Paşinyan yeni müqəddəslik tapıbmı?
Ermənistanda ilk dəfə təşkil olunmuş “Dua səhəri” ABŞ-da uzun illərdir keçirilən “National Prayer Breakfast” formatına bənzər yeni tipli toplantıdır. Amma baş nazir Nikol Paşinyanın bu təşəbbüsü mahiyyət etibarilə sırf dini tədbir kimi qiymətləndirilə bilməz. Nikolun “duası” ictimai imicin formalaşdırılması ilə hakimiyyətin siyasi strategiyasının çulğalaşmasına hesablanıb.
Bəli, N.Paşinyan mövcud dini formatı Ermənistandakı ənənənin davamı qismində deyil, həm daxili, həm də xarici auditoriya üçün hakimiyyətin legitimliyinin yeni əsaslarını yaratmaq naminə seçib. Heç şübhəsiz, bu seçim, eyni zamanda, siyasi-texnoloji alətdir. Diqqət yetirək, “Dua səhəri”ndə diplomatik nümayəndələr, Qərb ölkələrinin səfirləri, beynəlxalq QHT-lər və siyasi dairələrə yaxın şəxslər iştirak edirlər. Halbuki, onun orijinal Amerika formatı olan “National Prayer Breakfast” başqa motivlərə söykənir.
Həmin format əsasən iki partiyanın iştirakı ilə aparılan mənəvi dialoqdur. Başqa sözlə desək, siyasi və dini liderlərin bir araya gəlib mənəvi və ictimai dəyərlərlə bağlı söz açdığı platformadır. Erməni iqtidarı isə həmin modeli ölkənin daxili və xarici siyasət məqsədlərinə uyğunlaşdırmaqla, diplomatik immunitet qazanmaqla məşğuldur. Axı Paşinyanın “duasında” xristianlığın dəyərləri və mənəvi harmoniya mövzuları səslənsə də, tədbirin məzmununda siyasi mesajlar üstünlük təşkil edir.
Digər tərəfdən, Paşinyan hökumətinin “Dua səhəri” ilə vermək istədiyi konkret mesajlar var. Söhbət Qərbə yönəlik mesajlardan gedir. Təxminən belə: “Biz xristian, sülhpərvər və Qərb dəyərlərinə açıq ölkəyik”. Yəni, Ermənistan təkcə Rusiyadan uzaqlaşmır, bunu həm də sivilizasiyalı seçim olaraq edir. Daxilə gəldikdə, Paşinyan dəfələrlə özünü yalnız siyasi lider kimi deyil, eyni zamanda, “mənəvi yenilənmə tərəfdarı”, “sivilizasiyalı yolun nümayəndəsi” qismində təqdim etməyə çalışıb. Bu təqdimatların isə 2026-cı il seçkilərinə hazırlıq kontekstində əhəmiyyəti böyükdür. Çünki Nikolun mövqelərini sarsıtmağa çalışan Erməni Apostol Kilsəsi var.
O kilsə ki, əsasən müxalifəti dəstəkləyir. O kilsə ki, Paşinyan da öz növbəsində onu sıradan çıxarmağa cəhd göstərir, bu məqsədlə təzyiqlər edir, təqiblər həyata keçirir. Əlbəttə, belə bir durumda erməni iqtidarı üçün təhlükə də yaranır. “Dua səhəri” təhlükəni önləmək məqsədi güdür. Baş nazir başlatdığı təşəbbüslə erməni cəmiyyətinə belə bir mesaj verir: biz xristianlığa qarşı deyilik, sadəcə, onu qaranlıq təsirlərdən təmizləyirik.
Deməli, erməni iqtidarına yeni müqəddəslik lazımdır ki, “Dua səhəri”nin bu baxımdan mühüm rol oynaması nəzərdə tutulur. Başqa sözlə desək, Paşinyanın məqsədi, eyni zamanda, alternativ nüfuz mənbəyi qurmaqdır. Əlbəttə, bu məqsəddə cəmiyyətə 44 günlük müharibədəki məğlubiyyəti unutdurmaq istəyi də var. Nikol istəyini özünü mənəvi dirçəlişin simgəsi kimi göstərməklə həyata keçirmək niyyətindədir. O, təkcə dövlət hakimiyyətinə deyil, həm də dəyər və mənəvi iqtidara sahibliyinə dair rəy formalaşdırmaq əzmindədir. Ona görə də özünü adi siyasətçi kimi deyil, dövlət üçün çalışan ruhani-siyasi islahatçı obrazında təqdim edir. Tam mümkündür ki, Nikol tezliklə Eçmiədzinin təsirindən kənarda, daha idarəolunan alternativ ruhani platforma formalaşdırmağa da girişsin. Müəyyən mənada “Dua səhəri” də məhz belə bir platformadır. Yəni yumşaqdır, qlobaldır, ekumenikdir, ən əsası, siyasi baxımdan təhlükəsizdir.
Ə.RÜSTƏMOV
XQ

