Tükdən asılmış Makron

post-img

Onu impiçmentə sürükləyən səbəb təkcə daxili seçkiləri uduzması deyil, həm də xarici siyasətdə üzləşdiyi uğursuzluqdur

Bu məsələ ilk dəfə cari ilin fevral ayında qaldırılmışdı. Fransa “Vətənpərvərlər” Partiyasının rəhbəri Florian Filippo parlamenti prezident Emmanuel Makrona etimadsızlıq göstərməyə çağırmışdı. İndi bu prosedur gerçəkləşməyə başlayır. 

Bu gün Fransa Milli Assambleyası, parlamentin aşağı palatası solçu “Yenilməz Fransa” partiyasının təklif etdiyi Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirəyə çıxaracaq. Partiya sədrinin verdiyi açıqlamaya görə, Emmanuel Makron Fransaya nifrət edir və onu Üçüncü Dünya müharibəsinə sürükləməyə çalışır: “Deputatların hərəkətə keçməsi üçün petisiya hazırlanmalıdır. Konstitusiyanın 35 və 68-ci maddələri dövlət başçısının impiçmentini nəzərdə tutur”.

Dünən günün ikinci yarısında Fransa mətbuatının yaydığı məlumata görə, Fransa Milli Assambleyasının Bürosu prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini müzakirəyə qəbul edib. Qeyd etdiyimiz kimi, bu təşəbbüs parlament seçkilərində qalib gəlsə də, hökumətin formalaşdırılması prosesindən kənarda qalan solçu “Yenilməz Fransa” partiyasına məxsusdur. Məlumatlarda o da qeyd olunur ki, Fransa seçicilərinin yarısı solçu müxalifətin Emmanuel Makronu prezident səlahiyyətlərindən məhrum etmək üçün impiçmentlə bağlı qətnamənin qəbulunu dəstəkləyir. Bunu “BFMTV” telekanalının sifarişi ilə “Elabe” sosioloji tədqiqatlar xidmətinin 18 yaşdan yuxarı 1000 fransalı arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələri də sübut edir. Respondentlərin yarısı bu təşəbbüsün əleyhinə çıxıb.

* * *

Fransa parlamentinə seçkiləri uduzan iqtidar partiyası uzun müddət hökumətə başçı təyin etmək problemi ilə üzləşmişdi. Yalnız iki həftə bundan əvvəl Mişel Barnier Fransanın baş naziri postuna təsdiqlənib. Solçu müxalifətin nümayəndələrinin dövlət başçısının impiçmenti üçün parlamentə müraciət etmələrinin əsas səbəbi Makronun namizədliyi məhz Yeni Xalq Cəbhəsi alyansı tərəfindən irəli sürülən iqtisadçı Lüsi Kasteni baş nazir postuna təyin etməməsidir. Yerli mətbuat yazır ki, solçuların koalisiyası parlament seçkilərində uğur qazanmasına baxmayaraq, Makronun onların nümayəndələrini yeni hökumətdən kənarlaşdırması münasibətlərin gərginləşməsinə və impiçmentin reallaşmasına qədər gətirib çıxarıb.

Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq, hazırlanan qətnamə layihəsi prezidentin vəzifələrini pozduğu təqdirdə ali postdan kənarlaşdırılmasına imkan verir. Qətnaməni “Yenilməz Fransa”nın 72 nümayəndəsi, “Yeni Xalq ­Cəbhəsi” blokundan 81 deputat, o cümlədən “Yaşıllar”, “Sol Demokratlar və Respublikaçılar” qrupunun bəzi deputatları dəstəkləyiblər. Fransa Milli Assambleyasının aşağı palatanın ən yüksək kollegial orqanı, 22 üzvdən ibarət büro qətnaməni müzakirəyə qəbul etməklə qanunverici orqanın dövlət başçısına etimadsızlıq nümayiş etdirməklə bağlı prosedura start vermiş oldu.

Əgər qətnamə bu mərhələdən keçərsə sonra o, solçuların cəmi 24 mandata malik olduğu 73 deputatdan ibarət qanunvericilik komitəsi tərəfindən təsdiqlənməlidir. Bundan sonra iki həftə ərzində Milli Assambleya qətnaməni müzakirə etməli və səsə qoymalıdır. Sənədin növbvəti mərhələyə adlamasından ötrü Milli Assambleya üzvlərinin üçdə ikisi (385 deputat) ona səs verməlidir. Buna bənzər prosedurlar solların azlıqda olduğu Senatda da keçməlidir. Nəhayət, Senat qətnamə layihəsini təsdiq edərsə (232 səs), bu zaman hər iki palatanın birgə iclası toplanmalı və impiçmentin qəbul olunması üçün 925 parlamentaridən 617-si onu dəstəkləməlidir.

Bu son mərhələdən sonra qətnamə qanuni qüvvəyə minir və Fransa prezidenti dərhal vəzifəsindən uzaqlaşdırılır. Doğrudur, Makrona etimadsızlıq qətnaməsinin çoxpilləli prosedurların hamısından “salamat” çıxacağına yüz faizlik təminat yoxdur, amma burada ictimai rəyin müəyyən rol oynaya biləcəyini də nəzərdən qaçırmaq olmaz. Yeri gəlmişkən, onu da qeyd edək ki, sentyabrın əvvəli Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb edib.

* * * 

Müxalifətin məlum təşəbbüsü, yəni Fransa prezidentinə qarşı petisiya məsələsi internetdə milyonların dəstəyini qazanıb. Yerli ekspertlərin rəyinə görə, solçu “Yenilməz Fransa” Partiyası prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlamaqla siyasi mübarizədə irəliyə doğru ciddi addım atıb. Bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano özünün “X” sosial şəbəkəsində açıqlama dərc edib. M.Pano bildirib ki, impiçment prosedurunun başlanmasından dərhal sonra qətnamə layihəsi birgə imzalanması üçün parlament üzvlərinin hamısına göndərilib.

