Bakı–İrəvan sülhü: Razılıq və iradə həm var, həm də yox

post-img

Nikol Paşinyanın “Kazan manifesti”nə sözardı

Kazanda keçirilmiş XVI BRICS sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən, sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tezliklə yekunlaşdırılması və sənədin imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Əlbəttə, sırf ikitərəfli formatda belə bir görüşün reallaşması müsbət haldır. Lakin bəzi məqamların vurğulanmasına ehtiyac duyulduğunu nəzərə almaq şərti ilə.

“Ermənistan və Azərbaycan sülhün əsasının yaradılması üçün bütün prinsipial məsələlər üzrə razılığa gəliblər”. Belə, ilk baxışdan, pozitiv təsir bağışlayan bəyanatın müəllifi də Ermənistan baş naziri N.Paşinyandır. O, Kazanda BRICS sammitinin “Autreach”/“BRICS plus” formatlı iclasında belə deyib. Paşinyan fikrini çox aydın şəkildə ifadə edib. O, sülhün əsasının yaradılmasından söz açırsa, belə nəticəyə gəlmək mümkündür ki, hələ söhbət tam olaraq sülhdən getmir. Hərçənd, Paşinyanın dediklərini Azərbaycanla Ermənistan arasında barış sazişi üzrə ciddi razılığın əldə edilməsi kimi də qiymətləndirmək mümkündür. Ancaq tələsməyək və Nikolun bu mövzuda daha nələri dilə gətirdiyinə diqqət yetirək.

Ermənistanın baş nazirinin sözlərinə görə, hazırda razılaşdırılmış məzmundakı barış sazişi layihəsi İrəvanla Bakı arasında sülh və münasibətlərin normallaşması istiqamətində möhkəm zəmin yaradılması üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır və həll edir: “Biz Azərbaycanı bu sazişi imzalamağa dəvət edirik”.

N.Paşinyan, həmçinin yekun sənədin, ən azı, 80-90 faiz razılaşdırıldığını açıqlayıb və həmişəkitək ümumi məqamlar üzərində dayanıb: “Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması, gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması artıq tam razılaşdırılıb”.

Göründüyü kimi, erməni hökumət rəhbərinin fikrində yenilik yoxdur. Amma onun Ermənistan parlamentinin ölkənin Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə birgə dövlət komissiyasının fəaliyyəti haqqında əsasnamə layihəsini qəbul etdiyinə dair bildirdiklərini yenilik saymaq mümkündür. Çünki mövcud istiqamətdə müzakirənin getdiyi məlum olsa da, sənədin ratifikasiyasının başa çatdığı, müəyyən mənada, məchul qalırdı. Nikol qeyri-müəyyənliyi aradan qaldırdı.

Amma N.Paşinyan problemli məsələlərin üzərinə gəlmir. Daha doğrusu, gəlir, ancaq bir qədər fərqli tərzdə. Bu barədə bir qədər sonra. Hələlik isə erməni baş nazirin müştərək sərhəd komissiyası ilə bağlı əsasnamənin ratifikasiyasından sonrakı durumla bağlı proqnozlarına diqqət yetirək. O bildirib ki, sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra “biz 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini intensivləşdirə biləcəyik”.

Əlbəttə, mövcud istiqamətdə hansısa irəliləyişin əldə edilməsi mümkündür. Amma gərək, prinsipial məqamların üzərindən keçilməsin. Əvvəla, Alma-Ata Bəyannaməsinin ehkamlaşdırılmasından uzaq durulmalıdır. Nəzərə alınmalıdır ki, sənəd yalnız baza kimi, yəni xoş niyyət göstəricisi olaraq qiymətləndirilməlidir. Başqa sözlə desək, bəyannamə sərhəd xəttinin bütün istiqamətləri üzrə keçərli sayılmamalıdır. Digər tərəfdən, başlıca məsələ sülh yolundakı 80-90 faizlik razılaşmada deyil. Razılıq tam olmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, yekun barış sazişi Ermənistan konstitusiyasında, eləcə də ölkənin digər sənədlərində Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılacağı təqdirdə mümkündür.

