“Ermənistan Dağlıq Qarabağın taleyi ilə bağlı məsuliyyəti üçüncü ölkələrin üzərinə qoymağa çalışır”. Bu fikri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağın təhlükəsizliyinin təminatçısı olması ilə bağlı fikirlərinə münasibət bildirərkən dilə gətirib.
İlk növbədə, onu deyək ki, N.Paşinyanın anti-Rusiya ritorikasının vacib halqasını təşkil edən Qarabağ məsələsinə, o cümlədən, onun Azərbaycan–Ermənistan problemlərinin nizamlanmasına dair açıqlamaları kifayət qədər təzadlıdır. Bunun üzərində xüsusi dayanmağa ehtiyac duymuruq, çünki Nikolun bir siyasətçi kimi varlığı başdan-ayağa təzad üzərində qurulub. Ancaq Paşinyanın konkret hədəfi var. Bu, şüb-həsiz ki, Rusiyadır və o, Rusiyanın Qarabağın təhlükəsizliyinin təminatçısı olduğunu bildirərkən, heç də Moskvanı bölgədəki fəaliyyətinə görə təqdir ermək niyyəti güdmür. Əksinə, Qarabağ müstəvisində bütün baş verənlərə görə onu günahlandırmaq məntiqinə söykənir. Hər halda, M.Zaxarova bunu bilməmiş deyil.
Ona görə də Rusiya XİN təmsilçisi özünün ənənəvi brifinqində erməni jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Kremlin Qarabağla bağlı bütün öhdəlikləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb, sənədə baxmaq və hansı öhdəliklərin olduğunu, hansının olmadığını anlamaq kifayətdir. “Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər. Onlar bunu öz məsuliyyət sahələrində edirlər. Təbii ki, bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından da çox şey asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalı və ümumi faydaya yönəlməlidir”.
Şübhəsiz, M.Zaxarova “bütün tərəflər” dedikdə, ilk növbədə Ermənistanı nəzərdə tutur. Diqqət yetirək, hazırkı situasiyada Rusiya sülhməramlıları, faktiki olaraq, Qarabağdakı erməni hərbi birləşmələrinin silah-sursat əldə etmələrinə kömək göstərir, onları torpaqlı, daşlı, tozlu, çınqıllı və sair yollardan keçirir, bu sayaq patronajlıq fəaliyyətini yerinə yetirirlər. Çox güman ki, xanım Zaxarova öhdəlik dedikdə, məhz, belə gizli fəaliyyəti nəzərdə tuturdu. Demək, XİN rəsmisinin, erməni hakimiyyətinə qarşı, bir növ, üsyan qaldırmağa haqqı var. Təxminən belə - sizin üçün bu qədər şeylər edirik, amma düz yola gəlmirsiniz, yenə bizdən narazısınız!
Bəli, Paşinyan iqtidarı Cənubi Qafqazı Rusiyasızlaşdırmaq, ən əsası isə onun Ermənistandakı təsirini minimallaşdırmaq üçün bütün vasitələrə əl atır. Ancaq Nikol, eyni zamanda, Kremlin, sülhməramlıların dəstəyinin timsalında, özünü ermənilərə şirin satmaq jestlərindən, bu jestlərdən irəli gələn “yaxşılıqlarından” da imtina etmir. Məsələn, Qarabağda içi erməni hərbçisi ilə dolu hərbi avtomobil gedir, onu öndə rus sülhməramlılarının hərbi texnikası müşayiət edir, Paşinyan isə İrəvanda oturub Moskva əleyhinə ağzına gələni danışır. Rusiya “zavallı” ermənilər üçün daha nə etməlidir, anlamaq olmur. Sual olunur: Zaxarova əsəbləşməyib, nə etsin?
Xanım Zaxarova əsəbiləşsə də, təmkinini saxlayaraq deyir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarının arxasında bütün razılaşmaların həyata keçirilməsinə yönəlmiş ciddi səylər, titanik iş dayanır. Yəni, demək istəyir ki, İrəvanda buna qiymət verən yoxdur və “Biz Ermənistan rəhbərliyinin bəyanatlarını Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə götürülmüş xəttin davamı kimi qiymətləndiririk. Ona görə Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin Qarabağın taleyi üçün məsuliyyəti üçüncü ölkələrin üzərinə qoymaq cəhdlərini onun vicdanının ixtiyarına buraxırıq”.
Bəli, Zaxarova yenə də əsəbiləşdi. Yeri gəlmişkən, onu son vaxtlar ancaq erməni jurnalistləri əsəbiləşdirirlər. Görünür, Qərbpərəst Paşinyanın Rusiyaya diversant göndərmək arzusunun təsəlli meydanı Mariya xanımın brifinq üçün seçdiyi məkandır. Nikolun dezinfomasiya işində “mahir” olan, vaxtilə birlikdə mikrafon tutduğu jurnalist dostları Zaxarovanın canını boğazına yığıb desək, yanılmarıq. Buna görə, Rusiya XİN rəsmisi vicdan məsələlərinə baş vurur. Əslində, demək istəyir ki, ermənilər vicdansızdır. Daha dəqiq ifadə etsək, ona görə vicdansızdırlar ki, Rusiya riskə gedib onlara köməklik göstərir, bunun müqabilində yenə Qərbə, daha doğrusu, Avropa İttifaqına üz tuturlar.
Əlbəttə, xanım Zaxarovanın “üçüncü ölkə” məntiqi maraqlıdır. Görəsən, Rusiya özü də üçüncü ölkə deyilmi? Hər halda Mariya xanım belə hesab etmir. Nəinki o, ümumən, rus siyasi isteblişmenti o düşüncədədir ki, Cənubi Qafqaz Rusiyanın daxili məkanıdır. Bu cür yanaşma ilə, əlbəttə, Aİ üçüncü tərəfdir. Hərçənd Aİ rəhbərliyinin bəyanatları da onu deməyə əsas verir ki, qurum özünü üçüncü saymır, özünü Moskva ilə eyni müstəvidə təsəvvürə gətirir. Əsaslandırma isə budur ki, Aİ-yə üzv ölkələrdən regionla qonşu olanlar var...
Daha maraqlısı budur ki, illərdir Moskvadan dolanan, daha dəqiq desək, onun çörəyini yeyən Ermənistan indi Rusiyanı, belə söyləmək mümkünsə, üçüncü çıxarmaq yoluna baş vurub. Hətta, baş qoyub deyə də bilərik. Bu, ilahi ədalətdir, ya nədir bilmirik, məsələ ondadır ki, Moskva o başı “kəsə” bilmir, kəsməkdə acizdir. Nə etmək olar, erməni sevgisi dərin hissdir, Rusiya onun sevdasının sehrinə düşüb. Arada Zaxarova, boş yerə, əsəblərini korlayır. Paşinyanın jurnalist dostları isə çox qəddardırlar, xanıma qarşı düz eləmirlər, son dərəcə nəzakətsiz davranırlar.
Düz eləmirlər və sual verirlər ki, Azərbaycan sülhməramlıların məsuliyyəti altında olan ərazilərə nəzarət etmək istəsə, Rusiya Qarabağı müdafiə etməlidirmi? Paho, deyəsən, lap kökündən vurdular. Bu yerdə Zaxarovanın onlara “nankor” deməsi, müxtəlif qarğışları sıralaması lazımdır, vicdansız adlandırmaq çox yumşaqdır. Bəlkə də, o, ürəyində erməniləri söyür. Ancaq suala verdiyi cavab kifayət qədər diplomatikdir. Beləliklə, Rusiya XİN-in sözçüsü yalnız baş verənləri şərh edə bilmək səlahiyyətində olduğunu bildirir. “Demək ki, belə olsa, necə olacaq, bu, yersizdir, düzgün deyil və indiki halda çox ziyanlıdır. Çünki bu spekulyasiyalara, insunasiyalara gətirəcək. Əgər nə isə baş versə, ona reaksiya zərurəti yaransa, biz bunu edəcəyik. Modelləşdirmə ilə məşğul olmaq son dərəcə təhlükəlidir”, – deyə Zaxarova vurğulayıb.
Sonda bir daha Rusiyanın erməni sevgisinin üzərinə qayıdaq. Ümumiyyətlə, onu deyək ki, hazırda M.Zaxarova, sanki, dağılmış qalada salamat qalmış bürcü xatırladır. Onun ənənəvi brifinqlərdə səsləndirdiyi fikirlərdən bu qənaətə gəlmək mümkündür. Xanım diplomatın baxışlarında, ayrı-ayrı məsələlərə reaksiyalarında Rusiyanın əvvəlki əzəmətinin, böyüklüyünün əlamətləri boylanır. Problem isə ondadır ki, Zaxarova və onun kimilərin nə deməsindən və hansı məsələni necə arqumentləşdirməsindən, əsaslandırmasından asılı olmayaraq, Moskva, obrazlı desək, dağılmağa gedir, amma əvvəlki “tərzini” dəyişmir. Ən pisi də elə budur. Onun Ermənistana münasibətindəki “səni sevəcəyəm, sən sevməsən də” məntiqi ortadadır. Belə getsə, Zaxarova, daha doğrusu, salamat qalmış yeganə bürc də hikkəsində dağılıb yerlə-yeksan olacaq.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

