2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunun Heydər Əliyev Mərkəzində ulu öndərin milli mədəniyyətimizin hərtərəfli inkişafına himayədarlığına həsr edilmiş konfras keçirildi.
“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda yubiley tədbirinin açılşında Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunub-zənginləşdirilməsi ilə bağlı gerçəkləşdirdiyi məqsədyönlü və ardıcıl tədbirləri Vətən naminə misilsiz fəaliyyət kimi səciyyələndirdi.
İctimai Birliyin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı isə ulu öndərin fəaliyyətinin Azərbaycan tarixinin, elminin, mədəniyyətinin və digər istiqamətlərin inkişafında mühüm əhəmiyyətini qeyd etdi. O vurğuladı ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyətdir.
Sonra fəlsəfə doktoru Nuridə İsmayılzadə “Ötən əsrin 80-ci illərində Heydər Əliyevin musiqi mədəniyyətinə olan qayğı və diqqəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Heydər Əliyev və təsviri incəsənət”, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəşəbova “Milli ənənələrin qorunmasında Heydər Əliyevin rolu”, xalçaçı Nazilə Əbilova “Heydər Əliyev obrazı ilmələrin gözü ilə”, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin baş fond mühafizi Pakizə Almazova “Heydər Əliyev və muzeylər” mövzularında çıxış etdilər. Təqdimatlara uyğun olaraq ulu öndərin milli mədəniyyətimizin inkişafına himayədarlığını əks etdirən videolentlər nümayiş etdirildi.
Konfrans ümummilli lider Heydər Əliyevin yüksək estetik zövqünə və sənət görüşlərinə ayna tutan bədii hissə ilə davam etdirildi.
L.QURBANOVA,
“Xalq qəzeti”

