Tehranın “qırmızı xətt”i və regional maraqlar

post-img

“Rusiyasız dünya”da, görəsən, Tehrana rahatlıq olacaqmı?

İran rəsmilərinin davamlı şəkildə təkrarladıqları tezislərə nəzərən ölkənin yeni Xarici işlər naziri Abbas Əraqçının da eyni məzmunlu fikir bildirəcəyi gözlənilirdi. Əraqçı vurğuladı ki, ölkəsinin qonşularının ərazi bütövlüklərinə Şimaldan, Cə­nubdan, Şərqdən və ya Qərbdən hansısa təhdid və ya onların sərhədlərinin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və İran üçün “qırmızı xətdir.” Nazir bunu özünün “X” sosial şəbəkə­sindəki mikrobloqunda yazdı. A.Əraqçının başqa nələrdən söz açdığına diqqət yetirəcəyik. 

Əvvəla, ümumi şəkildə rəsmi Tehranın “qırmızı xətt” məntiqin­dən söz açaq. Ötən ilin ilk yarı­sından başlayaraq regional siyasi gündəmə daxil olmuş bu deyimin Azərbaycanla münasibətlərin kəs­kinlik fazasının mövcudluğundan xəbərdarıq. Sonradan “qırmızı xətt” ritorikasının nisbətən yum­şaldığından da. 

Ancaq, tədricən, Bakı–Tehran münasibətlərinin kəskinlik qütbü zəiflədi. Bu il mayın 19-da Azər­baycan Prezidenti İlham Əliyevlə İranın sabiq dövlət başçısı Seyid İbrahim Rəisi arasındakı sərhəd görüşü isə nəinki həmin qütbün aktivlik fazasını heçə endirdi, eyni zamanda, iki ölkə arasında indiyə­dək görünməmiş səmimiyyətin ifa­dəsi ilə tarixə çevrildi. 

Demək olarmı ki, sözügedən görüşdən qayıdan Prezident İb­rahim Rəisinin helikopter qəza­sında həyatını itirməsindən sonra Tehran–Bakı münasibətlərindəki müsbət dinamika heçə endi? Dü­şünmək olarmı ki, Ermənistanın Naxçıvana yol məsələsində ölkə­mizin şərtlərini qəbul etməyəcəyi təqdirdə, həmin yolun İran əra­zisindən keçməsi ilə bağlı razılıq əhəmiyyətini itirib? O yol ki, ona ABŞ tərəfindən ciddi əks reaksiya­lar var idi və rəsmi Bakı belə hal­lara qarşı kəskin mövqeyini bildir­miş, qətiyyət nümayiş etdirmişdi. 

Hər halda, tələsməyək və “qır­mızı xətt” məsələsindəki açıqlama­lara diqqət yetirək. Açıqlamalardan söz düşmüşkən, bu günlərdə İranın Xarici işlər nazirinin köməkçisi, Avrasiya məsələləri üzrə baş di­rektor Müctəba Dəmirçulunun bildirdikləri üzərində dayanaq. Cə­nab Dəmirçulu Rusiyanın İrandakı səfiri Aleksey Dedovla görüşündə regiondakı sərhədlərin toxunulma­zılığı məntiqini qabartmışdı. Yeri gəlmişkən, sözügedən görüşdə başlıca diskussiya mövzusu Cə­nubi Qafqazdakı vəziyyət olmuş, 3+3” platforması çərçivəsində qarşıdan gələn yüksək səviyyəli təmas müzakirə edilmiş, bu forma­tın regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması nöqteyi-nəzərdən əhəmiyyəti vur­ğulanmışdı. Həmçinin, M.Dəmir­çulu bildirmişdi ki, İran regionda sülh və sabitlikdə maraqlıdır, pro­sesə dəstək verməyə hazırdır. 