Ermənistan konstitusiyası İstiqlaliyyət bəyannaməsinə istinad edir. Ölkənin Konstitusiya məhkəməsi isə bir müddət əvvəl qərar verdi ki, bəyannamənin əsas qanunda əksini tapmayan müddəaları etibarsızdır. Hazırda Paşinyan iqtidarı sübut etmək istəyir ki, bununla da bütün mübahisələrə son qoymaq mümkündür. Halbuki, belə deyimlər çox primitiv təsir bağışlayır.

Birincisi, İstiqlaliyyət bəyannaməsi adlı sənəd və orada Azərbaycana qarşı ərazi iddiası qalır. İkincisi, ərazi iddiası məsələsi Ermənistanın hüquq sisteminə o qədər ciddi şəkildə hopub ki, bu reallığı bir məhkəmə qərarı dəyişdirmək iqtidarında deyil. Üçüncüsü, Azərbaycan, böyük ölçüdə təminat istəyir. Elə bir təminat ki, səmimiyyət ab-havası yaratsın, otuz ildən artıq müddətdə mövcud olmuş işğalçılıq meyilinin yenidən baş qaldırmayacağına dair iradənin məhsulu kimi meydana çıxsın.

Buna görə də ölkəmiz prinsipial davranır və Ermənistanın konstitusiya dəyişikliyinə getməsi tələbini irəli sürür. Dəyişikliyin yolu isə ümumxalq səsverməsindən – referendumdan keçir. Deməli, referendum həm də erməni xalqının iradəsinin məhsulu kimi meydana çıxmalıdır. Keçirilmiş rəy sorğularının nəticələri isə göstərir ki, erməni cəmiyyətində Qarabağın Azərbaycan ərazisi olmasına dair razılıq yoxdur. Deməli, heç kim təminat verə bilməz ki, Paşinyandan sonra hakimiyyət kreslosuna əyləşəcək kimsə yenidən işğalçılıq niyyətinə düşməyəcək.

Bəli, erməni xalqı iradəsini göstərməlidir. Elə hakimiyyəti də. Həm Ermənistan cəmiyyəti, həm də dövləti birlikdə Azərbaycana və digər qonşulara qarşı ərazi iddiasının olmadığını dünyaya bəyan etməlidir. Bu, yalnız sözlə, yaxud hansısa məhkəmə qərarı ilə gerçəkləşən proses deyil. Yəni, Paşinyanın Kazanda bildirdiklərinin əksinə olaraq vurğulayaq ki, Ermənistan öz konstitusiyasındakı “qonşu ölkələrə qarşı iddia edilən ərazi iddialarının olması ilə bağlı bütün arqumentləri” aradan qaldırmayıb, “belə şərhlərin əsassız və qeyri-qanuni olduğunu” sübuta yetirməyib.

Yeri gəlmişkən, Nikolun “iddia edilən” ifadəsinə diqqət yetirək və ritorik suallara keçək. Belə çıxır ki, iddia edilirdi, ancaq Ermənistan heç kəsdən ərazi tələb etmirdi. Tələb etmirdisə, bəs torpaqlarımızın işğalı nə idi? Paşinyan nə üçün “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi? Məgər o, həmin vaxt bilmirdi ki, bölgə beynəlxalq hüquq baxımından Azərbaycana məxsusdur? Əlbəttə, çox gözəl bilirdi. Bəs 44 günlük müharibə niyə baş verdi? Nikol bunun səbəbini də anlamamış deyil. O zaman onu da anlamalıdır ki, Azərbaycana Ermənistanın işğalçılıq niyyətinə düşməyəcəyinə dair daha böyük təminat lazımdır. Təminatın bir yolu var ki, onu da diqqətə çatdırdıq.

Bəli, təminatın bir yolu referendumdursa, digəri isə 80-90 faizlik sülh razılaşmasını tamlaşdırmaqdır. Deməli, üçtərəfli bəyanat yerinə yetirilməli, Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yol olmalıdır. Reallıq ondadır ki, rəsmi İrəvan buna da razı deyil və Paşinyan Kazanda mövqeyini bir daha təsdiqlədi. Fikrimizi əsaslandırmaq üçün iki məqamın üzərində dayanacağıq.

Birincisi, Ermənistanın baş naziri BRICS sammiti zamanı “Dünyanın kəsişməsi” təşəbbüsünü qaldırdı. O, hətta manipulyativ şəkildə bildirdi ki, sammitin mövzusu olan “BRICS və Qlobal Cənub – daha yaxşı dünyanın birgə qurulması” ilə “Dünyanın kəsişməsi” nəqliyyat-kommunikasiya layihəsi bir-birinə uyğundur. Paşinyan uyğunluğu nədə gördüyünü də açıqlayaraq dedi ki, Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel yollarının keçidini təşkil etməyə hazırdır və prosesdə maraqlıdır. “Bu, Qara dənizlə Fars körfəzi arasında İran, Ermənistan və Gürcüstan ərazilərindən keçən ən qısa yoldur. Bu, Şimal-Cənub istiqamətidir. Bu, həm də Xəzər və Mərmərə dənizləri arasında Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən ən qısa yoldur, Şərq-Qərb istiqamətidir. Bu marşrutdan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələri üçün də istifadə oluna bilər. Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilmiş mexanizmlərini, o cümlədən, hər iki ölkənin yurisdiksiyasına və suverenliyinə tam hörmət əsasında əlavə təhlükəsizlik tədbirlərini təklif etdik. Ermənistan malların, resursların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçidinin təhlükəsizliyini təmin etməyə qadirdir və tam təmin edəcək. Bu, bizim istəyimizdir, öhdəliyimizdir və biz buna zəmanət veririk və həmişə belə olacaq”, – deyən Paşinyanın diqqətə çatdıracağımız növbəti fikri də onun üçtərəfli bəyanat məntiqindən uzaqlığının göstəricisidir: “Ermənistanın, guya, hansısa üçüncü ölkənin öz suveren ərazisində təhlükəsizliyi təmin edəcəyi ilə razılaşdığı və ya hər hansı sənəddə bunu nəzərdə tutan bütün bəyanatlar həqiqətə uyğun deyil”.

Göründüyü kimi, Ermənistan “Dünyanın kəsişməsi” avantürasını tirajlayaraq, çaşdırıcı mövqe tutur. Eyni zamanda, bu avantüranın ön planda olacağı sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Heç şübhəsiz, belə yanaşma Qərbin sifarişidir. Qərb çalışır ki, Rusiyanın Cənubi Qafqazdakı rolunu minimallaşdırsın, tədricən bu rolu tamamilə sıradan çıxarsın. İrəvan isə məqsədə çatmaq alətidir.

Digər tərəfdən, Qərbin məqsədi erməni avantürizmini diri saxlamaqdır. Bu, Azərbaycana daimi təzyiq göstərmək mexanizmidir. Başqa bir yandan, Ermənistanın qlobal kommunikasiya habında mərkəzi fiqura çevrilməsi, Qərbə həmin habın iştirakçılarını da şantaj, onlara nələrisə diktə imkanı qazandıracaq. Aydındır ki, Bakı belə bir “ssenarinin” gerçəkləşməsinə, əsla, icazə verməyəcək. Ona görə də ölkəmiz şərtlər təmin edilməyəcəyi təqdirdə, Naxçıvana yolun Ermənistandan deyil, İrandan keçməsi təklifini irəli sürür və mövcud istiqamətdə iş aparır.

Hər bir halda, muxtar respublikaya yol İrəvanın ərazi bütövlüyü və suverenlik klişesinə uyğun formada keçməyəcək. Bu isə o deməkdir ki, nəinki Ermənistanın “Dünyanın kəsişməsi” avantürası reallaşmayacaq, habelə ölkə özü də əvvəllər olduğu kimi, yenə dalanda qalacaq, necə deyərlər, Qərbin artıq-urtuqları ilə dolanmaq aqibətini yaşayacaq. Paşinyan Kazanda bu aqibətin anonsunu verdi, başqa heç nə.

R.ƏVƏZ
XQ

Siyasət