Gürcüstan Qərbin hədəfində

post-img

Gürcüstanda növbəti parlament seçkilərinə xarici müdaxilədən ehtiyatlanırlar. Elə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin açıqlaması da bundan xəbər verir. Spiker qeyd edib ki, bir sıra məqamlar Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir: “Bir çox hallar göstərir ki, oktyabrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”. Spiker, həmçinin müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.

Qeyd edək ki, müxalifət də öz növbəsində Rusiyanın seçkilərə təsir və ya müdaxilə edə biləcəyindən bəhs edir. Ancaq ölkənin Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində bu iddiaların yalan olduğunu bildirib: “Rusiyanın Gürcüstanda keçirilən seçkilərə heç bir təsiri yoxdur. Ümumiyyətlə, Rusiyanın Gürcüstana təsiri yoxdur. Onların Gürcüstanda təsir edə biləcəkləri siyasi partiya mövcud deyil. Media kanalları ilə də onların təsiri yoxdur. Ona görə də Rusiya tərəfi mahiyyətcə Gürcüstanda seçkilərə təsir edə bilmir”.

Onu da bildirək ki, bir neçə gün öncə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Tbilisidə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda beynəlxalq konfrans baş tutub. Azərbaycan və Gürcüstanının vətəndaş cəmiyyəti ekspertlərinin iştirak etdiyi tədbirdə hər iki ölkədə QHT sektorunda görülən işlərə, eləcə də bəzi çağırışlara diqqət yetirilib.

Çıxış edənlər bir sıra Qərb ölkələrinin regionda qeyri-hökumət təşkilatları vasitəsilə öz nüfuzunu gücləndirməyə çalışdığını, zərərli ideologiyalar yaymağa cəhd etdiyini, region ölkələrinin milli maraqlarına zidd olan müxtəlif fəaliyyətləri maliyyələşdirməyə çalışdığını qeyd ediblər. Onlar Azərbaycan və Gürcüstan QHT-lərinin milli maraqların qorunması baxımından əməkdaşlığının vacibliyini vurğulayıblar.

Tədbirdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qədim tarixi olduğu, QHT sektorunda əlaqələrin dərinləşdirilməsi ilə bu münasibətlərə töhfə verilməsinin önəmi qeyd olunub. Konfransda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan “COP29 QHT Koalisiyası”nın fəaliyyəti, bu koalisiyada Gürcüstan QHT-lərinin iştirakı məsələsi də müzakirə edilib. Qeyd olunub ki, sözügedən koalisiyaya artıq 72 ölkədən 350 QHT qoşulub və bu Azərbaycanın vətəndaş cəmiyyətinin böyük uğurudur.

Eyni zamanda, Qərbin Gürcüstanda QHT-lərin qeyri-şəffaf maliyyəlləşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” Qanun əleyhinə fəaliyyətləri də müzakirə edilib. Vurğulanıb ki, qanunun qəbul edilməsindən sonra təzyiqlər həm də Qərbin bu ölkəyə təsir rıçaqlarını itirmək qorxusu ilə əlaqədardır.

Gürcü ekspertlər, bəzi donor təşkilatlarının qeyri-şəffaf maliyyələşmə ilə Gürcüstanda destruktiv fəaliyyətləri və radikal təşkilatları maliyyələşdirdiyini, bunun Gürcüstanın təhlükəsizliyinə təhdid törətdiyini qeyd ediblər.

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan və Gürcüstan regionda müstəqil siyasət həyata keçirirlər. İki ölkə region üzrə gündəliyin müəyyən olunmasında söz sahibinə çevriliblər. Bu isə bir sıra ölkələri qıcıqlandırır. Nəticədə Azərbaycan və Gürcüstana qarşı müəyyən dezinformasiyalar yayılır: “Biz bilirik ki, son vaxtlar Qərb mediasında, eyni zamanda, Qərb siyasi institutlarında Gürcüstana müəyyən təsir göstərmək məqsədilə addımlar atılır. Mediada yazılar dərc olunur, qətnamələr qəbul olunur, ölkə sanksiyalarla hədələnir. Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” Qanun, eyni zamanda, LGBT ilə bağlı təbliğatın qadağan edilməsi bəhanə kimi istifadə olunur. Bununla əlaqədar ölkəyə xeyli təzyiqlər göstərilir. Qarşıdan gələn seçki ərəfəsində təzyiqlər daha da intensivləşə bilər”.

R.İskəndərli qeyd etdi ki, Azərbaycan QHT-ləri Gürcüstanda vəziyyətin sabit olmasında maraqlıdırlar: “Biz milli-mənəvi dəyərlərin qorunması, eyni zamanda, Gürcüstanın müstəqilliyinin və suverenliyinin möhkəm olması istiqamətində aktiv fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edirik. Birgə tədbirimiz də buna sübutdur. Biz eyni zamanda, Gürcüstan QHT-lərini “COP29 QHT Koalisiyası”nın fəaliyyətinə cəlb etmək təklifini verdik. Artıq onlardan bir neçəsi koalisiyaya qoşulub və bizimlə aktiv əməkdaşlıq edəcəkdir. Hesab edirik ki, Gürcüstanda müstəqillik, suverenlik və dövlətçilik istiqamətində çalışan təsisatlar seçkidən sonra da öz fəaliyyətlərini davam etdirəcəklər. Qərbin müxtəlif ölkələrinin təzyiqləri bu sahədə hər hansı dəyişikliyə imkan yaratmayacaq”.

Müsahibimiz regionda müstəqil siyasət yürüdən Azərbaycanın da Qərbin bəzi ölkələri, xüsusilə ABŞ, Fransa və digərləri tərəfindən təzyiqə məruz qaldığını vurğuladı: “Onlar istəyirlər ki, Azərbaycan onların dediklərinə əməl etsin. Lakin bu, əlbəttə, mümkün deyil. Bizim əməkdaşlıq etdiyimiz QHT-lər isə regionda sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarlarıdır. Bu sahədə bizim əməkdaşlığımız davam edəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyində tədqiqatçı Fuad Kərimli “XQ”yə bildirdi ki, bir neçə gün öncə Milli QHT Forumunun Tbilisidə keçirilən tədbirdə o da iştirak edib. Onun sözlərinə görə, seçkiqabağı qonşu ölkədə olmaq prosesləri əyani müşahidə etməyə imkan verib: “Bundan əlavə özümüzün araşdırma və tədqiqatlarımız nəticəsində bu qərara gəldik ki, Qərbin, həqiqətən də, Gürcüstanda çox böyük təsiri, təsir gücü var. Qərb son 20 ilə yaxın müddət ərzində QHT sektoruna yüz milyonlarla dollar yatırım edib, qrantlar ayırıb və sair. Orada QHT sektoru, həqiqətən də, qərbyönümlü və ideoloji səviyyəyə gəlib. Təəssüf ki, bu hal ölkənin daxili siyasətinə də təsir edir. Çünki aldığımız məlumata görə, hazırda Gürcüstanda rəsmi qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının sayı 30 mindən çoxdur. Gürcüstanın qeyri-hökumət təşkilatlarının hər nə qədər ideoloji düşüncələri olsa da, xalqın yanaşması, problemi və marağı Avropa İttifaqı ilə yaxınlaşmaqdır. Düşünürəm ki, burada xalqın QHT-lərlə ümumi bağlantısı, sadəcə olaraq, bu yöndədir. Təəssüf ki, QHT-lər də bu amildən sui-istifadə edirlər. Biz bunu son vaxtlar artan mitinqlərdə də görürük”.

Qərbin proseslərə təsirinin böyük olduğunu deyən F.Kərimli Qərb təmsilçilərinin son vaxtlar çıxışları ilə bunu büruzə verdiklərini qeyd etdi. Məsələn, ABŞ-nin Tbilisidəki səfiri bildirmişdi ki, Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” Qanuna ehtiyacı yoxdur: “Bu, əslində, absurd haldır. Yəni, biz burada xarici ölkənin Gürcüstanın daxili siyasətinə və qanunvericiliyinə qarışmaq cəhdini görürük. Amma bu təsir göstərmək cəhdi təkcə ABŞ-dən deyil, başqa Qərb ölkələrindən də müşahidə olunur. Avropa İttifaqı ölkələrinin səfirləri də oxşar çıxışlar edirlər. Bu onu göstərir ki, Qərbin Gürcüstanda təsir gücünün böyük olmasından əlavə marağı da həqiqətən yüksəkdir”.

Bununla belə, F.Kərimli qeyd etdi ki, hakim partiyaya qarşı olan siyasi partiyaların populyarlığı o qədər də yüksək deyil: “Tədbir əsnasında söhbət etdiyimiz QHT nümayəndələri iqtidar partiyasının seçkiləri qazanacağını bildirdilər. Amma bu fikir Gürcüstandakı QHT-lərin gücünü kiçiltmək kimi anlaşılmamalıdır. Düşünürəm ki, onların təsir gücü çoxdur. Çünki onlar xalqa daha yaxındırlar və xalqın nə istədiyini daha yaxşı bilirlər. Avropa İttifaqına yaxınlaşmaq düşüncəsi ilə xalqa vədlər verib cəmiyyəti hərəkətə gətirməyin çox rahat olduğunu düşünürəm”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Gürcüstanda seçkilərin gərgin keçəcəyi əvvəldən məlum idi. Onun sözlərinə görə, görünən odur ki, Qərb artıq hərəkətə keçib, öz resurslarını işə salıb. Uzun illər ərzində vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media sahəsində aparılan fəaliyyətin nəticəsi bu gün göz qabağındadır. Qərb məhz bu resurslara güvənərək Gürcüstan ərazisində müxtəlif təxribatların törədilməsini həyata keçirə bilər.

İ.Hüseynov dedi ki, seçkilərin nəticəsini gözləmədən ümumi rəyə təsir etmək üçün Gürcüstanda əhalinin bir qisminin hakimiyyət əleyhinə etirazları görünür: “Bu, həm də proseslərin arxasında olan qüvvələrin öz məqsədlərinə çatmaqda maraqlı olduqlarını deməyə əsas verir. Lakin digər tərəfdən iqtidar partiyasının da dayaqları möhkəmdir. Ümumilikdə Gürcüstandakı seçkidə beş siyasi qüvvə mübarizə aparacaq, iki partiyanın isə şansları daha yüksəkdir. Onların arasında “Gürcü Arzusu – Demokratik Gürcüstan”a etimad edənlər daha çoxdur. Bu baxımdan artıq Qərb öz maraqlarını burada tətbiq etmək niyyətindədir”.

Politoloq onu da bildirdi ki, Qərb Gürcüstana müxtəlif vədlər verərək Cənubi Qafqazda möhkəmlənmək istəyir. Digər tərəfdən, cəzalandırma mexanizmləri də işə düşüb. Sanksiyalarla bağlı hədələmələr, Avropaya inteqrasiya yolu tutan Gürcüstanın yolunu kəsmək üzərində də iş aparılır. Oktyabrın 26-da gürcü xalqı öz gələcəyinə səs verməlidir və nəticənin müstəqil siyasətin yürüdülməsi yönündə olması arzuolunandır.

Səxavət HƏMİD
XQ







Siyasət