Azərbaycan və WUF13: qurub-yaratmaq əzminin təntənəsi

post-img

Uğurlu dövlət siyasəti və keçmişlə müasirliyin ahəngdar vəhdəti 

Rejissoru dahi Tofiq Tağızadə, ssenari müəllifi böyük yazıçımız Anar olan, Azərbaycan kinematoqrafiyasının incisi sayılan məşhur “Dədə Qorqud” filmində hadisələrin mərkəzində xalq dayanır. Sənət əsərində, ümumən, xalqımızın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri ön plana çəkilir. Nəhayət, saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olmuş Dədə Qorqud insanları azad əməyə səsləyir. 

Dövlət siyasəti və siyasi zövq

“Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”. Bu fikri Prezident İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında səsləndirib. 

Ümumən, dövlətimizin başçısının mötəbər toplantıdakı çıxışı Azərbaycanın müstəqillik dövründə gəldiyi yolun mənzərəsini canlandırmaq baxımından son dərəcə əhəmiyyətlidir. O mənzərə ki, külündən yoğrulmuş Vətənimizin yeni heyrətamiz salnaməsidir. Azərbaycan xalqı 1991-ci ildə əldə etdiyi dövlət müstəqilliyini qurub-yaratmaq əzmi ilə möhkəmləndirdiyi kimi, 2020-ci ildən sonra eyni əzmi işğaldan azad edilmiş torpaqlarımızın bərpasına yönəltdi. 

Tam əminliklə söyləyə bilərik ki, biz şəhəryaradan və şəhərsalan xalqıq. Bu deyimlərin çoxsaylı müasir nümunələrini görürük. Gözlərimiz önündə gözəlləşən Qəbələmiz, Gəncəmiz, Naxçıvanımız, Şamaxımız və başqa şəhərlərimiz canlanır. Ümumən, hər bir rayonumuz keçmişlə müasirliyin vəhdəti olmaqla unikallıq təcəssümüdür. Bu unikallıq özündə tarixə, keçdiyimiz yola böyük ehtiramın ayrı-ayrı çalarlarını birləşdirir. Bu unikallıq əsrarəngizlikdir, dərin yaşam fəlsəfəsi və misilsiz zövqdür. 

Müasir Azərbaycanda şəhərsalma məhz zövq işinə çevrilib. Çünki prosesin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında böyük hamiləri və zövq ustaları var. Həm dövlətimizin başçısı, həm də ölkəmizin Birinci xanımı şəhərsalma məsələlərini daim diqqətdə saxlayır. Dövlətimiz mövcud istiqamətdə ardıcıl, məhsuldar siyasət həyata keçirməklə, yeni dövrün Azərbaycanının simasının formalaşmasını təmin edir. 

Heydər Əliyev böyüklüyü və qurtulmuş Bakı 

Əlbəttə, Azərbaycanda şəhərsalma siyasətinin mənəvi paradiqması kimi, digər zərurət trayektoriyası da diqqətdən yayınmır. Söhbət eyni zamanda, siyasi trayektoriyadan gedir. Elə isə tarixə qısaca nəzər salaraq qeyd edək ki, XIX əsrin ikinci yarısından başlayaraq, XX əsrin əvvəlləri də daxil olmaqla, Azərbaycanda sənayenin inkişafı, neft amilinin ön plana çıxması urbanizasiya reallığı doğurmuşdu. Proses Bakının memarlıq baxımından genişlənməsi, həmçinin sosial-iqtisadi həyatın əsas mərkəzinə çevrilərək yeni sima qazanması ilə müşayiət olunmuşdu. Nəzərə alaq ki, urbanizasiya təkcə şəhərlərin böyüməsi deyil, eyni zamanda, cəmiyyətin yaşam tərzinin dəyişməsi deməkdir. Dəyişiklik isə nəticə etibarilə, Şərq memarlıq ənənələri ilə Avropa üslubunun sintezinə əsaslanmışdı. 

Sonrakı zaman kəsiyində, xüsusən sovet Azərbaycanının ulu öndər Heydər Əliyevin adı ilə bağlı inkişaf mərhələsində tarixi irsin qorunması ilə yanaşı, müasir infrastrukturun qurulması həyata keçirildi ki, bu yanaşmada başlıca hədəf olaraq milli-mədəni kimliyin saxlanılması ön planda dayandı. Başqa sözlə desək, Heydər Əliyev şəxsiyyəti şəhərsalmanı xalqımız üçün vacib siyasət kriteriyalarına uyğunlaşdırdı. 

