Azərbaycan Prezidentinin Mərkəzi Asiya zəfəri

post-img

I MƏQALƏ

Siyasi və tarixi reallıq

Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya regionuna səfəri böyük rezonans doğurmuşdur. Dövlət başçısının əldə etdiyi nailiyyətin siyasi və geosiyasi izahını analitiklər hələ də tam mənasında verə bilməmişlər. Çünki məsələ yalnız bu günün siyasi-tarixi reallığı ilə məhdudlaşmır. XXI əsrin uğurlu liderlərindən olan Azərbaycan rəhbərinin fəaliyyətinin strateji anlamı çoxlu sayda faktorlarla sıx bağlıdır. Onların sistem halında və müasir elmi yanaşmalar əsasında təhlili gərəkdir.

Azərbaycanda, əlbəttə, dövlət başçısının triumfal səfərinin təhlili aparılır. Bununla yanaşı, daha geniş kontekstdə konseptual yanaşmaya ehtiyac duyulmaqdadır. Məsələ bugünkü siyasi reallığın tarixi ənənədən və dövlətçiliklə liderliyin ortaq dəyərlərindən qaynaqlanan bir sıra özəllikləri ilə sıx bağlıdır.

Prezident İlham Əliyevin Mərkəzi Asiya səfərinin siyasi reallığı ondan ibarətdir ki, həmin region uğrunda dünyanın bir neçə böyük geosiyasi gücü ciddi rəqabətə girişmişlər. Bu sırada ABŞ, Çin, Aİ, Rusiya, Yaponiya, Cənubi Koreya, İran və Türkiyənin adını hallandırırlar. Nədənsə, Hindistandan bəhs etmirlər, ancaq bu dövlətin də Mərkəzi Asiyada maraqlarının olduğuna şübhə yoxdur.

Deməli, indiki siyasi reallığın geosiyasi kontekstə proyeksiyası yetərincə mürəkkəb mənzərəni ortaya qoyur. Buradan gosiyasi konteksti maraqlı və aktual olan ikinci özəlliyi aydınlaşdırmaq olar. Biz, Mərkəzi Asiya uğrunda intensiv rəqabətin məntiqindən yarana biləcək yeni geosiyasi konfiqurasiyanın formulunu nəzərdə tuturuq. Bu formul hazırkı dönəmdə necədir?

Yayğın konfiqurasiya

Bir sıra mütəxəssis müasir qlobal geosiyasəti “yayğın proses” kimi təqdim edirlər. Bütövlükdə dünyaya aid edilən bu qiymətləndirmə işığında Mərkəzi Asiya “lokal nümunə” təsiri bağışlayır. Çünki yuxarıda vurğulanan müxtəlif münasibətlər sisteminin eyni anda təsir göstərməsi regionun geosiyasi mənzərəsini son dərəcə yayğın etmişdir. Ancaq onların hamısını birləşdirən bir formul tapmışlar: “5+1”! Yəni regionun 5 dövlətinin birgə kənar dövlətlə əməkdaşlığı formulu. Bu formulun kim tərəfindən və hansı məqsədlə gündəmə gətirildiyini bilmədən Azərbaycan rəhbərinin hansı səviyyədə uğur qazandığı haqqında tam siyasi təsəvvür əldə etmək mümkün deyildir.

“5+1”: qısa tarixçə

Bu formul üzrə XXI əsrdə ilk dəfə Yaponiya 2004-cü ildə Mərkəzi Asiya ilə əməkdaşlıq etməyə başlamışdır. Yaponlar geosiyasətə deyil, əsasən iqtisadi, texnoloji, ticari, nəqliyyat-loqistika, sərmayə qoyuluşu və digər sahələrə üstünlük vermişlər. Bu istiqamətdə Yaponiya regiona geniş faydanı məhz “C5+1” formatı daxilində vermişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq yapon dövlət başçısı Mərkəzi Asiyaya səfər etmişdir. 2022-ci ildə isə 5 region dövlətinin xarici işlər nazirləri Tokioda yapon həmkarları ilə əməkdaşlığı müzakirə etmişlər. Hazırda Yaponiya bir sıra sferalarda, məsələn, kənd təsərrüfatı, maliyyə, vətəndaşlara dəstək, sərhədlərin möhkəmləndirilməsi və s. üzrə regionla əlaqələri gücləndirir. Bir sıra analitik hesab edir ki, bu istiqamətin perspektivi vardır (məsələn, S.Süzyun).

Yaponiyadan sonra Cənubi Koreya 2007-ci ildə öz variantında “C5+1” formuluna baş vurdu. Burada siyasi, sosial-iqtisadi, mədəni aspektlər üstünlük təşkil edir. Enerji, təbii resurslar, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, elm və texnika, səhiyyə və s. sferalarda əməkdaşlıq inkişaf etdirilir. Beləliklə, Cənubi Koreyanın “C5+1” formulunda geosiyasi nüfuza sahib olmaq aspekti aparıcı deyildir (E.S.Alekseenkova).

