Hərbi paraddan sonrakı baxış: Cənubi Qafqazın təhlükəsizlik arxitekturası

post-img

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş paradın hərbi, siyasi, geosiyasi və başqa anlamlarının təhlili davam etdirilir. Ekspertlər burada yeni məqamlar axtarırlar. Həqiqətən də 8 Noyabr paradı müxtəlif aspektlərdə yeni məna çalarları ilə zəngin idi. Onun tədqiqi çox güman ki, davam edəcək. Biz burada parada Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri və regional təhlükəsizlik arxitekturasının formalaşması kontekstində nəzər salmağa çalışacağıq.

Regional təhlükəsizlik: Böyük Zəfərin reallıqları fonunda

Azərbaycan Ordusunun növbəti hərbi paradında Azərbaycan, Türkiyə və Pakistanın dövlət başçılarının söylədiyi fikirlər və nümayiş etdirilən hərbi güc Azərbaycanı dünya miqyasında yenidən diqqət mərkəzinə gətirib. Bu dəfə hər kəsin mövqeyi birmənalı idi: Azərbaycanın əldə etdiyi hərbi qələbə onun siyasi və geosiyasi təsirinin Cənubi Qafqaz üçün aparıcı olduğuna şübhə yeri qoymur! Bu mövqenin tarixi və strateji əhəmiyyətini dərk edənlər az deyil, buna nail ola bilməyənlər isə yaxın zamanlarda tam əmin olacaqlar. Çünki beşinci hərbi parad, sözün həqiqi mənasında, Azərbaycanın dövlət kimi nailiyyətlərini həm bir daha təsbit etdi, həm də onun qlobal miqyasda qəbul edilməsinin rəmzinə çevrildi. Bu fikir, digər məqamlarla yanaşı, Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasına da aiddir. Məhz bu tezisin təsdiqi paradda çıxış edən hər üç dövlətin başçısının fikirlərində öz əksini tapıb.

İlham Əliyev: “Üç ölkənin birliyinin təzahürü”

Azərbaycan Prezidenti paraddakı nitqində vurğulayıb: “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

Azərbaycan rəhbəri bununla ötən beş il müddətində Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlıq formatının formalaşdığını ifadə edir. Bu müddət ərzində üç qardaş ölkə bütün sferalarda əlaqələri strateji səviyyəyə yüksəldərək, vahid gücə çevriliblər. Cənubi Qafqazın sabitliyi və təhlükəsizlik arxitekturasının yenilənməsi baxımından deyilənlərin əhəmiyyəti olduqca böyükdür.

Rəcəb Tayyib Ərdoğan: “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşı”dır

Qardaş Türkiyənin Prezidenti nitqində ifadə edib: “Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik”.

Göründüyü kimi, Türkiyə rəhbərliyi əmindir ki, hazırda Qafqazda müşahidə edilən sabitləşdirici və sülhyaradıcı proseslərin məhək daşı Azərbaycanın möhtəşəm Qələbəsidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın da sülhə meyil etməsinin təməlində məhz bu fakt durur. Türkiyə də bu anlamda üzərinə düşən hər şeyi edəcəkdir. Hazırda iki qardaş ölkə arasında əlaqələr müstəsna xarakter daşıyır. Türkiyənin dövlət başçısı bu xüsusda deyib: “Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir”.

Deməli, birincisi, Türkiyə üçün Azərbaycanın yerləşdiyi regionla yanaşı, ondan kənarda da qazandığı uğurlar qürur mənbəyidir və fəaliyyətində ona böyük önəm verir, ikincisi, Türkiyə konkret strateji layihələr həyata keçirməklə Azərbaycanla strateji müttəfiqliyinə regional miqyasla yanaşı, daha geniş geosiyasi məkanda yeni məna çalarları əlavə edir. Bunlar birlikdə iki qardaş ölkə arasındakı münasibətləri “müstəsna edir”!

Məhəmməd Şahbaz Şərif: “Bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız”

Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif nitqində vurğulayıb: “Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. ... beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq”.

Məhəmməd Şahbaz Şərif postmüharibə mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin konkret məzmun aldığını və xüsusi məqsəd daşıdığını ifadə edib. Həmin siyasətin məzmunu Azərbaycanın regional təsirini artırmaqla dövlətlərarası münasibətləri yeni səviyyəyə yüksəltməkdən ibarətdir. Məqsəd isə Cənubi Qafqazda davamlı (qalıcı) sülhü bərqərar etməklə bağlıdır.

“3+3”: üç liderin təhlükəsizliyə vahid baxışı

Cənubi Qafqazda regional təhlükəsizliyin arxitekturasında “3+3” əsas yeri tutur. Deməli, bu regionda təhlükəsizliklə əlaqəli hər hansı nümunədən danışarkən, ilk növbədə, məhz həmin format nəzərə alınmalıdır. Vətən müharibəsində Qələbənin beş illiyi münasibətilə hərbi paradda çıxışları zamanı Azərbaycan, Türkiyə və Pakistanın dövlət başçıları Cənubi Qafqazda təhlükəsizliyin təminində ortaq mövqedə olduqları bir neçə məqamı ifadə ediblər. Onlar aşağıdakı tezislərdə öz əksini tapıb:

- Cənubi Qafqazda regional təhlükəsizliyin təminində yeni mərhələ Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən başlayıb;

- Yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı rolu Azərbaycan oynayır;

- Türkiyə və Pakistan bu prosesi tam dəstəkləyir ki, bu da Azərbaycanın nüfuzetmə potensialını dəfələrlə artırır.

Bu tezislərin fonunda Azərbaycanın üstünlük verdiyi “3+3” təhlükəsizlik və əməkdaşlıq formatının hansı məzmun aldığı məsələsinə diqqət yetirmək olar.

“3+3”ün region dövlətləri Azərbaycan, Gürcüstan və Ermənistandır. Onları təhlükəsizliyin təmini və əməkdaşlıq kontekstində üç böyük dövlət – Rusiya, Türkiyə və İran “əhatə edir”. Bəs bu formata Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq formulu necə daxil ola bilər? Bunun üçün real geosiyasi zəmin mövcuddurmu? “3+3”ün bir sıra xüsusiyyətlərinə hərbi paradda irəli sürülən tezislər kontekstində nəzər salmaq mümkündür.

Pakistan gücləndirici faktor kimi: “3+3” daxilində yeni “üçbucaq”

Özlüyündə regional təhlükəsizlik arxitekturası baxımından coğrafi olaraq uzaqda yerləşən bir dövlətin prosesə daxil olması sadə ideya deyildir. Burada fərqləndirici cəhət Pakistanın “3+3”də ciddi yer tutan iki dövlətlə – Azərbaycan və Türkiyə ilə strateji tərəfdaş olması ilə bağlıdır. Bu baxımdan həmin təhlükəsizlik formulu çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə “mini-əməkdaşlıq formatı” yaranır.

Şərti olaraq “əməkdaşlıq üçbucağı” adlandırdığımız həmin format çərçivəsində Pakistan “3+3”ə yeni tərəf-dövlət kimi deyil, regional təhlükəsizliyi gücləndirəcək və eyni zamanda, həmin formulun təhlükəsizlik şərtlərindən zərrə qədər də kənara çıxmayacaq gücləndirici faktor olaraq daxil ola bilər. Başqa sözlə desək, Cənubi Qafqazda Pakistanın hərbi gücü Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin məntiqində “əriyərək” ortaq konstruktiv gücə töhfə verəcək.

Bu məqam, ümumiyyətlə, müasir geosiyasi proseslərdə müşahidə olunan yeni regionlaşma tendensiyası üçün bir qədər fərqli yanaşmanı ifadə edir. Bəlkə də ikinci belə praktika mövcud deyildir. Bütün hallarda hərbi parad Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yeni özəlliyi baxımından “Pakistan sürprizi”ni ortaya qoydu! Bununla da parad mühüm tarixi hadisəyə çevrildi. Onun təsir dairəsi milli sərhədləri aşır. Bu kontekstdə, məsələn, Rəcəb Tayyib Ərdoğanın aşağıdakı tezisi olduqca maraqlıdır: “Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm”.

Əlbəttə, bu tezis də bir fraqmentdir. Böyük mənada isə Azərbaycan mərkəzi mövqedədir!

Kamal ADIGÖZƏLOV



Siyasət