Qalib ölkənin sülhə baxış prinsipiallığı

post-img

Yaxud Blinkenin zəngi ilə bağlı məqamlar

Hazırda Cənubi Qafqazda cərəyan edən proseslər və müəyyən mənada gizli təmayülə malik gərginliklər fonunda ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi diqqət çəkməyə bilməz.  

Ondan başlayaq ki, son günlər kollektiv Qərbin Ermənistana ciddi dəstəyi var. O cümlədən, Qərbin ən mühüm aktoru olan ABŞ-ın da. Konkret olaraq, Birləşmiş Ştatlara gəlincə, o, İrəvana arxa duran tərəfdir. Yəni, ölkənin yüksək rütbəli hərbçiləri Ermənistan ordusunda təlimlər keçir, snayper silahlarının sirlərini öyrədir və sair. Hər halda, hələlik görünən budur. Əlbəttə, digər görünməyən məqamları da istisna etmək olmaz. Nəticə etibarilə, ABŞ-ın rəsmi İrəvanın düşdüyü illüziya bataqlığındakı yerini möhkəmləndirən tərəf kimi çıxış etdiyi ortadadır. Çox təəssüf ki, durum məhz belədir.  

***

A.Blinkenin dövlət başçımıza telefon zəngində Ermənistanla Azərbaycan arasında davamlı sülhün yaranmasının vacibliyini, ölkəsinin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. Ancaq Ermənistan hazırda sürətlə silahlanır, millitarizasiya siyasəti həyata keçirir və Vaşinqton da yuxarıda sadaladıqlarımıza nəzərən, istər-istəməz ölkədə hərbi ritorikanın möhkəmlənməsində və deməli, Cənubi Qafqazda gərginliyin artmasında fəal qütb rolundadır. 

ABŞ Dövlət Departamentinin rəhbəri, eyni zamanda, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsindəki nailiyyətləri,  dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Əlbəttə, rəsmi Vaşinqtonun pozitiv məqamları yada salan məntiqə köklənməsi həmin məqamların dayanıqlılığı baxımından faydalıdır. Ancaq məsələ ondadır ki, söhbət sərhədlərin delimitasiyası məsələsində Bakı ilə İrəvan arasında əldə edilmiş razılaşmalardan gedirsə, həmin razılaşmalarda Birləşmiş Ştatların heç bir payı yoxdur. 

Digər tərəfdən, hazırda sərhədlərin çox az qismində delimitasiya aparılıb. Qarşıda böyük işlər var. Onlara diqqət yetirərkən və rəsmi İrəvanın hazırkı sülhdən uzaq gedişlərini yada salarkən, həmin böyük işlərin heç də rəvan müstəvidə getməyəcəyini vurğulamaq mümkündür. Bəs ABŞ-nin duruma konstruktiv təsiri ola bilərmi? Gələcək barədə nə isə demək çox çətindir, hətta indiki zaman kəsiyi üçün mümkünsüzdür. Bu yerdə Prezident İlham Əliyevin üzərində dayandığı məqamlara keçid alaq. 

Dövlətimizin başçısı regionda artıq sülhün mövcud olduğunu vurğulayıb. Hesab edirik ki, bu fikrin özü çox şey deyir. Yəni, sülh mühiti yaranıb, bundan sonrakı proseslər həmin mühiti korlamağa yönəlməməlidir. Həm də sözügedən mühit Azərbaycanın səyləri ilə formalaşıb. Nəzərə alaq ki, ölkəmiz 44 günlük müharibə qalibi kimi məğlub Ermənistana əl uzadıb, onu barışa dəvət edib. Halbuki, bunu etməyə bilərdi. Ancaq qarşı tərəf müharibədən ötən dörd il müddətində davamlı spekulyasiyalarla məşğuldur və bərmənalı şəkildə sülhdən yayınaraq, regionda yeni reallıqlar formalaşdırmağa çalışır. 

