Qubadlı şəhidlərinin ailələri də başlarını dik tutublar

post-img

Hərb tariximizə Əliyar Əliyev, Kərəm Mirzəyev, Şükür Həmidov, Faiq Qasımov, Vüqar Ağayev kimi onlarla qəhrəman bəxş etmiş Qubadlı rayonunda da Vətən uğrunda döyüşlərdə canlarından keçmiş, sağlamlıq imkanlarını itirmiş şəxslərin ailələrinin sosial vəziyyəti hər zaman diqqətdə saxlanılır, onlar xüsusi qayğı ilə əhatə olunurlar.

Qubadlını erməni işğalından azad edilməsinin 4-cü ildönümü, 25 oktyabr – Qubadlı Şəhəri Günü ərəfəsində rayonda bu sahədə görülən işlərlə maraqlandıq. İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən XQ-yə verilən məlumata görə, erməni işğalçılarına qarşı döyüşlərdə rayon sakinlərindən 250 nəfər şəhid olub, 281 nəfər isə sağlamlıq imkanlarını itirib.

Ümumilikdə, 1946 qubadlılı müharibə veteranı kimi qeydiyyata alınıb. İtkin düşmüş hərbi qulluqçuların sayı 13 nəfər olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində cari ilin ilk yarısında onlardan 1 nəfərinin nəşi tapılıb, ailə üzvlərinin razılığı və Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Qubadlılılar həm I Qarabağ müharibəsinə, həm də şanlı qələbəmizlə başa çatmış Vətən Müharibəsinə və ondan sonrakı hərbi əməliyyatlara torpaqlarımızı mənfur düşmən tapdağından azad etmək əzmi ilə qatılıb, çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Onların bu xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, rayonun 14 sakini (əksəriyyəti ölümündən sonra – M.R.) Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı kimi yüksək fəxri adlarla, həmçinin döyüşlərdə şücaət göstərmiş, igidlik və mərdliklə vuruşmuş müharibə iştirakçıları ali ordenlərlə və çoxsaylı medallarla təltif ediliblər.

Qubadlı İcra Hakimiyyətinin rəhbərliyi də rayonun şəhid olmuş sakinlərinin ailə üzvlərinin sosial vəziyyətlərini daim diqqətdə saxlayır, il ərzində mütəmadi olaraq onların evləri ziyarət olunur, əziz xatirələrini uca tutmaq üçün anım və doğum günləri, yubiley tədbirləri dərin hörmətlə qeyd edilir. RİH tərəfindən Sumqayıt şəhərində 7 yerdə şəhidlərimizin, o cümlədən, Milli Qəhrəmanların və Vətən Muharibəsi Qəhrəmanlarının barelyefləri və abidələri ucaldılıb, xatirə kompleksləri yaradılıb. Şəhid ailələrinin maddi rifah halının yüksək tutulması da diqqətdə saxlanılır. Belə ki, RİH başçısını sərəncamına əsasən, hər il olduğu kimi, bu il də 27 sentyabr – Anım günündə ehsan verilməsi üçün 11 Vətən muharibəsi şəhidi ailəsinin hər birinə 500 manat birdəfəlik maddi yardım edilib. Ordumuzun 2023-cü il 19-20 sentyabrında Qarabağdakı erməni separatçılarına qarşı keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olmuş 1 nəfər Qubadlı sakininin il mərasiminin keçirilməsi üçün isə ailəsinə 2500 manat vəsait təqdim olunub. Bütün bunlarla yanaşı, Vətən muharibəsi zamanı əlil olmuş 7 nəfərdən 1 nəfəri maşın və yeni mənzillə təmin edilib.

Rayonda şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının məşğulluq məsələləri də mərhələli şəkildə həll edilir. Belə ki, Vətən muharibəsi iştirakçısı olan 2 rayon sakini dövlət qulluqçusu, 2 nəfər həkim, 3 nəfər orta məktəblərdə müəllim vəzifələrinə götürülüblər. Orta təhsilli 12 nəfər qazi isə müxtəlif peşə ixtisasları üzrə işlə təmin olunub.

Şəhid ailələri və qazilərin yeni mənzillərlə və işlə təminatı Qubadlı rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır və zərurət yarandığı halda hər hansı bir məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat