1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı... Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.
(Azərbaycan Prezidenti İlham Əliyevin X Qlobal Bakı Forumundakı çıxışından.)
Bəri başdan qeyd edək ki, legitimlik ifadəsi artıq iki əsrdən çoxdur ki, dövlətçilik və idarəetmə mütəxəssislərinin leksikonunda işlədilir. Son zamanlar siyasətçi və hüquqşünaslar bu termindən çox istifadə etsələr də, əslində, legitimlik siyasi və ya hüquqi deyil, məhz sosial prosesdir. Ona görə də, bu termin lokal mənada xalqın, ölkə əhalisinin böyük əksəriyyətinin dəstəklədiyi hakimiyyətə, siyasətə və ya atılan addımlara, geniş mənada isə beynəlxalq aləmin dəstəklədiyi proseslərə şamil edilir. Yəni Azərbaycan dövlətinin də, siyasətimizin də, xalqın və milli dövlətçiliyin mənafeyi naminə atdığımız addımların da legitimliyi göz qabağındadır. Buna heç kəsin zərrə qədər də şübhəsi ola bilməz.
Dövlət başçımız bu məsələni Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında xüsusilə qabartdı. Cənab Prezident Azərbaycan dövlətinin son bir neçə ildə atdığı addımları xarakterizə edərkən xatırlatdı ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələr qəbul etsə də, həmin sənədləri icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, rəsmi İrəvan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, dünya ictimaiyyətinə hörmətsizlik etdi. Yəni, bu işğalçı ölkənin son on illərdəki siyasi fəaliyyəti birmənalı olaraq, qeyri-legitimdir. Çox təəssüf ki, beynəlxalq aləmdə davam edən ikili standartlar siyasəti və bəzi siyasi dairələrin maddi maraqlar müqabilində riyakarlıq etməsi nəticəsində həmin mötəbər beynəlxalq qurumun sənədləri icra olunmamış qalırdı.
Bu isə o demək idi ki, ərazi bütövlüyünün təmin edilməsi, işğal və etnik təmizləmə prosesləri zamanı yurd-yuvasından didərgin salınmış əhalimizin hüquqlarının bərpası, düşmən tapdağı altındakı ərazilərimizin – barbarlıq, talan və qarətə məruz qalmış şəhər və kəndlərimizin əsarətdən qurtarılması Azərbaycanın legitim hüququ müstəvisində özünə yer almışdı. Prezident İlham Əliyev bu addımları atmazdan əvvəl – bəlkə də on ildən çox müddətdə – dünya ictimaiyyətinə xatırladırdı ki, beynəlxalq təşkilatlar bu problemi sülh yolu ilə həll edə bilmirsə, Azərbaycan dövləti, xalqımız və ordumuz həmin vəzifənin öhdəsindən gəlməyə qadirdir və gələcək. Bu, belə də oldu.
Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin təkcə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq deyil, ümumiyyətlə, son onilliklərdə atdığı bütün addımlar legitimdir, ədalətlidir və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Türkiyə mətbuatının yazdığına görə, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır,” – deməsi təsadüfi deyil. Çünki bu layihənin icrasını İran və Ermənistandan başqa bütün dövlətlər dəstəkləyirlər. Yəni bu layihə beynəlxalq səviyyədə legitimdir.
Başqa bir misal. Dövlət başçımız ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında demişdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır... Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.
Nəinki dünya azərbaycanlılarının, hətta bütün türkdilli xalqların aparıcı simalarının fikrincə, Azərbaycan Prezidentinin həmin bəyanatı təkcə legitim deyil, həm də günün tələbi, zamanın çağırışıdır. Çünki türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim hər birimizin gündəliyində olmalıdır. Dövlət başçımızın fikrincə, bu istiqamətdə lazımi addımlar atılmalıdır və müvafiq işlər aparılır.
Siyasətçi, tarixçi, politoloq və digər mütəxəssislər belə düşünürlər ki, Azərbaycan Prezidentinin ötən ilin son həftəsində səsləndirdiyi daha bir bəyanat da dünya azərbaycanlılarını və türk dünyasını kifayət qədər məmnun etmişdi. Belə ki, cənab Prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə demişdi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ digər tarixi torpaqlarımıza da qayıtmaqdır: “Əlbəttə, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.”
Onu da vurğulayaq ki, Azərbaycan dövlətinin atdığı bütün addımlar legitim və ədalətli olduğu kimi, bundan sonrakılar da məhz həmin səviyyədə, obyektivlik çərçivəsində, ədalət prinsipləri əsasında olacaq. Bu addımların Ermənistana, İrana və ya hansısa bədxahımıza qarşı atılacağından asılı olmayaraq, bütün bəşəri dəyərlər qorunacaq, beynəlxalq hüququn norma və prinsipləri əsas götürüləcək. Eynilə 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