Sonrakı dönəmlərdə “C5+1” formulu yeni məna çalarları almışdır və o, ABŞ-ın sayəsində olmuşdur. Bu məqam ayrıca vurğulanmaldır. Ancaq ABŞ-dan öncə Mərkəzi Asiyada “C5+1” formulu üzrə Rusiya və Çin fəaliyyət göstərməyə başlamışlar.

Rusiya son 300 ildə həmin regionda idi və oradan çıxmamışdı. Lakin XXI əsrdə rəsmi Moskva mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq region dövlətləri ilə xüsusi formul üzrə strateji əməkdaşlıq təklif etdi. Orada demokratiya və siyasi institutlaşmadan söhbət getmirdi. Lakin Rusiya xarici işlər naziri ilə 5 region dövlətinin xarici işlər nazirlərinin 2020-ci ildə onlayn görüşü artıq Moskvanın ABŞ ilə əməkdaşlıq formatına qayıtmaq istədiyini göstərdi. Onu deyək ki, 2020-ci il müzakirəsi Rusiya ilə region dövlətlərinin üçüncü görüşü idi. Burada əsas məqam Moskva üçün özünün geosiyasi maraqlarına tam önəm verməsi ilə bağlıdır. Analitiklər iqtisadi sferada tərəflər arasındakı əməkdaşlığın da məhz buna xidmət etdiyini vurğulayırlar (o cümlədən AİƏT tərkibində).

Çinin regiona gəlişi isə daha mürəkkəb və nəticəvericidir. Çin dövlət başçısı ilk olaraq 2013-cü ildə Mərkəzi Asiyaya səfər etmişdir. Ancaq qısa müddətdə Pekin regiona 50 milyard dollar həcmində sərmayə qoyaraq, bir çox sferalarda əməkdaşlıqda irəli çxımışdır. Belə hesab olunur ki, Çin əsas olaraq iqtisadi, energetik, informasiya, nəqliyyat loqistika və mədəniyyət sferaları üzrə əlaqələri qabartsa da, bunların arxasında strateji geosiyasi maraqlar dayanır.

ABŞ-ın “C5+1” formulu

Amerika 2015-ci ildə Mərkəzi Asiya strategiyasını həyata keçirməyə başlamışdır. Yəni Çinin ora nüfuz etməsindən 2 il sonra. Rəsmi Vaşinqton Mərkəzi Asiyanı özünün milli təhlükəsizliyi baxımından mühüm geosiyasi region elan etmişdir. Bununla, ilk dəfə olaraq, Amerika Mərkəzi Asiyanı avtonom geosiyasi region statusuna yüksəltdi. Xatırladaq ki, Avropa İttifaqı həmin dönəmə qədər Mərkəzi Asiyaya strateji əhəmiyyəti olan region kimi baxmırdı. 2016-cı ildən başlayaraq ABŞ-ın “C5+1” formatı kontrterrorizm, biznes rəqabətqabiliyyəti, nəqliyyat dəhlizlərinin inkişafı, gələcəyin enerjisi, ekologiya üzrə milli və regional planlaşmanın adaptasiya olunması istiqamətləri üzrə əməkdaşlığı əhatə etmişdir.

Bununla Amerika maraqlı bir tendensiyanın əsasını qoydu. Rəsmi Vaşinqton geosiyasi aspektdə Mərkəzi Asiyanın region kimi bütövləşməsini aktuallaşdırdı. Bu əsasda vahid regional strateji tərəfdaşlığı konkret sferalar üzrə reallaşdırmağa başladı.

Onu deyək ki, Avropa İttifaqının Mərkəzi Asiya siyasəti əsas məqamlarda ABŞ-ın siyasəti ilə sinxronluq təşkil edir. Lakin bu iki yaxın müttəfiq geosiyasi güc rəqabətdədirlər. Aİ hazırda daha geniş geosiyasi məkanda Mərkəzi Asiya ilə əməkdaşlıq modelləri axtarır. Bu baxımdan 2025-ci ilin oktyabrında Brüsselin təklif etdiyi yeni əməkdaşlıq modeli ilə (Lüksemburq görüşü) ABŞ-ın təklif edtiyi “C5+1” formulu (Vaşinqton görüşü) arasında məzmun və məqsəd oxşarlığı mövcuddur (məsələn, əlvan metallar üzrə əməkdaşlıq və enerjinin nəqli istiqamətlərində).

“C5+1” formatının geosiyasi anlamı

Yuxarıda bir neçə geosiyasi aktorun Mərkəzi Asiyaya sözün həqiqi mənasında, siyasi-diplomatik və təhlükəsizlik sferaları üzrə vahid format çərçivəsində “hücum” etməsi müasir geosiyasətdə yeni regionçuluq təlimi baxımından unikal hadisədir. Çünki format eyni olsa da, məqsədlər arasında fərqlər mövcuddur (yuxarıdakı müqayisələr bunu göstərir). Buna baxmayaarq, onların hamısı üçün ortaq olan və prinsipial əhəmiyyət daşıyan iki faktor vardır.

