Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə münasibətdə tutduğu mövqe mehriban qonşuluq siyasətinə uyğun gəlməyən İran İslam Respublikası son vaxtlar regionda nəqliyyat kommunikasiyalarının açılmasına qarşı var gücü ilə fəaliyyətə keçib. Rəsmi Tehran bölgədə kommunikasiyaların açılmasını, başqa sözlə desək, Zəngəzur dəhlizinin işə düşməsini özünün “qırmızı xətti” (?) adlandırıb. Onların bu canfəşanlığı isə dəhlizin açılması ilə bağlı Rusiya tərəfinin son vaxtlar əməli addımlar atmaq istəyinə cavab kimi nəzərdən keçirilə bilər.
Əgər İran rəsmiləri əvvəllər bu məsələdə öz aləmlərində ölkəmizi “təhdid” edirdilərsə, qeyd etdiyimiz kimi, hazırda onlar şimal qonşumuza tərəf istiqamətləniblər. Sonuncu dəfə bu istiqamətdə xəbərdarlığı Rəhbərlik üzrə Ekspertlər Məclisinin sədr müavini və İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü, ayətullah Əlirza Ərafi edib. Deyib ki, İranın xarici siyasətinin hədəf və məqsədi dünyada birqütblü sistemin hökmranlığına son qoyulmasına və bu istiqamətdə bütün sazişlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və digər təşkilatlar çərçivəsində qəbul edilmiş sənədlərə əsaslanır. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, ayətullah bildirib: “Çin və Rusiya kimi ölkələrlə dostluq, iqtisadi, siyasi, elmi əlaqələr buna əsaslanır. Lakin biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərinə baxmayaraq, Fars körfəzindəki üç ada üzərində mülkiyyət məsələsi və Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir”.
Ərafi qardaş Türkiyənin də, necə deyərlər, bostanına daş atmağı unutmayıb. O, İsrailə qarşı tədbirlərin görülməsinin zəruriliyini bəyan edən Türkiyə Prezidentinin sözlərinə cavab olaraq deyib: “Birincisi, İsrailin ölkənizdəki səfirliyini bağlayın, ikincisi İsrailə qarşı müqavimət oxunu dəstəkləyin”.
Qeyd edək ki, ayətullah Ərafi Zəngəzur dəhlizi əleyhinə İranda fikirlər səsləndirən nə birinci, nə də sonuncu şəxsdir. Yəqin ki, qarşıdakı günlərdə digər rəsmi və qeyri-rəsmi şəxslərin dəhlizlə bağlı açıqlamalarının şahidi olacağıq. İran hakimiyyəti bununla təkcə Rusiya və Azərbaycan prezidentlərinin deyil, elə Ermənistan baş nazirinin də mövqeyinə qarşı çıxır. Çünki regionda kommunikasiyaların açılması üç ölkə liderinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda öz təsbitini tapıb. Bəyanatın 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Rəsmi İrəvan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə ölkəmizin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verib. Eyni zamanda, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi bəyanatda qeyd olunub.
Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı bütün məsələlər üç ölkəyə – Azərbaycan, Rusiya və Ermənistana aiddir. Həmçinin, Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən görüşdən sonra qəbul edilmiş üçtərəfli bəyanat əsasında baş nazirlərin müavinlərindən ibarət İşçi qrupu yaradılıb. İşçi qrupu 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin, yəni regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədini daşıyır. Yeri gəlmişkən, qeyd edək ki, həm də İranın Ermənistana təsiri nəticəsində son vaxtlar işçi qrupunun fəaliyyətində durğunluq yaranıb. Onun iclaslarını xeyli müddətdir ki, keçirmək mümkün olmur.
