Martın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri bildirdi ki, yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.
S.Qafarova dedi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini təmin etməyə imkan yaratmışdır. O, bildirdi ki, dövlət başçısı tərəfindən ölkəmizin inkişafı sahəsində strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi yüksəltmişdir.
S.Qafarova qeyd etdi ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Diqqətə çatdırdı ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat parlamentə təqdim edilmişdir. Eyni zamanda, artıq 3 ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilir.
Parlamentin Sədri Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verdi. Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim etdi.
Baş nazir bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb.
O, qeyd etdi ki, Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib, 820 sərəncam imzalanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin qüdrətli dövlətə çevrilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.
Məlumat verildi ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1%, qeyri-neft sənayesində 7,1%, kənd təsərrüfatı istehsalında 3,4% artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1% artaraq 13,3 min manat təşkil edib. Ötən il xarici ticarət dövriyyəsi təxminən 56,2 mlrd. ABŞ dollarına çatıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7% artıb. Strateji valyuta ehtiyatları 5,3 mlrd. ABŞ dolları artaraq 58,5 mlrd. ABŞ dolları təşkil edib və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox üstələyir. Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5% azalaraq 6,7 milyard ABŞ dolları olub və ÜDM-in 8,5%-ni təşkil edir. Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub və bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.
Baş nazir dedi: “2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırmışdır. Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiq edilib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərib.
Ə.Əsədov bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Ölkə Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq, 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat vəsait nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamları ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli ilə bağlı lazımi addımlar atılıb, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunur. Əsas su anbarlarında suyun həcmi 1 yanvar 2023-cü il tarixinə 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.
Baş nazir diqqətə çatdırdı ki, hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2022-ci ildə minimum əmək haqları 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum pensiya məbləği 20%, sosial müavinətlər və Prezident təqaüdləri 26% artırılıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33% təşkil edib. Ümumilikdə, ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Həmçinin qeyd edildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilib. Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb.
Baş Nazir son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və nəqliyyat dəhlizlərinin inkişafında rolunun daha da artdığını, ölkəmizin regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrildiyini söyləyib. Baş nazir Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 milyard, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edildiyini deyib. O, qeyd edib ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi istiqamətində mühüm işlər görülür: “Dünyada və regionda cərəyan edən geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Ölkədə yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.
Ə.Əsədov Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildiyini, Proqramda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamının imzalandığını söyləyib. O, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə müasir səviyyədə inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Habelə, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib. Bildirilib ki, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.
Ötən il Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin 270 illiyinin qeyd edildiyini deyən Baş nazir dövlət başçısının 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə bir çox mədəniyyət və digər tədbirlərin keçirildiyini, eyni zamanda, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini söyləyib.
Baş Nazir çıxışının sonunda 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu, ulu öndərin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladığını vurğulayıb. O, Prezidentimizin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin miras qoyduğu müasir, müstəqil, dünyəvi və demokratik Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Vətənimizin daha da inkişaf etdirilməsi və çiçəklənməsi üçün səylərin artırılmasının vacibliyindən danışıb.
Sonra Milli Məclis komitələrinin sədrləri məruzə ətrafında çıxış etdilər. Qeyd edildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin nəticəsi olaraq, son illər həyata keçirilən iqtisadi islahatlar, genişmiqyaslı layihələr 2022-ci ildə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.
Sənəd barədə fikirlər və bəzi qeydlər səsləndirildi.
Baş nazir Əli Əsədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alınıb.
Deputatlar, ümumilikdə, hökumətin 2022-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdilər.
“Xalq qəzeti”