Birincisi, vurğulanan geosiyasi aktorlar Mərkəzi Asiyanın region kimi öz maraqları üzrə inkişafına çalışmamışlar. Əksinə, onlar region dövlətlərindən öz eqoist maraqları üçün maksimum istifadə etməyə cəhd göstərmişlər. Yaponlar və koreyalılar üçün bu, texnologiya və informasiya ilə bağlıdırsa, çinlilər daha geniş miqyasda enerji, nəqliyyat, loqistika, informasiya və digər sferalara nüfuz etməkdədirlər. Rusiyanı əsas olaraq özünün təhlükəsizliyi və regionda geosiyasi dominantlığı maraqlandırır. Onun iqtisadi planları da buna xidmət edir.

Avropa İttifaqı onlardan fərqlənmir. Xüsusilə, 2015-ci ildə Mərkəzi Asiya istiqamətində yeni qlobal strategiya hazırlayaraq, birbaşa Brüsselin geosiyasi maraqlarının təmin edilməsi istiqamətində fəallaşmışdır. Brüssel son olaraq Mərkəzi Asiyanı Qafqaz və Balkanlarla birgə eyni geosiyasi konfiqurasiyaya daxil etməyə çalışması həmin mövqenin təzahürlərindən biridir.

İkinci faktor praktiki siyasi-diplomatik fəaliyyətin nəzəri-konseptual bazası ilə bağlıdır.

Riçard Dafın təşkilatlanma təlimi və Mərkəzi Asiya

İngilis professor Riçard Daf 2007-ci ildə təşkilatda liderliyin tədqiqi konteksitndə əməkdaşlıqda instituallaşma və inteqrasiya aspektlərinə önəm verən tezislər irəli sürmüşdür. Onun nəzəri qənaətinə görə, müasir mürəkkəb qlobal geosiyasi şərtlər daxilində institusional və inteqrativ xarakterli fəaliyyət qalıcı uğur gətirə bilər və dövlətin liderliyini təmin edər. Buradan Mərkəzi Asiya istiqamətində Qərbin mövqeyinin başlıca konseptual özəlliyi aydın olur: həmin regionla strateji tərəfdaşlıq yekunda Qərbin liderliyinin təmininə xidmət etməlidir. İndi də ABŞ və Aİ bu nəzəri-konseptual çərçivədən kənara çıxmırlar. Tədiqatçılar da vurğulanan iki parametr üzrə Mərkəzi Asiya ilə əməkdaşlığı təhlil etməyə çalışırlar.

Bu artıq konkret mövqedir və faktiki olaraq “C5+1” platformasının əsas geosiyasi mənasını aydınlaşdırır. Təbii ki, buna region dövlətlərinin öz reaksiyası olmalıdır və hazırda onu müşahidə edirik. Faktlar bu baxımdan nəyi göstərir?

Hər şeydən öncə, Mərkəzi Asiya dövlətləri vahid regional mövqe formalaşdırmağa üstünlük verirlər. Bunun üçün onlar “Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Toplantısı”nı yaratmışlar. 2025-ci ildə bu Toplantının sayca 7-cisini keçirmişlər. Azərbaycan Prezidentini isə 3-cü dəfədir ki, ora dəvət etmişlər.

İkincisi, region dövlətləri vahid fəaliyyət kursu əsasında “C5”in kənar “1”lə əməkdaşlığına açıq olduğunu nümayiş etdirirlər, lakin kimə üstünlük verəcəkləri məsələsi də açıqdır. ABŞ-ın dünyanın ən güclü dövləti olması, Mərkəzi Asiyanın məhz Vaşinqtona üstünlük vərcəyi anlamına gəlmir. Eyni fikri Aİ və ya Çinlə münasibətlərinə aid edə bilərik.

Üçüncüsü, Mərkəzi Asiya dövlətləri institutlaşma əsasında inteqrasiya strategiyasına daha çox diqqət yetirirlər. Lakin bu, yalnız və heç də ABŞ və ya Aİ istiqaməti ilə bağlı deyildir. Son zamanlar Türk Dövlətləri Təşkilatı (TDT) faktoru davamlı olaraq irəli çıxmaqdadır. Azərbaycanla əlaqələrin kəsintisiz inkişaf etdirilməsi yuxarıda vurğulanan faktlarla bərabər TDT məsələsi prizmasında olduqca əhəmiyyətli görünür.

Məhz həmin prizmada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “5+1” “6”ya çevrildi” ifadəsinin real siyasi və geosiyasi mənasını dərk etmək olar. Bu yeni tarixi və siyasi gerçəkliyin memarı Prezident İlham Əliyevdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət