“Xanoba” dövlət sərhəd–buraxılış məntəqəsi istifadəyə verilib

post-img

Martın 17-də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib. “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.

Açılış mərasimində Azərbaycan Res­publikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Döv­lət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin səd­ri Abdulmüslüm Abdulmüslümov və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Xaçmaz şəhərində Ümum­milli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub.

İki ölkənin dövlət sərhədində yerləşən “Samur” və "Yaraq-Qazmalar” gömrük-ke­çid məntəqələrində olan nümayəndə heyətinin üzvləri sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir müba­diləsi aparıblar.

Sonra “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində yenidən inşa edilən infrastrukturun açılışı olub. Nü­mayəndə heyətlərinin üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3331 kvadratmetr, tikililərin sahəsi 20 min 104 kvadratmetr, buraxılış məntəqəsinin sahəsi isə 22 min kvadratmetrdir. 

Açılış mərasimində çıxış edən Azər­baycan Baş nazirinin müavini Şahin Mus­tafayev iki ölkə arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlığın qurul­duğunu, Azərbaycanın əsas ticarət tərəf­daşlarından biri olan Rusiya Federasiyası ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdi­yini, nəticədə ötən il ticarət dövriyyəsinin 3.7 milyard dollara çatdığını bildirib. Şi­mal-Cənub nəqliyyat dəhlizi üzrə ölkələri­miz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafa­yev yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin sər­hədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzim­lənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şa­hin Bağırov beynəlxalq standartlara uy­ğun inşa edilən, Şimal-Cənub beynəlxalq dəhlizi üzərində yerləşən “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin hər iki ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb. Vur­ğulanıb ki, Azərbaycan və region üçün strateji əhəmiyyətə malik olan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi­nin əhəmiyyəti daha da artacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk çıxışında bil­dirib ki, 2022-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 4 milyard dol­laradək artıb. Bu o deməkdir ki, əlaqələ­rimizin möhkəmləndirilməsi və inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğurur.

“Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəx­sin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olu­nub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarəti­nin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sər­həd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılacaq, digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

Son xəbərlər