Azərbaycanın sayəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların və status-kvonun yarandığını vurğulayan Prezident İlham Əliyevin bu fikrindən sonra da Ermənistanın sözügedən reallıqlara çıxmaq istəklərinin mövcudluğunu xatırlamaq mümkündür. Əlbəttə, ölkəmizin hazırkı status-kvonu təhdid edən meyillərə qarşı ciddi müqavimət əzmini də. Dövlətimiz çalışır ki, sülhə və ədalətə əsaslanmış yeni reallıqlar möhkəm təbiətə malik olsun, ona qarşı bütün mümkün təsir elementləri aktuallığını itirsin. Bunun üçün isə Ermənistan konstitusiyası və digər qanunvericilik aktları dəyişməlidir ki, mövcud məqamı Prezident İlham Əliyev ABŞ-ın ali rəsmisinin də diqqətinə çatdırıb. 

Bəli, Ermənistan Azərbaycana, ümumən qonşularına qarşı bütün ərazi iddialarından daşınmalı, daşındığını yüksək səviyyədə təsdiqləməlidir. Əlbəttə, anlayırıq ki, bu, tam təminat deyil. Ancaq indiki məqamda məsələ nəinki rəsmi İrəvanın, ümumən erməni cəmiyyətinin xoş niyyət ifadəsi kimi meydana çıxmalıdır. Ermənistan konstitusiya dəyişikliyi jestini otuz il davam etmiş işğalçılıq ləkəsini öz üzərindən atmaq üçün etməlidir. Etməlidir ki, ona inam və etimad yaransın. Ancaq yuxarıda da vurğuladığımız kimi, ölkə sülh ritorikasına zidd silahlanma yolu tutur, bunun adını özünün müdafiə qabiliyyətinin möhkəmləndirilməsi qoyur. Halbuki, prinsip etibarilə ona silahlanma lazım deyil. 

***

Azərbaycan Prezidentinin A.Blinkenlə telefon danışığında üzərində dayandığı növbəti məqam ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasıdır. Məlumdur ki, bu da regionda sülh xüsusunda ölkəmizin Ermənistana qarşı irəli sürdüyü növbəti tələbdir. Dünya birliyi bu tələbin haqlı və məntiqli olduğunu nəzərə almalıdır. 

Birincisi, ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında otuz ilə yaxın davam etmiş danışıqlar prosesində heç bir real nəticə əldə etmədi, qurumun ABŞ-dan, Rusiyadan və Fransadan olan həmsdərlərinin işi yalnız regiona mənasız səfərlər reallaşdırmaq oldu. 

İkincisi, bu təsisat fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə vaxtı uzatmaq və işğalı düşüncələrdə leqallaşdırmaq yolunu tutdu. 

Üçüncüsü, Minsk qrupunun mövcudluğu psixoloji və mənəvi baxımdan Qarabağ faktorunun mövcudluq simgəsi kimi qarşılana bilər. Belə bir faktor isə ola bilməz. Həm də ona görə ola bilməz ki, Ermənistan vaxtilə həmin qrup çərçivəsində aparılan danışıqlarda manipulyasiya yolu tuturdu. Ən sonda isə baş nazir Nikol Paşinyan 44 günlük müharibə üçün “barıt çəlləyinin ildırımı vurması” effekti verən “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməklə, danışıqlar prosesini tamamilə pozdu. O, belə mövqe tutmaqla, Qarabağın, heç bir halda, danışıqlar predmeti ola bilməyəcəyini göstərdi. Beləliklə, Azərbaycanın bir zamanlar bölgəyə öz yurisdiksiyası altında ən yüksək status vermək məramını da alt-üst etdi. 

Dördüncüsü, hazırda Ermənistan rəhbərliyində təmsil olunanlar Bakı-İrəvan danışıqları baxımından ATƏT-in Minsk qrupu formatının məqbulluğundan da söz açırlar. Tam aydındır ki, məsələnin belə qoyuluşu həm vurğuladığımız kimi, Qarabağ amilinin mövcudluq paradiqması qismində qəbullana, həm də rəsmi İrəvanın regiondakı reallıqları dəyişmək cəhdlərinin alətinə çevrilə bilər. 

***

Prezident İlham Əliyevin A.Blinkenlə telefon danışığında üzərində dayandığı növbəti məqam sərhədlərin delimitasiyası ilə bağlıdır. Ölkəmizin lideri də Azərbaycanla Ermənistan arasında başlanılmış bu prosesin pozitivliyini diqqətə çatdırır. Ancaq məlumdur ki, pozitivlik təkcə bir istiqamətli olmamalı, kompleks səciyyə daşımalıdır. Yəni, ümumən sərhədlərin delimitasiyası sülhün vacib elementi rolunda çıxış etməlidir və istər-istəməz mövcud istiqamətdəki növbəti fəaliyyət kompleks məzmunu vurğulamalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, hələlik sərhədin çox az, prinsip etibarilə, o qədər də ciddi əhəmiyyət daşımayan nöqtələri üzrə razılaşma var. Ancaq həmin razılaşmaları Ermənistanın revanşist və şovinist kəsiminin süngü ilə qarşıladığını görürük. Ölkə rəhbərliyi isə nəinki bu meyillərə qarşı mübarizə aparmır, bir çox hallarda revanşist və şovinistlərin azğın ritorikasını dövlət siyasətnin tərkib hissəsi kimi götürür. Deməli, baş nazir Nikol Paşinyanın və komandasının başlanılmış işin məntiqi yekuna çatdırılması istiqamətində lazımi irədə nümayişi yoxdur...

***

Azərbaycan lideri ilə Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbərinin telefon danışığı zamanı üzərində dayanılmış daha bir məqam bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı – COP29 olub. A.Blinken COP29-un uğurla təşkili üçün ABŞ-nin Azərbaycana dəstək göstərdiyini bildirərək, hər iki ölkənin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbuluna dair xüsusilə inkişaf etmiş dövlətlərin konsensusuna ümidvar olduğunu deyib.

Telefon danışığının bu mövzusundan söz açarkən, onu da bildirməliyik ki, hazırda COP29-la bağlı da Azərbaycana təzyiq cəhdləri olur və bu cəhdlər ABŞ-ın da tərkibində yer aldığı kollektiv Qərbdən gəlir. Ən əsası isə COP29-un ölkəmizdə təşkilini Azərbaycan – Ermənistan sülhü müstəvisinə gətirmək və beləliklə ölkəmizin ədalətsiz sülhlə razılaşmasını istəyənlərin aktivləşdiyini görürük. Yaxşı olar ki, Birləşmiş Ştatlar belə mənfi meyillərin, ümumən Azərbaycana qarşı qərəzli münasibətin aradan qalxmasına da öz töhfəsini versin. Yaxud rəsmi Vaşinqton bu cür mənfi yüklü yanaşmaların özünə aid seqmentini deaktiv etmək istiqamətində çalışsın. 

Hesab edirik ki, bu, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirin əsl məramının vurğulanmasına, toplantının verdiyi mesajların beynəlxalq səviyyədə qəbuluna dəstək nöqteyi-nəzərdən vacibdir. Nəzərə alaq ki, hazırda  Azərbaycanın COP29-a evsahibliyini ləkələmək böyük əhəmiyyət daşıyan tədbirin mahiyyətini heçə endirmək, onu lazımsız bir toplantı olaraq təqdim etməkdən başqa bir şey deyil. Fikrimizcə, nəinki Birləşmiş Ştatlar, ümumən dünyanın mütərəqqi kəsimi mövcud məqamı düşünməlidir. Elə edilməlidir ki, ümumən COP müstəvisi etibarını itirməsin. 

Sonda onu da deyək ki, Azərbaycan dövləti hər zaman prinsiplərinə sadiqdir. Prezident İlham Əliyev A.Blinkenlə telefon danışığının mövzusu və dövlətimizin başçısının həmin mövzulara uyğun fikirləri də bunu bir daha təsdiqlədi. Hesab edirik ki, Ermənistan və havadarları, eyni zamanda, xaricdəki anti-Azərbaycan qüvvələr mövcud məqamı ətraflı düşünməli, ölkəmizi tutduğu yoldan döndərmək cəhdlərinin heç bir səmərə verməyəcəyini anlamalıdırlar. Anlayacaq, düz yola gələcək və qərəzlərindən daşınacaqlarmı? Bu barədə nə isə qəti söz demək mümkün deyil. Bizə ümid bəsləmək qalır. Əlbəttə, bununla kifayətlənmirik, necə deyərlər, əlimiz hər zaman tətikdədir. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət