Ermənistan üçün risk amili
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bir neçə gün əvvəl Azərbaycanla sərhədlərin demarkasiyasına toxunaraq, bununla bağlı risklərin mövcudluğunu, müəyyən hissədən sonra sərhədlərin demarkasiyasının, ümumiyyətlə, mümkün olmaya biləcəyini deyib. Bu fikir müxalif kəsimin təmsilçilərində sərt reaksiya doğurub. Onlar ölkə parlamentində baş nazir Nikol Paşinyana mövzuya dair suallar yağdırıblar. Hökumət rəhbərinin cavabı isə qeyri-müəyyəndir. Nikol həyatın risksiz olmadığını vurğulayıb. Erməni baş nazirin risk təsəvvürünün üzərinə gələcəyik. Hələlik isə bir sıra məqamlardan söz açaq.
Əlbəttə, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin dəqiqləşdirilməsində müəyyən problemlər mümkündür. Ən azı ona görə ki, təxminən, 100 ildən artıq müddətdə bölgədə düz-əməlli sərhəd olmayıb. 1991-ci ildə belə bir imkan yaransa da, İrəvanın təcavüzkar siyasəti səbəbindən məsələ reallaşmadı. Bununla belə, hesab edirik ki, hazırda sərhəd məsələsində hansısa ciddi problem yoxdur. Prinsipcə, hər şey aydındır, yalnız bir məsələdən başqa.
Həmin məsələ barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə söz açıb. Söhbət Naxçıvana yoldan gedir. Daha doğrusu, maneəsiz yoldan. O yoldan ki, Ermənistan rəhbərliyi ona imkan vermir, ölkənin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığına söykənərək, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliyin icrasından boyun qaçırır. Yəni deyəndə ki, Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müəyyənləşməsində ciddi problem yoxdur, bu məsələni nəzərdə tutmuruq. Çünki, həqiqətən, ortada mürəkkəb durum var. Problemin kökü ondadır ki, rəsmi İrəvan üçtərəfli Bəyanatın öhdəlik reallığını qəbul etmir. Otuz ilə yaxın işğalçılıq siyasəti həyata keçir, neçə-neçə dinc azərbaycanlının öz doğma yurd-yuvalarından məhrum duruma sal, axırda heç bir itkisiz vəziyyətdən çıx. Hər halda, belə bir dünya və anlayış yoxdur.
Ancaq 2020-ci ildən sonra məsələni sırf itki kimi qəbul və təqdim etməmək üçün şanslar var idi. Axı üçtərəfli bəyanatda aşağılayıcı, əmredici ton yoxdur. Ən əsası, 44 günlük müharibə qalibi olan Azərbaycan savaş bitən kimi Ermənistana barış əlini uzatmış və Cənubi Qafqazda əməkdaşlıq amilini qabartmışdı. Bəyanatın Naxçıvana yol məntiqi mövcud təqdimatda idi. Yəni məsələ etiket qaydalarına uyğun formada– regional kommunikasiyaların açılması şəklində qoyulmuşdu. Hətta Ermənistanın mənfəətləri də hesablanmışdı. Ancaq ölkə fərqli yolu seçdi...
Bəli, rəsmi İrəvan üçtərəfli bəyanatı nəzərə almadı və Qarabağda özünün qeyri-qanuni hərbi birləşmələrini saxladı, bölgəyə silah-sursat, mina daşıdı, Laçın dəhlizi ilə bağlı isteriya qaldırıb anti-Azərbaycan təbliğatına baş vurdu, etimad quruculuğundan, səmimiyyətdən uzaq durdu. Azərbaycan nə əldə etdisə, öz gücü və potensialı hesabına qazandı. İndi, necə deyərlər, bıçaq sümüyə dirənib. Çünki Ermənistan avantürizmə baş vurur, Naxçıvana maneəsiz – heç bir sərhəd və gömrük nəzarəti olmayan yolu təmin etmək istəmir, üstəlik, ölkənin rəhbərliyi həyasızcasına bildirir ki, üçtərəfli Bəyanat müharibə məğlubiyyətini təsdiqləyən sənəd deyil. Bəs görəsən nə sənədidir?
Bəli, Ermənistan heç nə olmamış kimi davrana bilməz. Yuxarıda ölkənin Azərbaycana qarşı təcavüzünün bəzi fraqmentlərini açıqladıq. Nəzərə alaq ki, rəsmi İrəvan Rusiyanın da borcunu qaytarmalıdır. Moskva otuz ilə yaxın Ermənistanı bəsləyib. Axı “boşanmanın” cəzası olmalıdır. İndiki məqamda cəza üçtərəfli bəyanatın 9-cu bəndinin icrası – Naxçıvana yol şərtlərinin ödənməsidir. Ümumən şərtlər, kifayət qədər, konkretdir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Deməli, Ermənistan baş nazirinin müavini M.Qriqoryan, ən azı, onu bildirməməlidir ki, bəzi məsələlərdə konsensus olmadığından, regional kommunikasiyaların blokdan çıxarılması üzrə Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli işçi qrup iclaslarını yarımçıq qoyub. Daha doğrusu, sözügedən qrup işləməlidir. Amma işləmir və Qriqoryan da təsdiqləyir ki, başlıca problemli nüans Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılmasıdır. M.Zaxarova isə keçirdiyi ənənəvi brifinqdə məhz bu məsələnin üzərində dayanaraq, ölkəsinin baş nazirinin müavini Aleksey Overçukun bir müddət əvvəl səsləndirdiyi fikri təkrarlayır. O deyir ki, Rusiyanın iştirakı omadan regional kommunikasiyalar fəaliyyət göstərə bilməz.
