Vahid Məhkəmə Portalı üzrə yeni funksional imkanlar

post-img

Dünən Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupun geniş tərkibdə növbəti iclası keçirilib. 

Toplantıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun ötən illərdə kifayət qədər uğurlu fəaliyyət göstərdiyini, 2024-cü il üzrə əsas hədəfləri əhatə edən Yol Xəritəsinin əksər tədbirlərinin artıq icra olunub yekunlaşdığını, bu işlər çərçivəsində əldə edilmiş nailiyyətlərin müvafiq sahədə biznes mühitinə əhəmiyyətli müsbət təsir edəcəyini və özəl sektorun məmnunluğunun artmasına xidmət edəcəyini bildirib.

Ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Toğrul Hüseynov indiyədək əldə edilmiş əsas nailiyyətlərdən söz açaraq qeyd edib ki, elektron məhkəmə sisteminin inkişafı, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlər aparılır. O, mediasiyanın rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədi ilə təşkilati tədbirlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, işçi qrupun və Mediasiya Şurasının birgə fəaliyyəti çərçivəsində mediasiya proseslərinin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Vahid Məhkəmə Portalında yaradılmış yeni funksionallıq ilə fiziki və hüquqi şəxslər üçün bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına həmin portal vasitəsilə elektron formada müraciət etmək imkanı yaradılıb. Bununla yanaşı, bütün mediasiya təşkilatları “gov.az” ölkə kodlu domenlə təmin edilib.

İclasda mübahisələrin həllinin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yeniliklər səsləndirilib.  “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə aparılan məhkəmə icraatı üzrə hazırkı vəziyyət, istifadəçi məmnunluğu və qarşıda duran vəzifələr də müzakirə olunub.

Bununla yanaşı, işçi qrupun 2024-cü il üzrə əsas hədəflərini əhatə edən Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, hazırlanmış layihələrlə və görülmüş işlərlə bağlı məlumat verilib.

XQ

 

Son xəbərlər