Bəli, nazirlə köməkçisinin fi­kirləri tamamilə üst-üstə düşür. A.Əraqçının sözlərindən gəlinən qənaət budur ki, regional sülh, təhlükəsizlik və sabitlik, sadəcə olaraq, üstünlük deyil, milli təh­lükəsizliyin əsasını təşkil edən fak­tordur. Yəni Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hansısa təhdid meyillərinin yaranması, o cümlədən sərhədlərin dəyişdiril­məsi cəhdi ona görə qəbuledilməz­dir və Tehran üçün “qırmızı xətdir” ki, bu, həm də İranın milli təhlükə­sizliyinə zidd məsələdir. Başlıca sual isə budur: İran nəyi özünə təhdid sayır? Bəlkə Ermənistanın “Dünyanın kəsişməsi” layihəsini dəstəkləyir? Məlumdur ki, sözü­gedən ideya Azərbaycanın razılığı olmadan mümkünsüzdür. Yoxsa, ölkə Ermənistan ərazisindən keçən ənənəvi yolla kifayətlənmək niy­yətindədir? Üstəlik, haqqında bəhs etdiyimiz məsələ var. Söhbət İrə­vanın Azərbaycanın Naxçıvana yol xüsusundakı şərtlərini qəbul etməyəcəyi təqdirdə, həmin yolun İrandan keçməsindən gedir. 

Əvvəldə rəsmi Tehranın Bakı ilə əldə olunmuş razılığı qüvvədə saxlamaq istəyinin olub-olmadığı­nı sual etdik. Əslində, suallar və aydınlıq gətirilməli olan məqamlar kifayət qədər çoxdur. Bir çox siya­si ekspertlər həmin məqamlar fo­nunda “Zəngəzur dəhlizi”nə görə İranla Rusiya arasında gərginliyin yaşanacağını proqnozlaşdırırlar. O dəhliz ki, Naxçıvana yolun maneə­sizliyi məntiqinə əsaslanır. Ölkə­mizin mövqeyi budur ki, həmin yolda heç bir gömrük və sərhəd nəzarəti olmasın. Ermənistan tələ­bimizi özünün ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı­na zidd təmayül olaraq qiymətlən­dirirsə, maraqlı vəziyyət yaranır. 

Belə çıxır ki, İran özünə qarşı kəskin mövqedə dayanan Qərbi dəstəkləyir. Cənab Əraqçının “sər­hədlərin dəyişdirilməsinin tama­milə qəbuledilməzliyindən” danış­ması düşünməyə əsas verir. Ancaq onu da bildirək ki, “Zəngəzur dəh­lizi” məntiqi, yəni Naxçıvana yo­lun “Azərbaycandan Azərbaycana yol” prinsipi, heç bir halda, Ermə­nistana qarşı ərazi iddiası demək deyil. Bunu ölkəmizin rəhbər şəxs­ləri dəfələrlə vurğulayıblar. Rəsmi Bakı yolun maneəsizliyini (göm­rük və sərhəd yoxlanışından kənar fəaliyyətini), həmçinin mövcud xüsusdakı nəzarət amilini özünün təhlükəsizliyi baxımından vacib sayır. 

Yəni Azərbaycan Ermənistanın təhlükəsizlik təminatına etibar et­mir və etməməkdə haqlıdır. Çünki yaxın keçmişin acı təcrübəsi var. Axı ötən əsrin 80-cı illərinin sonu – 90-cı illərinin əvvəllərində Bakı­dan Naxçıvana və əks istiqamətə gedib-gələn qatarların Meğri ra­yonu ərazisində erməni millətçiləri tərəfindən daşa basılmasını unuda bilmərik. Bir halda ki, erməni hər­bçiləri hazırda qoşunların təmas xəttində atəşkəsi pozur və rəsmi İrəvan durumu hansısa könüllü birləşmənin nümayəndəsinin əməli kimi qələmə verib məsuliyyətdən yayınırsa, deməli, Naxçıvan is­tiqamətinə nəqliyyat axını ilə bağlı da eyni hal yaşana bilər... 