Beləliklə, aydın görünür ki, Zəngəzur dəhlizi üç ölkənin birgə müzakirələri və əməkdaşlığı yolu ilə açıla bilər. İranın bu prosesə müdaxiləsi anlaşılan deyil. Ancaq bundan faydalanan təkcə üç ölkə olmayacaq. Bütün region ölkələri, o cümlədən İran dəhlizin açılmasından bəhrələnə bilər.
Tarix boyu – istər çar Rusiyasının, istərsə də Sovet İttifaqının mövcud olduğu dövrdə qorxusundan Moskvanın bir tələbini iki etməyən, Türkmənçay müqaviləsinə əsasən Xəzərdə hərbi gəmilər – donanma saxlamaq hüququndan məhrum edilən İran indi Rusiyanın Ukrayna ilə müharibədə istədiyi nəticəni qazana bilməməsindən ürəklənərək şimal qonşumuza meydan oxumağa çalışır. Ancaq Rusiya da öz mövqeyindən geri addım atana oxşamır. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 10-da Sankt-Peterburqda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə Moskvanın Zəngəzurla bağlı qəti və sabit siyasətini vurğulayıb. “Moskva Zəngəzurla bağlı əldə olunan əvvəlki razılaşmalara sadiqdir və bizim bu istiqamətdə olan siyasətimiz heç bir şəkildə dəyişməyib” – deyə Rusiya rəsmisi bildirib. Eyni zamanda, Şoyqu Fars körfəzində Birləşmiş Ərəb Əmirlikləri və İran arasında böhrana səbəb olan üç ada məsələsi (Böyük Tomb, Kiçik Tomb və Əbu-Musa adaları) ilə bağlı deyib ki, Rusiya bu məsələdə İranın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Bundan bir neçə gün əvvəl isə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağrılmışdı. Onu nazirliyin Avrasiya Baş İdarəsinin rəisi və nazirin köməkçisi Müctəba Dəmirçilu qəbul etmişdi. Görüş məhz Moskvanın Zəngəzur dəhlizinə dəstək verən bəyanatlarına etiraz əlaməti olaraq keçirilmişdi. Dəmirçilu bildirmişdi ki, Tehran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə (?) qarşıdır. Baş idarə rəisi rusiyalı diplomata İran dövlətinin qəti mövqeyinə hörmətlə yanaşmağın vacibliyini və region ölkələrinin potensialından problemlərin həlli, bölgədə sülh və sabitliyin təşviqi, habelə, bütün tərəflərin maraqlarını nəzərə almaqla iqtisadi planların həyata keçirilməsi üçün istifadə edilməsinin vacibliyini xatırlatmışdı.
Beləliklə, İran öz mövqeyindən geri çəkilənə, konstruktiv yanaşma nümayiş etdirənə bənzəmir. Rəsmi Tehran Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə İslam həmrəyliyinə zidd olaraq, yürütdüyü ölkəmizi zəif salmaq siyasətini bu gün də davam etdirir. Eyni zamanda, Zəngəzur dəhlizi İranda əksər hallarda “Turan yolu” adlandırılır və onun işə düşməsinin Türk dünyasının birliyinə yol açacağından ciddi narahatlıq hissi keçirilir.
Aydındır ki, Ermənistanın ərazi bütövlüyü məsələsi burada bəhanədir. Rəsmi Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişməyəcək. Elə üçtərəfli bəyanatda da hansısa ilhaqdan deyil, maneəsiz hərəkətdən bəhs olunur. Ortada ən azı Rusiya Prezidentinin imzası var. Ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, İran hakimiyyətinin bu mövqeyi, yəni Ermənistanı dəhlizi açmağa imkan verməməsi heç də İrəvanın maraqlarını düşünməsindən irəli gəlmir. Tehran dəhliz layihəsini ilk növbədə özünün milli təhlükəsizliyinə təhdid sayır.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Zəngəzur dəhlizi ətrafında baş verənlərlə bağlı XQ-yə açıqlamasında bildirdi ki, son iki həftə ərzində İran parlamentariləri, politoloqları, hərbçiləri tərəfindən bu istiqamətdə bir-birinin ardınca bəyanatlara şahidlik etməkdəyik. Bu bəyanatlarda Rusiya Prezidentinin və Xarici işlər nazirinin dəhlizin açılmasına tərəfdar olması tənqid edilir və narahatlıq doğurduğu bildirilir: “Məsələ ilə bağlı narahatlığın ciddiliyinin təsdiqi cənub qonşumuzun son bir həftədə az qala hər gün Azərbaycana, Ermənistana, ələlxüsus da Rusiyaya media resursları vasitəsilə bu yolun açılmasına “icazə verməyəcəkləri” ilə bağlı göndərdikləri ismarıclardır. Bir neçə gün öncə İranın Ali Rəhbəri Əli Xameneyinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS tədbirində iştirak etmək üçün Sankt-Peterburqa gəlib və orada Sergey Şoyqu ilə görüşdə Rusiya tərəfinin Zəngəzurla bağlı mövqeyinin aydınlaşdırılmasını istəyib”.
Z.Məmmədov güman edir ki, İranı narahat edən əsas məqam bölgənin gələcək siyasi, iqtisadi və hərbi coğrafiyası ilə bağlı Rusiyanın Azərbaycanla, yoxsa İranla həmfikir olması məsələsidir. Ermənistan və Rusiya arasında münasibətlərin soyuqlaşması və son vaxtlar Bakı ilə Moskva arasında ənənəvi yanaşmaların deyil, yeni reallıqların formalaşması və yeni baxış bucağının üstünlük təşkil etməsi Tehranı narahat etməkdədir. Hərçənd, Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaranan yeni geosiyasi reallıqlar İrana da böyük üstünlüklər gətirəcək.
Politoloq qeyd etdi ki, Türk dünyasının inteqrasiyasının güclənməsi və Zəngəzur dəhlizinin bu məsələdə oynaya biləcəyi mühüm rolla bağlı İranda isterika yaşanır. Ancaq bu məsələdə İranda əvvəllər də isterika yaşanıb: “Hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qacarlar dövlətinin rəsmi şəxsləri və digər siyasi xadimləri Cənubi Qafqazdakı proseslərə ehtiyatla yanaşır və baş verənləri öz dövlətləri üçün təhdid sanırdılar. 1919-cu ildə əvvəlcə Məhəmməd Əmin Rəsulzadə, daha sonra Yusif Vəzir Çəmənzəminli “Xarici siyasətimiz” adlı kiçik həcmli əsərində Tehranın narahatlığına cavab vermişdilər. Onlar yazılarında qeyd edirdilər ki, İranın hüquqlarına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və rifahımızı təmin edən yalnız qonşularımızla dostluğumuz olacaqdır”.
Müsahibimiz bildirdi ki, bu gün də Azərbaycan dövlətinin rəsmi şəxsləri ölkəmizin İranla dostluq-qonşuluq münasibətlərinin tərəfdarı olduğunu dəfələrlə bəyan ediblər. Bu illər ərzində Ermənistanın tam olaraq blokadada qalmamasının yeganə səbəbinin İran olmasına, 2020-2023-cü illərdə Tehranın bölgədə müəyyən xoşagəlməz addımlar atmasına baxmayaraq, Azərbaycan dövləti bütün qonşularını, o cümlədən İranı “3+3” formatında iştirak etməyə dəvət edib. Rəsmi Bakı “Şimal–Cənub” nəqliyyat dəhlizinin mümkün qədər tez işə düşməsi üçün səylərini davam etdirir. Arazın cənubundakı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycan rəhbərliyi heç vaxt İrana qarşı koalisiyalarda iştirak etməyib və əsl qonşuluq və dostluğun necə olduğunu dəfələrlə birtərəfli qaydada sübut edib. İran rəsmilərinin, nəhayət, bunu qiymətləndirmələri gərəkdir.
Səxavət HƏMİD
XQ