Azərbaycan dəfələrlə bəyan edib ki, Laçın–Xankəndi yolundan istifadə qanuni və şəffaf olmalıdır. Burada sui-istifadə hallarına yol verilməməlidir. Bu məqsədlə Azərbaycan hökuməti Laçın yolunun başlanğıcında sərhəd-buraxılış keçid məntəqəsi yaradılması barədə təkliflərlə çıxış edib. Bu təkliflər Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermənistanın pozucu hərəkətləri Laçın yolunda şəffaflıqda maraqlı olmadığının və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir.
Məsələnin həlli yollarından biri kimi Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulması təklifi bu yolda şəffaflığı təmin edə bilər. Hazırkı vəziyyətdə şəffaflığın olmaması ciddi problem və suallar doğurur. Ermənistan manipulyasiyalarla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür və lazımsız gərginlik yaratmaqda maraqlıdır.
Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış keçid məntəqəsi yaratması tam zərurətdən doğur, vacib işdir. Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısı alına bilər. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Nəzarət olmadığı təqdirdə vəziyyətin getdikcə kritik hal alacağı gözləniləndir. Azərbaycanın təklifləri masa üzərindədir, ölkəmiz öz öhdəliklərinə sadiqdir.
Ermənistan bütün vasitələrə əl ataraq regionda vəziyyətin sabitləşməsinə yönəlmiş təşəbbüslərə mane olmağa çalışır. Düşmənin atdığı addımlar, bu ölkənin rəsmi şəxslərinin verdiyi bəyanatlar göstərir ki, ermənilər sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməkdə maraqlıdırlar. Azərbaycanın Laçın yolunda şəffaflığın təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin İrəvan tərəfindən qəbul edilməməsi də məhz bu mövqeyin nəticəsidir.
Erməni tərəfi həyasızcasına aksiyaların Azərbaycanın siyasi hakimiyyəti tərəfindən dəstəkləndiyi, yolun blokadaya alındığı və bölgədə yaşayan erməni əhalisinin humanitar böhran yaşadığını iddia edir. Reallıq budur ki, qarşı tərəfin səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Bu aksiya ermənilərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, sərvətlərimizin talanması, ekologiyaya ziyan vurulması ilə əlaqədar keçirilir. Aksiya iştirakçıları vətəndaş mövqeyi ortaya qoyaraq qeyri-qanuni fəaliyyətlərin dayandırılmasını tələb edirlər. Onların tələbi budur ki, Azərbaycanın müvafiq qurumlarına ermənilərin qeyri-qanuni şəkildə istismar etdikləri faydalı qazıntı yataqlarında monitorinqlər aparmalarına şərait yaradılmalıdır. Hələlik belə bir imkan yaradılmayıb və buna görə də ekofəallar gecə-gündüz fasilə vermədən aksiyalarını davam etdirirlər.
Digər tərəfdən, üçtərəfli Bəyanatın prinsiplərinə zidd mövqe nümayiş etdirən Ermənistan digər havadarlarını məsələyə qatmaqla danışıqlar prosesindən yayınır. Nikol Paşinyan hökuməti prosesin əvvəlində Azərbaycan-Rusiya gərginliyi yaratmaq üçün cizgilər ortaya qoysa da, Azərbaycan tərəfinin siyasi iradəsi göstərdi ki, əslində, Ermənistan Rusiyadan üz döndərib. KTMT məsələsi, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası qarşısındakı mitinqlər, Kremlin əleyhinə çıxışlar açıq göstərir ki, Ermənistan Rusiya ilə əlaqələrini pozmaq niyyətindədir. Bu proses başlayıb. Çünki Rusiya hazırda tarixdə görünməmiş səviyyədə reputasiyasını itirib. Bu isə fürsətcil Ermənistanın başqa müttəfiqlər axtarışına gətirib çıxarıb.
Şuşaya gəlincə… Şəhərdə gün ərzində hava dəyişkən keçib, fasilələrlə yağış yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdiriblər. Aksiya ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub, oradan 80-dək nəqliyyat vasitəsi keçib.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

