Qaçaq Nəbinin yurdu azad nəfəs alır

post-img

44 günlük şanlı savaşda Hadrut, Cəbrayıl, Füzuli, Zəngilanın azad edilməsi ilə başa çatan növbəti parlaq qələbə 2020-ci ilin 25 oktyabrında, yəni düz 4 il əvvəl, Qubadlı istiqamətində qazanılıb. O gün Azərbaycanın hünərvər əsgər və zabitləri böyük şücaət göstərərək Qubadlı şəhərini və ətraf kəndləri düşməndən azad ediblər. Bu, əlbəttə, son dərəcə qürurverici bir hadisədir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Belə ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Hərbi ekspertlər qeyd edirlər ki, dağların qoynunda yerləşən bu şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Düşmən oradan müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Azərbaycan Ordusu Qubadlı şəhəri uğrunda ağır döyüşlərdə məhz yüksək səriştə və misli-bərabəri olmayan hünər və fədakarlıq göstəribdir. İlk növbədə, düşmənin atəş nöqtələri məhv edilib, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu yaşayış məntəqələri düşməndən təmizlənib. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq oradan düşməni qovublar.

Həmin gün xalqımıza bu tarixi müjdə elan olunanda bütün soydaşlarımız, xüsusilə də 27 il ata-baba yurdlarına həsrət qalan qubadlılılar dünyalar qədər sevinmişdilər. Qubadlının hörmətli ziyalılarından Razim Əliyev həmin anları xatırlayarkən söylədi ki, o, şəxsən bunu özünün 70 illik ömrünün ən unudulmaz anları sayır və qəlbinin dərinliklərində təkcə “buna görə bu dünyada yaşamağa dəyərdi” deyir.

Razim müəllimi razı salan həm də odur ki, Azərbaycan dövləti cəbhənin Qubadlı istiqamətində əldə edilən bu parlaq uğuru əbədiləşdirmək qərarına gəlib. Belə ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 Oktyabr Qubadlı Şəhəri Günü elan edilib. “İllər, qərinələr keçsə də, Qubadlının bugünkü və sonrakı nəsilləri Vətən müharibəsinin qəhrəmanlarının bu böyük şücaəti ilə sonsuz qürur duyacaqlar”, – dedi sözünün yekununda R.Əliyev. Və bu sözləri deyən zaman onun səsi sevincdən titrədi və gözləri yaşardı...

Qeyd etmək lazımdır ki, Qubadlı ölkəmizin olduqca gözəl, əsrarəngiz təbiəti olan bir bölgəsidir. Uca dağları, sıx meşələri, sərin bulaqları, Həkəri və Bərgüşad kimi bol sulu çayları, bərəkətli torpaqları var bu cənnətməkanın. Amma buranın ən böyük sərvəti, əlbəttə, mərd, qeyrətli, əmək və yurdsevər insanlarıdır. Onlar bu gözəl və bərəkətli torpaqlarda əbədi qurub-yaradacaqlar.

Bəli, bu gün Qubadlı azaddır, xoşbəxtdir. Qubadlılılar həm də qədirbilən insanlardır. Burada heç kim bir an belə unutmur ki, xalqımız doğma Qarabağın hər bir qarış torpağı kimi, Qubadlını da Vətən naminə canlarından keçən şəhidlərimizin qanı hesabına azad edib. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimə şəfqət versin!

Torpağı azad edən mərd oğullarən, bütün igidlərin adları, əməlləri uşaqdan-böyüyə hər kəsin dilində, ürəyindədir. Bu cərgədə ən öndə duranlardan biri də hələ 2016-cı il Aprel döyüşlərində böyük şücaətlər göstərmiş, Qubadlı uğrunda döyüşlərdə qeyri-adi qəhrəmanlıq nümayiş etdirərək həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovdur. Şükür 44 günlük savaşda parlaq qələbəmizin əfsanələrindən birinə çevrilib.

Təsadüfi deyil ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı rayonunun ziyalıları ilə görüşü zamanı Şükür haqqında sonsuz bir qürurla söz açaraq demişdir: “Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim. Ondan sonra keçmiş məcburi köçkünlərlə ilk görüş əsnasında onun atası Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, o, Şükürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım.... Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı”.

Ali Baş Komandan fəxrlə onu da qeyd etmişdir ki, Şükür bütün hərbçilərimiz, gənc nəsil üçün nümunədir, çünki Şükür Həmidov öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Azərbaycan xalqı və dövləti şəhidlərimizin xatirəsini daim əziz tutur və əbədi belə olacaqdır.

Məlumdur ki, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 min 189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Şərqi Zəngəzurun bir parçası olan Qubadlıda işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi hazırda böyük tikinti-quruculuq işləri görülür. Bir-birindən gözəl yollar çəkilir, evlər, məktəblər, xəstəxanalar ucaldılır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış I Dövlət Proqramı” uğurla icra edilir.

Qubadlıdan olan Mahir Babayev adlı həmkarım bu günlərdə dedi ki, bütün bunları görəndə, müşahidə edəndə adamın ürəyi sevincindən köksünə sığmır. Bu gün sürətlə inkişaf və tərəqqi edən Azərbaycan vətəndaşı olmaq həqiqətən böyük səadətdir!

Məsaim ABDULLAYEV
XQ



Sosial həyat