Əlqərəz, Azərbaycan Naxçı­vana yolla əlaqədar əlahiddəlik tərəfdarıdır və “Zəngəzur dəhlizi” ideyasını məhz bu səbəbdən irəli sürür. Əlahiddəlik, eyni zamanda, ona görə vacibdir ki, sözügedən yol mühüm qlobal marşrut əhəmiy­yəti daşıyır və mövcud istiqamətdə böyük yükdaşımlar, heç bir halda, kiçik, bəsit fikir və düşüncələrin, avantürist baxışların əsirinə çev­rilməməlidir. Ermənistan isə nə avantürizmindən əl çəkir, nə də cılız siyasətindən. Ölkə Cənubi Qafqazda sülhə və əmin–amanlığa təhdid yaradan dəst-xəttindən də geri durmur. Heç şübhəsiz, bunu nəinki A.Əraqçı başda olmaqla Tehranın xarici siyasət cameəsi, habelə ölkənin fikir industriyası gözəl bilir. Hə, mövqeyini bunu bilərək ifadə edirsə, o zaman du­rum başqadır. Başqa, yəni, necə, məsələ barədə yazımızın sonunda söz açacağıq. 

Hələlik isə Azərbaycanın otuz ilə yaxın davam etmiş işğal döv­rünü xatırlayaq. Ermənistan və ha­vadarları həmin müddətdə təcavüz faktını leqallaşdırmaq, xalqımızı düşdüyü acınacaqlı durumla ba­rışdırmaq yönümlü xətt seçdilər. Görəsən, Ermənistanın istəyi sər­hədləri dəyişdirmək deyildimi? Koçaryanlar, sarkisyanlar niyyət­lərini açıq bildirmirdilərsə, “Art­sax xalqı”nın iradəsi cəfəngiyyatı­nı tirajlayırdılarsa, baş nazir Nikol Paşinyan rol oynamadı – “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı­nı səsləndirdi. İran rəsmiləri həmin vaxt sərhədlərin dəyişməsinin yol­verilməzliyindən söz açdılarmı? İndi isə bu barədə danışırlar. On­ların dəyişiklikliyin yolverilməz­liyində “qırmızı xətt” məntiqini qabartmaları, hətta, xəbərdarlıq ritorikasına köklənir... 

Bir nüansın da üzərində daya­naq. İran sərhədlərin dəyişməsini “qırmızı xətt” kimi gördüyünü açıqlayırsa, nəzərə alaq ki, hazırda bu deyim müəyyən siyasi redak­tələrlə təqdim olunur. Yəni, bir il əvvəlki “qırmızı xət”lə, hazırkı “qırmızı xətt” arasında fərq var. İkinci daha diplomatikdir. Çünki zamanında İran rəsmiləri region­dakı başqa dövlətlərin deyil, ancaq Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı­nı vacib saydıqlarını bildirirdilər. İndi isə belə təəssürat yaranır ki, onlar ümumi yanaşır, tərəf tut­murlar. Halbuki, mahiyyət eyni­dir. Yəni, cənab Əraqçının regio­na təhdid gözləntisi baxımından Şərqi, Qərbi, Şimalı və Cənubu bir-birinə qatmasına, bu təhdidə qarşı müqavimət ruhu aşılamasına ehtiyac yoxdur. O, hətta, kosmik təhlükələrdən də söz açsa, səmimi görünməyəcək. O səbəbdən ki, rəs­mi Tehranın bir il əvvəlki mövqeyi xatirimizdədir. İranın vaxtilə Qərb dairələri kimi Azərbaycan torpaq­larının işğalına göz yumduğu da həmçinin. 

Bəs, indi Tehran nəyə nail ol­maq istəyir? Axı İran rəsmilərinin düşünmələrinə ehtiyac var. Onlar Ermənistan vasitəsilə Qərbin Cə­nubi Qafqazdakı patronajlığına razıdırlar? Bu gedişat İrana la­zımdır? Ölkə rəhbərliyində təmsil olunanlar bir yandan “region re­gion ölkələri üçündür” məntiqini dəstəkləyir, “3+3” platformasına önəm verir, digər tərəfdan fərqli bəyanatlar səsləndirirlər. Görəsən, bilmirlərmi ki, Qərbin “erməni kartı” ilə Cənubi Qafqazda söz sahibinə çevrilməsi, İran üçün də təhlükə yaradacaq? Nəhayət, han­sının – əsrlərdir bir coğrafiyada təmsil olunan Rusiyanın, yoxsa bu coğrafiyadan kənar Qərbin tə­minatı daha etibarlıdır? Əgər De­dov–Dəmirçulu görüşündə Cənubi Qafqazla bağlı bütün tərəflərin maraqlarını nəzərə almaqla, prob­lemlərin həlli, regionda sülhün, sa­bitliyin bərqərar olması və iqtisadi planların həyata keçirilməsi üçün region ölkələrinin potensialından istifadənin vacibliyi vurğulanmış­dısa, üstəlik, bu zaman ərazi bü­tövlüyünün və suverenliyin toxu­nulmazlığı amili önə çəkilmişdisə, deməli, rusiyalı səfir İran rəsmi­sinə başlıca məqamın nədən ibarət olduğunu da çatdırmışdı. 

