Orkestrdə “yad not”

post-img

Rusiyanın baş diplomatı qəribə açıqlaması ilə diqqət çəkib

Həftə maraqlı hadisələrlə zəngin oldu. Cənubi Qafqazda maraqları kə­sişən "böyük güclər"in təmsilçilərinin bir-birinə zidd açıqlamaları, transmil­li layihələrlə bağlı "uzaqmənzilli" bə­yanatları hələ də gündəmin əsas möv­zuları sırasındadır. 

Azərbaycan ictimaiyyətinin maraq dairəsinə düşən və diqqətini çəkən açıq­lamalardan biri də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri qarşısında çıxışı za­manı söylədikləri oldu. Rusiyanın baş diplomatı ölkəsinin dünyadakı mövqeyinə toxunduğu salamlaşma nitqindən sonra tələbələrin suallarına cavab verib. Erməni əsilli tələbələrdən biri Lavrova sual verib. Onun sualı Suriya, Ukrayna və Dağlıq Qa­rabağ münaqişəsi prizmasından Rusiya–Türkiyə münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı olub. Nazir sualı cavablandırarkən Rusiya və Türkiyə arasında etibarlı tərəf­daşlıq əlaqələri, müxtəlif münaqişələrin həllində birgə fəaliyyətləri barədə ağızdo­lusu danışıb. 

Bu zaman Lavrovun Ermənistan–Azər­baycan münasibətlərinin nizamlanması kontekstində dediyi sözlər bizi təəccüb­ləndirdi və hətta, çaşdırdı da: “Ermənistan rəhbərliyinin 2022-ci ilin sonunda "həll etdiyi" Qarabağ problemindən danışırıq. Azərbaycan və Avropa İttifaqının iştirakı ilə 1991-ci ildə imzalanmış sərhədlərinin tanınması haqqında saziş, bu çərçivədə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbay­can Sovet Sosialist Respublikasının tərki­bində olub...”

Lavrovun bu "siyasi tezisi"nə arayış vermək məcburiyyətindəyik. Bəli, son üç il yarımda Rusiya diplomatları hətta dövlət başçısı bu mövzu ilə bağlı sualı cavablan­dırarkən şikayətlənirdilər ki, “Qarabağın itirilməsində” İrəvanın özü günahkardır. Çünki rəsmi İrəvan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. İntəhası, bu kontekstdə Lavrovun indiki bəyanatı bir qədər fərqli mənzərə yaradır. Birinci­si, indiyə qədər bir tezis qəti şəkildə ifadə edilməmişdi. Bir çox hallarda ironiya qarı­şıq istehza ilə dilə gətirilirdi. İkincisi, əgər Ermənistan müharibəni acınacaqlı şəkildə uduzubsa, "Qarabağ münaqişəsi"ni necə və hansı formada “həll edə” bilərdi?

Aşkar görünən odur ki, Lavrovun bu açıqlaması Rusiya–Azərbaycan münasi­bətlərinin indiki ruhuna və Prezident Pu­tinin mövqeyinə qətiyyən adekvat deyil. Rusiya Prezidenti dəfələrlə Lavrovun son bəyanatına oxşar ruhda öz fikrini ifadə edib. Eyni zamanda, 2023-cü ilin oktyab­rında bəyan edib ki, “Azərbaycanın Qara­bağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir”. Eyni zamanda, Putinin bu ilin avqustunda Azər­baycana dövlət səfəri zamanı bəyanatların­dakı əvvəlki ironik tonlar tamamilə aradan qaldırıldı. Diqqətli izləyicilər gördülər ki, Putin Bakıda “Qarabağ” sözünü bir dəfə də olsun dilə gətirmədi. Çünki, Azərbaycan kimi, Rusiya üçün də “Qarabağ münaqişə­si” keçmişdə qalmışdı. Vladimir Putinin Bakıya səfəri zamanı dediklərindən bəzi sitatları diqqət yetirək: “Rusiya Azərbay­can–Ermənistan münasibətlərinin qarşılıq­lı normallaşmasına və tərəflərin əldə etdiyi məlum üçtərəfli razılaşmalar əsasında sülh müqaviləsinin bağlanmasına hər cür töhfə verməkdə davam edəcək... Əlbəttə, siz və mən dünən bu mövzuya toxunmuşuq, bu gün də davam edəcəyik – bu, Cənubi Qafqazdakı vəziyyətin nizamlanmasına aiddir. Mən bilirəm ki, Azərbaycanın niy­yəti tam nizamlanma ilə bağlı bütün prose­durları başa çatdırmağa yönəlib, mən bunu yaxşı bilirəm. Gəlin bu haqda danışaq”.

Yeri gəlmişkən, görünür, Putinin “Qa­rabağ problemi”nə “diqqətsizliyi” hətta Kremlə yaxın media dairələrini ciddi şəkil­də narahat edib. İş o yerə çatıb ki, Marqa­rita Simonyanın rəhbərlik etdiyi "RİA No­vosti" Rusiya Prezidentinin sözlərini təhrif edib – yuxarıdakı sitatların sonuncusunu sanki, o, “Qarabağ” sözünü ifadə etmiş kimi göstərib.

Etiraf etməliyik ki, Rusiya ilə Azər­baycan arasında müttəfiqlik əlaqələrinin güclənməsinə baxmayaraq, Rusiyanın baş rus diplomatı həll olunmuş münaqişəyə dövlət başçısından bir qədər fərqli "nəzər yetirir"...

Doğrudur, bir məsələyə insanların fərqli baxışları ola bilər. Problem ondadır ki, Lavrovun bu fərqli fikirlərini ictimail­ləşdirir. Belə çıxır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qarabağ probleminin həll olunması ilə o qədər barışa bilmir və bu məsələyə yanaşmada dövlət başçısına açıq şəkildə etiraz etmiş kimi görünür. 

Lavrovun Qarabağ məsələsində başqa cür düşündüyü təzə xəbər deyil. 2022-ci ildə MDB dövlət başçılarının Astana­da keçirilən sammiti zamanı, o, Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan rəhbərliyinin “kobud səhvin­dən” açıq hiddətlə danışıb. Baş diplomatı bir insan kimi başa düşmək olar. Axı, Mos­kvanın müəyyən qeyd-şərtlərlə ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə bir ansamblda yer aldığı "münaqişə mene­ceri" rolunda regionla qarşılıqlı əlaqə qur­maq çox xoşdur.

Nə olursa–olsun, bunlar keçmişdə qa­lıb və Rusiya Xarici İşlər Nazirliyinin rəh­bəri öz Prezidentinin nöqteyi-nəzərindən, zənnimizcə, Rusiya ilə Azərbaycan ara­sında müttəfiqlik münasibətlərinin ruhuna uyğun mövqe tutmalıdır.

Nəhayət, başqa məsələrlə yanaşı, Lav­rovun sözləri tələbələrlə görüşün ruhu­na da ziddir. MDBMİ tələbələri, gələcək diplomatlar və siyasətçilər hansı dünyada yaşamalı və işləməli olduqlarını başa düş­mək üçün həqiqəti bilməyə borcludurlar. Həqiqət budur ki, Qarabağ problemini yo­luna qoyan və Ermənistanı 1991-ci il sər­hədlərini tanımağa məcbur edən Azərbay­candır. Bu həqiqəti təhrif etmək tələbələrin diplomatik anlayışının təhrif olunması ilə nəticələnir və bu, artıq Rusiya siyasətinin gələcəyi üçün risklər yarada bilər.

İkinci Qarabağ müharibəsində qazan­dığımız Zəfər ilə 30 illik işğala yox, 200 il­lik erməni separatizminə, terroruna böyük zərbə vurduq. Haylar bizə qarşı düşmən­çilik siyasətini özlərinin terror təşkilatları, lobbisi, kilsəsi və Ermənistan dövləti va­sitəsilə həyata keçirirdi. Azərbaycan dörd il bundan əvvəl bunların uzunmüddətli planlarını alt-üst edərək, özlərinin arasın­da mübarizənin yaranmasına səbəb oldu. Kiçik əraziyə və əhali sayına malik Ermə­nistan artıq bilməlidir ki, regionda qalmaq üçün terrordan, separatizmdən, qonşulara qarşı işğalçılıq və başqa güclərin "maşası" olmaq siyasətindən əl çəkməlidir.

İmran BƏDİRXANLI
XQ

Siyasət