılarından birinin mağazalarda toyuq ətinin 1 kiloqramını 50 min manata yaxın fantastik qiymətə satışa çıxartması...
– Başqa bir rayonun icra başçısının qaçqınlara ayrılan vəsait hesabına 130 milyon manata minik avtomobili alması...
– Ehtiyac olmadığı halda, bir idarə rəhbərinin satış üçün xaricdən Azərbaycana 10 milyon dollarlıq adi içməli su alıb gətirməsi...
– Başqa bir idarə rəhbərinin 100 milyon dollara xaricdən vaxtı keçmiş xarab uşaq yeməkləri alıb gətirməsi... və s. və i.a.
Bəli, ölkənin, xalqın və dövlətin aqibətini deyil, yalnız öz mənafeyini güdən meşşan təbiətli, cahil kəslər hər zaman olub və var. O ağır vəziyyətlərdə heç nəyə məhəl qoymadan belə miskin hallara yol verənlər aşkarlandı. Və qlobal miqyaslı siyasi proseslərlə, Qarabağ münaqişəsi kimi mürəkkəb, dolaşıq məsələlərlə, hərbi quruculuq işlərilə, sosial-mədəni sahələrin qayğıları ilə yanaşı, Prezident bu cür neqativlərlə mübarizəyə də vaxt və enerji sərf etməli olurdu. Müharibə vəziyyətində olan ölkəyə miras qalmış cəmi bir neçə milyon manatlıq kasıb dövlət büdcəsindən çıxan hər manatın hesabı soruşulurdu. İndiki milyardlarla dollarlıq büdcəyə malik zəngin ölkənin təməlini qurub-yaratmaq naminə dövlət başçısı aşkarlanan hər mənfi hala dərhal adekvat reaksiya verir, adətən yerindəcə, elə iclas zalında, mətbuatın və ictimaiyyətin qarşısında ciddi ölçü götürürdü. Nazirlik, komitə və baş idarələrdə köhnədən yuva salmış rüşvətxor, əliəyri, natəmiz işçiləri Prezident qətiyyətlə kənarlaşdırır, kadr korpusunda təmizləmə aparır, hökumətin tərkibini sağlamlaşdırırdı.
Gərgin və səmərəli keçən müşavirələrin yekununda, adətən, Prezident geniş məruzə ilə çıxış edirdi. 1993-cü ildən sonrakı dövrdə ölkənin həyatında baş verən dəyişikliklərdən, siyasi sabitliyin bərqərar olmasının vacibliyindən, əhalinin qayğısına qalmağın zəruriliyindən söz açırdı. Qəbul edilmiş qərar və sərəncamların icrası prosesində məmurları obyektiv olmağa səsləyirdi. İlk inauqurasiya zamanı öz Proqramını bəyan etdiyini xatırladan təcrübəli dövlət başçısı ictimai-siyasi məsələlərlə iqtisadi problemlərin həllinin bir-birilə sıx əlaqəli olduğunu vurğulayırdı. Xüsusən, 1994-cü ilin sentyabrında yalnız Heydər Əliyevin qəhrəmanlığı sayəsində imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqilliyi üçün nə qədər əhəmiyyətli rol oynadığını xatırladırdı. Bu müqavilələrin gələcəkdə büdcəyə külli miqdarda gəlir gətirəcəyini, əhalimizin rifah halının davamlı olaraq yaxşılaşacağını, ordumuzun güclənəcəyini, insanların həyat və məişət şəraitinin ciddi dəyişikliklərə səbəb olacağını məmnunluqla bildirirdi.
Ulu öndər böyük strateq səriştəsi ilə məmurlara məsləhət və tövsiyələrini verir, “...nazirliklər, komitələr bəzən köhnə, keçmiş stereotiplərlə işləyir... Qayda-qanun yaratmaq, dövlət malını mənimsəyənləri üzə çıxartmaq lazımdır... Hər bir dövlət işçisi mənəvi cəhətdən təmiz olmalıdır... Sui-istifadə halları aradan qalxmalıdır... Mən bu məsələlər barədə ona görə açıq danışıram ki, ictimaiyyəti də bu neqativ hallarla mübarizəyə cəlb etmək lazımdır...” – deyirdi. Onun hər nitqində rəhbər işçilər üçün örnək olacaq nə qədər öyrənilməli məqamlar var idi!
***
Beləcə ilbəil ölkədə sular durulur, insanların həyat səraiti normallaşır, sosial-iqtisadi vəziyyət addım-addım inkişafa doğru gedirdi. Cəmi 3-4 il əvvəl dərin böhran içində yaşayan, uğursuzluq zolağına düşərək dünyadan təcrid olunan, uçuruma yuvarlanan Azərbaycan Respublikasında artıq 1998-ci ilin əvvəlinə doğru vəziyyət sabitləşməyə başladı. Özəlləşdirmə haqqında qanun və Dövlət Özəlləşdirmə Proqramı qəbul edildikdən sonra, qısa vaxtda 10 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirildi.
600-ə yaxın orta və iri müəssisənin səhmdar cəmiyyətə çevrilməsi barədə qərar verildi. Bütün postsovet məkanında anoloji qanunlardan radikallığı ilə fərqlənən “Torpaq islahatı haqqında” Qanun qəbul edildi. Belə geniş islahatlara başlamaq müharibə dövrü üçün çox riskli addım idi. Hətta iqtidar daxilində tələsməməyi deyənlər, islahatlara qarşı çıxanlar var idi. Ancaq ölkənin dirçəliş strategiyasını uzaqgörənliklə və zərgər dəqiqliyi ilə ölçüb-biçən Prezident Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, bacarıqlı idarəçiliyi sayəsində islahatlar durmadan davam edir, müsbət nəticələri insanların get-gedə yaxşılaşan həyat və məişət şəraitində özünü büruzə verirdi.
İslahatlar irəlilədikcə idarələrdə neqativ halların da azaldığı müşahidə olunurdu. Yeni iş yerləri açılır, ictimai-siyasi sabitlik möhkəmlənirdi. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya yolu ilə sürətlə gedirdi. Amerika, İngiltərə, Türkiyə, Almaniya, Yaponiya və digər ölkələrin iri şirkətləri ölkəmizə gəlməyə başlayırdılar. İnvestisiya qoyuluşu artır, birgə müəssisələr yaranırdı. Bütün maliyyələşdirmə mənbələri üzrə respublika iqtisadiyyatına milyonlarla manat sərmayə yatırılırdı.
Təkcə 1997-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 400 milyon dollardan çox investisiya qoyulmuşdu. Bu məbləğ o dövrkü kasıb ölkə üçün fantastik rəqəm idi. Ancaq, bu, həm də onu göstərirdi ki, düşmən təbliğatı nəticəsində indiyədək tam informasiya blokadasında qalan, dünyanın, demək olar ki, tanımadığı Azərbaycan dahi Heydər Əliyev dühasının, strateji düşüncəsinin, gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsində beynəlxalq aləmə açılır, iri dövlətlər üzünü Odlar yurduna tərəf çevirir, respublikamızın etibarlı tərəfdaş olduğuna inanıb kömək əlini uzadırdı...
Bu minvalla bir çox ilklərə imza atan müdrik rəhbər o keşməkeşli illərdə uzaqgörənliklə Azərbaycanın gələcək inkişafının təməlini qururdu.
Yuxarı Qarabağdan əlavə, daha 7 rayon daxil olmaqla ərazilərimizin 20 faizinin işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkə özündə güc tapıb ayağa qalxırdı. Bu gücün mənbəyi öz liderinə inanan müdrik Azərbaycan xalqı və xalqın inamını titanik zəhməti ilə doğruldan dahi Heydər Əliyev zəkasının qüdrəti idi.
***
Bu gün respublikamızın müasir inkişaf səviyyəsindən baxanda, bu səviyyəyə hansı əzablı yollardan, necə çətinliklərdən keçib gəldiyimiz unudulmamalıdır. O ağır keçid illərində dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkəni dirçəltmək üçün var qüvvəsi ilə çalışan Prezidentin fenomenal xidməti sayəsində indi dünya ölkələri arasında güclü bir Azərbaycan dövləti var!
...Tarixən Azərbaycanda çox görkəmli siyasi xadimlər olub və olacaq. Çox qəhrəman sərkərdələr, müdrik rəhbərlər olub və olacaq. Ancaq Azərbaycanda bir də heç vaxt Heydər Əliyevdən olmayacaq!
Akif ƏLİ,
fəlsəfə doktoru,
Əməkdar jurnalist, yazıçı-publisist

