Ermənistan sülh istəmədiyindən Aİ-nin sərhəd müşahidəçilərinə ehtiyac duyur
Ermənistan Azərbaycanla sülhdən yayınır, manipulyasiyalara baş vurur. Bununla bağlı çoxsaylı misallar var. Ancaq baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçiləri özlərini elə aparırlar ki, sanki süddən çıxmış ağ qaşıqdırlar. Bu “bayquşlar” “sülh qaranquşları”na oxşamaq üçün ən müxtəlif vasitələrə əl atsalar da, məkrli niyyətlərini gizlədə bilmirlər. Məsələn, beynəlxalq instansiyalarda aktiv anti-Azərbaycan təbliğatı aparır, yaxud ermənipərəst dairələrin ölkəmizi ləkələmək yönümlü fəaliyyətlərinə dəstək göstərirlər.
Ona görə də bu qeydlərimizdə Ermənistanın sülhdən uzaqlığını vurğulamaq baxımından bir məqamın üzərində dayanacağıq. Söhbət Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan hissəsində “lövbər salmış” mülki müşahidə missiyasından gedir. Daha doğrusu, onun ölkədə qalma müddətinin uzadılmasından. Artıq mövcud istiqamətdəki diskussiyalara start verilib. Sözügedən missiyanın mövcudluğunun nə demək olduğuna diqqət yetirəcəyik. Hələlik isə Prezident İlham Əliyevin oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlərin üzərində dayanaq. Dövlətimizin başçısı Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, qurumun Ermənistandakı mülki müşahidə missiyasından söz açmışdı. O missiyadan ki, onun təşəbbüskarı məhz Fransadır. Prezident İlham Əliyev vurğulamışdı ki, belə bir təsisatın mövcudluğu Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir – “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı ritorik sual vermişdi: “Buna nə ehtiyac var idi?!”
Əlbəttə, şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi, indi də yoxdur. Lakin Azərbaycan hələ 2022-ci ilin oktyabrında buna razılıq vermişdi. Dəqiq desək, razılıq missiyanın cəmi iki ay ərzində fəaliyyət göstərməsində idi. Lakin müşahidəçilərin bölgədə qalma müddəti uzadıldı, ötən müddətdə də bir neçə dəfə uzadılıb. İndi də müşahidəçilik üçün əlavə müddətlə bağlı müzakirələr aparılır. Prezident İlham Əliyev Belçika səfiri ilə söhbətdə missiya üzvlərinin davranışının – “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş və əlavə etmişdi ki, Azərbaycan Aİ ilə təmaslarda bu məsələni qaldıracaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu ilin sentyabrında Aİ-nin sözügedən missiyası ilə bağlı fikirlər bildirmişdi. Cənab Hacıyev fikrini əsaslandırarkən demişdi ki, hazırda iki dövlət arasında nizamlanma prosesinin sülh, qarşılıqlı anlaşma şəraitindəki gedişatı var: “Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.
Ancaq əvvəldə də vurğuladığımız kimi, Ermənistanda fərqli düşünürlər. Fikrimizin təsdiqi kimi, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın parlamentdə mövzuya dair çıxışının bəzi məqamlarını vurğulayaq. Mirzoyan deyib ki, Aİ Ermənistandakı mülki müşahidə missiyasının mandatının uzadılması məsələsini ciddi şəkildə nəzərdən keçirir. Yəni, guya, nəzərdən keçirən tərəf İrəvan yox, Aİ-dir. Göründüyü kimi, XİN rəhbəri, öz aləmində, diplomatik davranır. Sanki, təşəbbüsün ölkəsindən yox, qurumdan gəldiyi amilini qabardır. Ardınca isə bəlkə özü də fərqinə varmadan reallığı açıqlayır.
“Hələ ki, Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh müqaviləsi istisna təşkil etdiyindən, delimitasiya prosesi başa çatmadığından, sabit və uzunmüddətli sülh olmadığından, ölkələrimiz arasında münasibətlər tənzimlənmədiyindən və problemlər qaldığından, şübhəsiz ki, Ermənistan tərəfinin Azərbaycanın mümkün hərəkətləri haqqında müəyyən narahatlığı var”, – deyən Mirzoyan əlavə edib ki, ölkəsinə neytral, üçüncü tərəfin, yəni Aİ-nin müşahidə missiyasının obyektiv qiymətləndirmə aparması lazımdır. Deməli, müşahidəçilərin müddətinin uzadılması ideyasının müəllifi elə İrəvanın özüdür.
Əlbəttə, burada əsas məsələ sözügedən ideyanı ortaya atanın hansı tərəf olması deyil. Əsas təşəbbüskarın Fransa, daha dəqiq desək, prezident Emmanuel Makronun olduğu aydındır. O da aydındır ki, kollektiv Qərb Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasını istəmir, yaxud bu mühiti erməni avantürizminin saxlanması şərtilə arzulayır. Aİ də böyük ölçüdə həmin Qərbin ermənipərəst alətlərindən biri obrazında çıxış edir və qurum buna görə Ermənistanla müştərək hərəkətə, necə deyərlər, işbirliyinə üstünlük verir.
Mövcud trayektoriyadakı başlıca məqamı əvvəldə diqqətə çatdırdıq. Söhbət, bilavasitə, İrəvanın özünün sülhdən yayınmasından gedir. Bir daha vurğulayaq ki, barış mühitinin mövcud olmamasına görə birbaşa məsuliyyət daşıyan tərəf Ermənistandır. Yaxşı olar ki, Mirzoyan və digərləri bunu anlasınlar. Onlar Aİ-nin tərkibində pensiyada olan alman polislərindən və fransız jandarmlarından ibarət mənasız, heç bir işi olmayan, ölkələrində də məsxərə predmetinə çevrilmiş missiyasının saxta egidasına siyasi sərmayə yatırmaqdansa, barışıq yolunda real addımlar atsınlar. Amma görünür, belə niyyət yoxdur.
Bəli, bu niyyət yoxdur ki, Ermənistanda sözügedən missiyanın müddətinin uzadılmasından danışılır. Görünür, rəsmi İrəvan sərhəd təxribatlarını davam etdirməyi düşünür və hesab edirk ki, “binokl diplomatiyası”nın təmsilçiləri bu işdə kömək göstərəcək, sipər olacaqlar. Ancaq ölkə rəhbərliyi həmişəki kimi yanılır. Yanılır və nəzərə almır ki, vaxt getdikcə sülh çəmbəri də daralır. Əlahəzrət zaman Ermənistanın əleyhinə işləyir.
Ə.RÜSTƏMOV
XQ