Hər şeydən göründüyü kimi, başı qalmaqallardan açılmayan Yelisey Sarayının “müvəqqəti sakini”ni qarşıda gərgin və həyəcanlı anlar gözləyir. İyulun sonları avqustun əvvəllərində Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarının pis təşkilinə görə qınaq obyektinə çevrilmiş Emmanuel Makronu yerli media tez-tez tənqid atəşinə tutur. 

Bir el məsəlində deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına. Makronun özünü yuyulmamış çömçə kimi ortaya ataraq, Ermənistan–Azərbaycan  sülh danışıqlarında “baş referi” rolunu oynamaq istəyi onun öz başına bəlalar açır. Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq uydurmaları ilə meydana girən Fransa prezidenti arxadan Ermənistanı silahlandırmaqla məşğul olur, Azərbaycana hərbi-siyasi təzyiq göstərməyə çalışır. Bu zaman, o, unudur ki, bir il əvvəl Azərbaycanın tarixin arxivinə göndərdiyi münaqişənin qəsdən uzadıldığı 30 ilə yaxın müddətdə Minsk qrupunun üzvü olan Fransanın nümayəndələri İrəvana ancaq konyak içməyə, kef çəkməyə gəlir, qayıdandan sonra da daşnak-separatçılara dəstəklərini bildirirdilər. Bakı münaqişəni öz gücünə həll edəndən sonra yenidən “sülh meydanına” girmək istəyi baş tutmayanda indi impiçmentlə üz-üzə qalan Makron qəzəblənirdi. Daha qəzəbi soyumuş müsyö Emmanuel təkcə prezident kürsüsünün deyil, həm də siyasi karyerasının tükdən asılı vəziyyətdə olduğunu yəqin dərk edir... 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Fransa prezidenti Emmanuel Makron, ola bilsin ki, birbaşa impiçmentə məruz qalmasın. Çünki bu ölkədə impiçment proseduru çoxpilləli və mürəkkəbdir. Amma fakt ondan ibarətdir ki, onun hakimiyyətdən getməsi ilə bağlı tələblər bütün Fransanı bürüyüb. Həm ölkənin siyasi elitasında, həm də ictimaiyyətdə həmin çağırışlar güclü əks-səda doğurub. Təbii ki, Makron özü də bunun fərqindədir. Avropa Parlamentinə seçkiləri uduzması da onu çıxılmaz duruma salıb. Sağçı və solçu partiyaların üstünlük təşkil etdiyi bu platformada da Fransa prezidentinin nüfuzu aşağı yuvarlanmışdır. 

Xeyli vaxtdır ki, o, baş nazir təyinatını həyata keçirə bilmir. Ona görə ki, Fransa parlamentinə seçkiləri udmuş qüvvələr onun bu posta təyin etmək istədiyi namizədlərinə öz etirazlarını bildirirlər. Yəni, siyasi hakimiyyətdə də Makronun reytinqi çox aşağı düşüb. O, sadəcə, nomunal olaraq Fransa prezidenti sayılır və daxildə cərəyan gedən proseslər onu göstərir ki, öz səlahiyyətlərini tam yerinə yetirməyə hökmü də qalmayıb. Hər halda, yaranmış indiki şəraitdə daxili və xarici siyasətdə Makronun atacağı addımlar bir çox qüvvələr tərəfindən ciddi etirazlarla qarşılanacaq. Görünən odur ki, indi o, ciddi imtahan qarşısındadır.   

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı

– Son parlament seçkilərində Emmanuel Makronun partiyası xeyli deputat yeri itirdi. Sağ radikallar və solçular çox yer qazandılar. Elə həmin gündən etibarən Makronun impiçment məsələsi gündəmdə operativliyini qoruyub saxlamaqdadır. Müxalifət partiyaları, ümumiyyətlə, növbədənkənar prezident seçkiləri tələb edirdilər. Doğrudur, o vəziyyətdə Makron mövqeyini nisbətən gücləndirməyi bacardı və bu günlərdə baş nazir də təyin etdi. Amma onun nüfuzu və mövqeyi zəif olaraq qalır. Əgər Fransa parlamentində ona qarşı istefa məsələsi qaldırılırsa da, bu, vaxt aparan prosedurdur. Hətta Makron bu müddətdə müqavimətini artırıb son nəticəyə təsir göstərə bilər. 

Danılmaz fakt ondan ibarətdir ki, Fransa prezidentinin daxildə mövqeləri ciddi şəkildə zəifləyib, dəstəyi də azalıb. Bunun səbəbi Makronun həm daxili, həm də xarici siyasətinin bərbad gündə olmasıdır. Elə onun Qafqaza münasibətdə Fransanın nüfuzunun və mövqeyinin necə zəiflətdiyinin şahidi olduq. Makrona qədər Fransa–Azərbaycan münasibətləri normal idi. Ondan əvvəlki prezidentlər ermənipərəst mövqedə olsalar da, İrəvana gedəndə Bakıya da gəlirdilər. Ən azı, sözdə balansı qorumağa çalışırdılar. Makron özünün ifrat ermənipərəst siyasəti ilə bu balansı pozdu. Özü və ətrafındakılar açıq anti-Azərbaycan açıqlamalar verir, Ermənistana silah-sursat göndərirlər. Müxalifət bu dəfə istəyinə nail ola bilməsə belə, impiçment dinləmələri Emmanuel Makronun nüfuzuna ciddi zərbə vuracaq.                 

İmran BƏDİRXANLI  
XQ

 





Siyasət