Bəli, nazirlə köməkçisinin səsləndirdiyi fikirlər, demək olar, eynidir. Sülh və sabitlikdə ma­raqlı olduğunu açıqlayan İran fərqinə varmır ki, Qərbin region­da möhkəmlənməsi nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməsinin yolveril­məzliyi ritorikası mənasız deyimə çevirəcək. Geosiyasi ssenari Rusi­yanın bölgədən uzaqlaşdırılmasını hədəf seçirsə, İranda yaxşı bilməli­dirlər ki, Moskvasız dünyada Teh­rana rahatlıq yoxdur. Bəlkə İran Azərbaycanın, Türkiyənin, Rusi­yanın deyil, Ermənistanın etibarına güvənməyi üstün tutur?

Bir daha vurğulayaq ki, yuxa­rıda səsləndirdiyimiz bir çox sual­lar, əslində, ritorikdir. Çünki İran xarici siyasət industriyası Qərbin və Ermənistanın gedişlərini anla­mayacaq dərəcədə naşı ola bilməz. Tehran siyasilərinin 44 günlük mü­haribəni də yaddan çıxardıqlarını düşünmürük. O müharibəni ki, Er­mənistan hakimiyyəti onun başlan­masına məhz Qərbə arxalanaraq rəvac verdi. Nəticədə savaş İran sərhədlərinə yaxın ərazidə getdi. 

Digər tərəfdən, oyun qaydaları var. Müharibədə qalib kimi, məğ­lubun da hansı tərəf olduğu mə­lumdur. Eləcə də ikincinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetir­məsinin vacibliyi də rəsmi Tehran tərəfindən nəzərə alınmalıdır. Bu gün baş nazir Nikol Paşinyan 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın məğlub dövlət statusunu rəsmiləşdirmə­diyini iddia edib sərsəmləyirsə, İran belə bir demarşın hansı xarici qüvvələrə arxalanmanın məhsulu kimi meydana çıxdığının fərqinə varmalıdır. Hər halda Nikol və ko­mandasındakılar cəfəng fikirlərini Tehrana arxalanıb tirajlamırlar. 

Gələk sonda diqqətə çatdı­racağımızı bildirdiyimiz məqa­ma. Ermənistan iqtidarı ölkəsinin avantürist siyasəti baxımından İrana yalnız bir məsələdə arxalana bilər. Əslində, buna “arxalanmaq” demək doğru olmaz. Onların, sadə­cə, Tehranın ənənəvi stereotiplərini nəzərə alıb oyun qurmaları müm­kündür. Nədir həmin stereotip? Çox da düşünməyə ehtiyac yoxdur. Söhbət Naxçıvana maneəsiz yol, yəni “Zəngəzur dəhlizi” məsələ­sində İranın türklərin mühasirəsinə düşəcəyi ehkamından gedir. Hesab edirik ki, Tehrandakı ayrı-ayrı si­yasilər tərəfindən dilə gətirilmiş bu məsələ arxayik məzmunludur. Əvvəla, dünya indi başqa dünya­dır. İkincisi, türk təşəkkülü labüd və qarşısıalınmaz prosesdir. Üçün­cüsü, tarixdə ilk dəfə türk və İran faktorunun qarşılıqlı, səmərəli əməkdaşlıq kontekstində birləşmə­si yaşana bilər. “Zəngəzur dəhlizi” ideyasının bu baxımdan real təmi­natları mövcuddur. Deməli, tarixdə yaşananları bir kənara qoyub önə baxmaq zamanıdır. Yaxşı olar ki, İranda məhz bu barədə düşünsün­lər. Təkcə düşünməsinlər, eyni za­manda, nəticə də çıxarsınlar. Hələ­lik gec deyil. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət