Amsterdamın Bakıya növbəti qərəzkarlığı
Niderlandın anti-Azərbaycan siyasəti ilə gündəmə gəldiyi birinci dəfə deyil. Müqəddəs kitabımız Qurana, İslam Peyğəmbərinin (s.ə.s) şəkillərinə qarşı hörmətsizlik göstərən, onları polisin gözü qarşısında yandıran radikal-sağçıların mərkəzi sayılan Niderland növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə növbəti qərəzini ortaya qoyub.
“Bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qətiyyən qəbuledilməzdir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Niderland hökumətinin saytında dərc olunmuş yanlış və qərəzli proqramını şərh edərkən deyib.
Aydın məsələdir ki, hollandiyalı diplomatlar üçün Qarabağın hansı coğrafiyada yerləşməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur. Həmin məlumatı hökumətin rəsmi saytına kimin və hansı niyyətlə “sırımasının” səbəbləri bizə məlumdur. O da sirr deyil ki, Avropa İttifaqında Fransanın sifariş verdiyi “musiqi altında oynamağa” vərdiş etmiş ölkələrdən biri də Niderlanddır. “Kollektiv Qərb”in Azərbaycana yönəlik siyasi, hərbi, dini və ideoloji kampaniyasına qoşulmuş Niderland son illər hayların Azərbaycanofobiya, Türkəfobiya və İslamofobiyanı körükləndirdikləri məkanlardan birinə çevrilib. Bu baxımdan rəsmi Amsterdamın hökumət səviyyəsində informasiya təxribatı təəccüb doğurmamalıdır. Amma bu qərəzli yanaşmanı cavabsız da buraxmaq olmaz.
Məsələyə məhz bu kontekstdən yanaşan A.Hacızadə şərhində qeyd edib ki, Qarabağ bölgəsi hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın bu müddət ərzində Ermənistanın işğalçılıq siyasətinə, torpaqlarımızda qanunsuz və cinayətkar hərəkətlərinə göz yummasının təəssüf doğurduğunu vurğulayan XİN rəsmisi Azərbaycanın tarixi ərazilərin azad edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını Amsterdamın diqqətinə çatdırıb. A.Hacızadə habelə Qarabağın bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin ayrılmaz bir parçası və suveren hüququmuzu bərpa etdiyimiz ərazisi olduğunu da diqqətə çatdırıb.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi şərhində onu da bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması həqiqətə və reallığa qətiyyən uyğun deyil: “Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
Oxucuların diqqətinə çatdıraq ki, bir müddət bundan əvvəl Qarabağdan erməni sakinlərinin, guya, “məcburi çıxarılması”nı bəyan edən Niderland parlamentinin ardınca, bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” kimi qeyd olunub.
Fransanın ardınca “erməniləşmə” xəstəliyinə yoluxduğu aşkar görünməkdə olan Niderlandın müvafiq göstərişləri hansı instansiyalardan aldığı sirr deyil. Bu hərəkəti ilə son vaxtlar Parisin və Vaşinqtonun başlatdığı və getdikcə intensivləşən anti-Azərbaycan düşərgəsinə qoşulanların sayını artıran rəsmi Amsterdam bununla haqqın və ədalətin üzərinə kölgə saldığının fərqində deyil. Əgər o, hayların gözləri önündə yalan və saxtakarlıqdan toxuduqları pərdəni kənara çəkmiş olsaydı, reallıqdan doğan həqiqəti aydınca görə bilərdi. Onsuz da gec-tez dediyimiz kimi olacaq. Axı yalanın ömrü ...qırx günü keçmir.
İ.HƏSƏNQALA
XQ