Son illərdə nümayiş etdirilən siyasi dinamizm və strateji çeviklik ölkənin transatlantik müstəvidə mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirib. Regional güc balansının dəyişdiyi, Cənubi Qafqazda müharibədən sonrakı gündəliyin yenidən qurulduğu bir vaxtda Bakı həm enerji təhlükəsizliyi xəttinin dayağı, həm də qlobal təsir gücləri arasında vacib əlaqə məntəqəsi statusunu möhkəmləndirib. ABŞ-la münasibətlərdə dialoqun intensivləşməsi, təhlükəsizlik məsələlərində daha praqmatik yanaşmanın formalaşması və Vaşinqtonun Azərbaycanı Cənubi Qafqazın sabitlik memarı kimi qiymətləndirməsi ikitərəfli münasibətlərdə real dəyişikliklərin xəbərçisinə çevrilib. Azərbaycanın enerji layihələri, antiterror siyasəti, regional inteqrasiyada lider rolu Vaşinqton tərəfindən də diqqətlə izlənilir və bu, siyasi əlaqələrdə yeni rasionallığın yaranmasına yol açır.
Hazırkı fonda Azərbaycanın geniş tərkibli nümayəndə heyətinin ABŞ səfəri xüsusi siyasi yük daşıyır. Heyətin tərkibinə Milli Məclisin deputatları Səməd Seyidov, Anatoli Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsini icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayev daxildir. Səfərin siyasi çərçivəsi genişdir. Məqsəd Konqres üzvləri, administrasiya rəsmiləri, aparıcı beyin mərkəzləri və ABŞ-ın nüfuzlu yəhudi təşkilatları ilə Cənubi Qafqazdakı yeni mərhələ barədə açıq və faktlara söykənən dialoq qurmaqdır. Regionda gedən proseslər, sülh gündəliyində Azərbaycanın mövqeyi, regional təhlükəsizliyin konturlarında formalaşan yeni reallıqlar səfərin əsas istiqamətlərini müəyyənləşdirir.
Noyabrın 17-də başlanmış proqram çərçivəsində ilk görüş Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosniklə keçirilib. Ardınca nümayəndə heyəti ABŞ-ın bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və Konqres üzvlərinin köməkçilərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masada çıxış edib. Görüşlərdə Azərbaycan tərəfi həm regiondakı hərbi-siyasi nizamı izah edib, həm də Vaşinqtonla münasibətlərdə yaranmış yeni müsbət dinamikanın səbəblərini detallı şəkildə təqdim edib. ABŞ siyasi çevrələri üçün xüsusilə 8 avqust Vaşinqton Sammitindən sonra müşahidə olunan canlanmanın konturları və tərəflər arasında əməkdaşlığın real istiqamətləri diqqət mərkəzində olub. Nümayəndə heyətinin növbəti günlərdə Dövlət Departamenti, Konqresin hər iki palatasının üzvləri, düşüncə mərkəzləri və Azərbaycan–ABŞ Ticarət Palatasında keçirəcəyi görüşlərin əsas məqsədi Vaşinqtonun regionla bağlı siyasətində rasionallığın gücləndirilməsi, ikitərəfli münasibətlərdə davamlı siyasi platformanın qurulması, eləcə də sülh gündəliyinin ABŞ siyasi institutlarında daha aydın anlaşılmasını təmin etməkdir. Səfərin noyabrın 21-dək davam etməsi həm intensiv diplomatik dialoqun göstəricisidir, həm də tərəflər arasında yeni siyasi fazanın formalaşdığına dair əlavə siqnaldır.
Vaşinqton–Bakı münasibətlərinin hazırkı mərhələsi son illərin çətinlikləri fonunda mühüm dönüş nöqtəsidir. Tərəflər uzun müddət bir sıra səhvlərin, yanlış informasiya kanallarının və lobbi qruplarının təzyiqinin nəticəsi olan anlaşılmazlıqlarla üzləşsələr də, regional dəyişikliklər geosiyasi məntiqi yenidən işə salıb. Xüsusilə Donald Trampın Ağ Evin rəhbəri olmasından sonra və 8 avqust görüşü tərəflər arasında strateji dialoqun bərpası yönündə mühüm siqnal sayılır. Bu görüş Bakının Vaşinqtona verdiyi açıq mesajların – sülh prosesinin irəliləməsi, kommunikasiyaların açılması, Cənubi Qafqazın militarizasiyasına qarşı Azərbaycan mövqeyinin – ABŞ tərəfindən daha obyektiv qiymətləndirilməsinə geniş imkan yaratdı.
İkitərəfli münasibətlərin müzakirəsində 907-ci düzəliş ayrıca yer tutur. Bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa yardımını məhdudlaşdırmaqla praktiki siyasətdə balanssızlıq yaratmış və Konqres səviyyəsində illərdir manipulyasiya alətinə çevrilmişdi. Məhz avqustun 8-də baş tutan görüşdən sonra ABŞ prezidenti Donald Tramp bu düzəlişin 1 il müddətinə dayandırılması barədə fərman imzaladı. Düzəlişin ləğvi regional sabitliyin yeni konsepsiyasına keçidin simvolu sayılır. Lakin düzəlişin tam qüvvədən salınması Konqresdən və onun iki palatasından asılıdır.
Təəssüf ki, hələ bu barədə yekun qərar verilməyib. Son dövrlərdə Bakı-Vaşqinton münasibətləridə müşahidə olunan aktiv dinamika ABŞ-da erməni lobbisini ciddi narahat edir. Axı 907-ci düzəlişin tam ləğvi ABŞ-Azərbaycan münasibətləri arasında sonuncu ciddi problemin həlli deməkdir. Bu isə, təbii ki, erməni icmasının “sonuncu qalası”dır. Lakin Donald Trampın qərarından sonra Konqresə yekun ləğv barədə çağırışlar artıb. Son olaraq ötən həftə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Konqresi Azərbaycan əleyhinə olan 907-ci düzəlişi ləğv etməyə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Elə Azərbaycan nümayəndə heyəti Konqres ofislərində apardığı görüşlərdə bu məsələnin siyasi, təhlükəsizlik və strateji nəticələrini detallı şəkildə izah edib.
Bu mövzunun Vaşinqtonda doğurduğu rezonans nümayiş etdirir ki, ABŞ siyasi dairələri artıq regiondakı reallıqları daha obyektiv qiymətləndirməyə meyillidir. Düzəlişin aradan qaldırılması yalnız hüquqi addım deyil, həm də Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı etimadın institusional bərpası üçün yeni bir mərhələnin başlanğıcıdır. Lakin 907-ci düzəlişin tam ləğvi əlaqələrin inkişafını mühüm dərəcədə sürətləndirəcək.
Azərbaycan–ABŞ münasibətlərinin hazırkı mərhələsi təkcə dövlətlərarası dialoqun intensivləşməsi ilə məhdudlaşmır. Proses artıq xalq diplomatiyası müstəvisinə keçid üçün də əlverişli şərait yaradıb. Vaşinqtonda aparılan müzakirələr, beyin mərkəzləri və ictimai institutlarla qurulan əlaqələr, eləcə də ABŞ yəhudi icmaları ilə məzmunlu təmaslar göstərir ki, iki ölkə arasında informasiya boşluqlarını aradan qaldırmaq, qarşılıqlı stereotiplərin təsirini zəiflətmək və cəmiyyətlərin bir-birini daha rasional şəkildə tanımasını təmin etmək üçün ciddi potensial formalaşıb. Rəsmi Bakı işğaldan sonrakı dövrdə yaratdığı yeni siyasi mühit, tolerantlıq modeli, multikultural ənənələri və müstəqil diplomatiyası ilə ABŞ ictimai rəyində daha obyektiv mövqeyə çıxmaq imkanına sahibdir. Bu da, öz növbəsində, dövlətlərarası dialoqu tamamlayan, qarşılıqlı etimadı geniş ictimai səviyyədə möhkəmləndirən uzunmüddətli əməkdaşlıq platformasının əsasını qoyur.
Son nəticədə Vaşinqton xəttində formalaşan yeni siyasi arxitektura Azərbaycanın yalnız bölgənin deyil, transatlantik münasibətlər sisteminin də mühüm strateji aktoruna çevrildiyini təsdiqləyir. Bakı sülh gündəliyini və multikultural dəyərlərini qlobal güc mərkəzlərinə real alternativ kimi təqdim edə bilir. ABŞ-la intensiv dialoq, xalq diplomatiyasına keçid üçün yaranmış geniş imkanlar və 907-ci düzəlişin ləğvi fonunda ortaya çıxan yeni etimad mühiti onu deməyə əsas verir ki, Azərbaycan öz xarici siyasət trayektoriyasını daha yüksək səviyyəyə qaldıran, regionun gələcəyinə təsir edən əsas oyunçulardan biri statusunu möhkəmləndirib.
Vaşinqtonda baş tutan müzakirələr həm Azərbaycanın prinsipial mövqeyinin qəbul edildiyini, həm də ölkənin artıq masa arxasında deyil, prosesləri yönləndirən tərəf kimi dəyərləndirildiyini nümayiş etdirir. Bu mərhələ Cənubi Qafqazın gələcək siyasi konturlarında Azərbaycanın aparıcı rolunun rəsmən tanındığı strateji dönüş nöqtəsi kimi tarixə düşür.
Tacir SADIQOV
XQ