Axı Ulu öndər 1969-cu ildə respublikamıza rəhbərliyə gələnədək paytaxt Bakıda əhalinin əksəriyyətini qeyri-millətlər təşkil etmişdi. Heydər Əliyevin şəhərsalma və sənayeləşdirmə kursu mövcud status-kvonu dəyişdi. Fikrimiz qəribə səslənsə də, deməliyik ki, o dövrdə məhz Ümummilli liderin sayəsində Bakı azərbaycanlıların şəhərinə çevrildi, həmçinin əvvəl Çarizmin, sonra isə keçmiş SSRİ-nin imperialist baxışlarında yer almış paytaxtımızı Azərbaycandan ayrı, mərkəzə tabe əraziyə çevirmək niyyətləri puça çıxdı. 

Urbanizasiya və ya keçmişlə müasirliyin harmoniyası

Müasir dövrdə Azərbaycanda şəhərsalma siyasəti daha geniş, məzmunlu və planlı şəkildə həyata keçirilir. Proses yalnız yeni binaların inşası ilə məhdudlaşmır, tarixi-mədəni abidələrin bərpası və qorunmasını da əhatə edir. Paytaxt Bakıda və şəhərlərdə aparılan yenidənqurma işləri tarixi irslə müasirliyin harmoniyasını yaradır. Məsələn, İçərişəhər kimi qədim memarlıq nümunələrinin qorunması ilə paralel surətdə, müasir bulvarlar, parklar, nəqliyyat infrastrukturu və yaşayış kom­pleksləri salınır. 

Onu da deyək ki, Azərbaycanda urbanizasiya siyasəti tarixə bağlılığı qorumaqla, müasir inkişaf modelini birləşdirən mühüm strategiyaya çevrilmişdir. Bu, həm milli irsin gələcək nəsillərə ötürülməsinə, həm də ölkənin müasir və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir. İşğaldan azad olunmuş torpaqlarımızda isə belə yanaşmanın, necə deyərlər, şah əsərləri yaradılır. Halbuki, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Bəli, Ağdam şəhərinin yenidən qurulması Azərbaycanda müasir urbanizasiya siyasətinin ən mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər. Özü də şəhər yalnız qurulmur, habelə, onun timsalında yeni şəhərsalma modeli formalaşdırılır. Ağdamda “ağıllı şəhər” konsepsiyasına uyğun yollar, kommunikasiya xətləri, enerji və su sistemləri ərsəyə gəlir, ərazinin əvvəlki tarixi-mədəni simasının müəyyən elementlərini qorumaq və yaşatmaq məqsədi də nəzərə alınır. Müasir Ağdam layihəsində yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, parklar, inzibati binalar və sosial obyektlər vahid plan əsasında salınır, şəhərin ekoloji baxımdan dayanıqlılığı, yaşıllıq zonalarının artırılması və müasir nəqliyyat həllərinin tətbiqi əsas götürülür. Bir sözlə, 10 il əvvəl yuxu kimi görünən proseslər gerçəyə çevrilir.

Sahiblənmək əzmi və uğurlu  ev sahibliyi təcrübəsi

Azərbaycan dövləti və xalqı təkcə Ağdama deyil, bütövlükdə, işğaldan azad edilmiş torpaqlarına sahib çıxır. Daha doğrusu, xalqımız torpağa sahiblənməyin müasir örnəyini yaradır. Bu deyimin Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırılan özünəməxsusluğu da var: “Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.

Tam əminliklə onu da demək mümkündür ki, bu gün Azərbaycanda aparılan şəhərsalma siyasətinin mərkəzində insan amili dayanır. Buna görə Prezident İlham Əliyev WUF13-ün açılış mərasimindəki çıxışında işğaldan azad edilmiş torpaqlarda insanlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikildiyini xatırladır və bildirir ki, salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Sonda yenidən “Dədə Qorqud” filminə qayıdaq. Film xalq ozanının dilindən canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir və müdrik qoca səslənir ki, “Əgər torpaq qorunmursa, əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”. Bu gün Azərbaycan xalqı və dövləti Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti və iradəsi sayəsində doğma torpağa, elə-obaya sahiblənməyin bənzərsiz və təkrarsız nümunəsini yaradıb. WUF13 kimi mötəbər toplantıya ev sahibliyi isə bu əzmə və iradəyə beynəlxalq səviyyədə verilmiş böyük dəyərdir. Elə bir dəyər ki, dünyanın müxtəlif bölgələrində münaqişələrin və müharibələrin genişlənməsinin qlobal təhlükəsizlik məsələsini daha da aktuallaşdırdığı bir zamanda ölkəmizin sabitlik və beynəlxalq əməkdaşlıq üçün etibarlı platformaya çevrildiyinin göstəricisidir. Elə bir dəyər ki,  WUF13-ə uğurlu ev sahibliyinin fonunda Azərbaycanın şəhərsalma, urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün də mühüm məkan statusunu vurğulayır. 

Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru

Siyasət