Yeri gəlmişkən, Rusiya XİN-in sözçüsü daha əvvəllər də A.Overçukun tərkibində yer aldığı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin birgə işçi qrupunun fəaliyyətinin pozulmasından söz açmışdı. O vurğulamışdı ki, qrup bir çox məsələlərdə konsensus əldə etmişdi. Zaxarovanın sözlərinə görə, Naxçıvana yolun Ermənistanın yurisdiksiyası altında qalmaqla, maneəsiz keçid funsiyası daşımasına dair ayrı-ayrı müddəalar razılaşdırılmışdı. Lakin son anda erməni tərəfi gedişatdan boyun qaçırmışdı. Üçtərəfli qrupun işini dayandırmasının səbəbi məhz budur.
M.Zaxarovanın, bilavasitə, A.Overçukun Rusiya olmadan Cənubi Qafqazda regional kommunikasiyaların açılmasının mümkünsüzlüyü məntiqini yada salmasına gəlincə, burada başlıca hədəf Ermənistandır. Xanım sözçü demək istəyir ki, üçtərəfli bəyanatın şərti yerinə yetirilməsə, yəni, Naxçıvana maneəsiz yol və həmin yolda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin keşik çəkmələri təmin edilməsə, İrəvan otuz ilə yaxın müddətdə olduğu kimi, yenə dalanda qalacaq. Deməli, Ermənistan 44 günlük müharibənin, digər çoxsaylı yarıtmazlıqlarının, o cümlədən Rusiyaya xəyanətin, haqqında söz açdığımız “boşanmanın” cəzasını çəkmək baxımından, bir növ, seçim etməlidir – ya Naxçıvana maneəsiz yolu vermək, ya da dalan vəziyyətində qalmaqda davam etmək. Məsələnin qoyuluşu bu qədər sadədir.
Təbii ki, Azərbaycan Naxçıvana yol baxımından İran ərazisini seçirsə, bu, Ermənistanın dalanda qalması deməkdir. Mövcud durumda N.Paşinyanın ölkəsinin İrandan daha sərfəli şərtlər təqdim edə biləcəyini vurğulamasının heç bir önəmi yoxdur. Aydındır ki, Bakı İrəvana etimad göstərməkdənsə, Tehrana inanmağı seçəcək. Nəzərə alaq ki, uzun müddət, yəni işğal dövründə Naxçıvana quru yolu İrandan keçib və gediş-gəlişdə hansısa problem qeydə alınmayıb. Deməli, keçmişin müsbət təcrübəsi var. Həmin təcrübənin daha fundamental şəkildə tətbiqi üçün baza da mövcuddur. Qalır iradə nümayişi ki, bu, başqa söhbətin mövzusudur...
N.Paşinyanın əvvəldə haqqında söz açdığımız risk məntiqinə gəldikdə, deməliyik ki, hələlik ən böyük risk də Naxçıvana yolun Ermənistandan deyil, məhz İrandan keçməsidir. Mövcud trayektoriyada Paşinyan hakimiyyətinin etdiyi səhv ərazi bütövlüyü və suverenlik iddiasına əsaslanmaqdır. Buna görədir ki, hazırda ölkə müxalifəti Ermənistan ərazisinə qəsd ritorikası üzərində dayanaraq manipulyasiya yolu tutur. Nikolun isə əlində Ermənistanın xəritəsini tutub bir millimetr ərazinin belə güzəştə gedilməyəcəyi deməsi vəziyyəti dramatikləşdirir. O, ümumən, ərazi güzəşti amilini qabartmamalı, çox xoşladığı Qərbin təcrübəsi üzərində dayanmalı idi. Axı Avropada sərhəd anlayışı yoxdur. Olmazdımı ki, Paşinyan bu məqamı tirajlayaydı? Görünür, olmazmış və ona görə M.Qriqoryan bildirir ki, sərhədin tam demarkasiyasının mümkünsüzlüyünə dair risklər var.
Bildirdiyimiz kimi, sözügedən mümkünsüzlük Ermənistan üçün dalan aqibətini müəyyənləşdirir və Paşinyan hakimiyyəti hazırkı destruktiv hərəkətləri ilə ondan çıxış imkanlarını minimallaşdırır, hətta heçə endirir. Nəzərə alaq ki, Naxçıvana yolun İrandan keçməsi də böyük ölçüdə regional kommunikasiyaların açılmaması deməkdir. Yəni
A.Overçuk həqiqəti deyir, Zaxarova təkrarlayaraq təsdiqləyir. Ən başlıca məqam isə Ermənistanın havadarlarının – Qərbin bu aqibətlə barışıb-barışmayacağıdır. Hazırda İrəvan sürətlə silahlanır. Çox böyük ehtimal ki, Qərb Naxçıvana yolun İran ərazisindən keçməsini əngəlləmək üçün regionda sabitliyi pozmaq istəyəcək. Ermənistan əsaslı şəkildə bu “ssenaridə” alətə çevrilməyə razı olacaqsa, ölkənin gələcəyi şübhə altına düşəcək. Axı Naxçıvana gedən qatarın çarxına çomaq soxmaq İrəvanın gücü daxilində deyil. Riskdən söz düşmüşkən, sərhədlər baxımından əsl risk Ermənistanın başından yekə davranmağa qalxmasıdır. Nəzərə alaq ki, sərhədsiz dövlət olmur.
Ə.CAHANGİROĞLU
XQ