İrəvanın silah almasına məhdudiyyət qoyulmalıdır

post-img

İkinci Dünya müharibəsindən formalaşmış beynəlxalq münasibətlər siste­minə nəzər yetirdikdə, başqa ölkələrin torpaqlarını işğal edən, təcavüzkarlıq­la məşğul olan çox az sayda dövlətin olduğunu görmək mümkündür. Onlar­dan biri də Ermənistandır.

Təxminən, 70 il biz bu respublika ilə eyni dövlətin – SSRİ-nin tərkibində yaşa­saq da və həmin illərdə ölkəmizdə yaşayan ermənilərə güldən ağır söz deyən olmasa da, onlar Sovet İttifaqının dağılması ilə nə­ticələnən etnik separatizmə başladılar. Bu separatçı əməllər az sonra qanlı mühari­bəyə çevrildi. Müharibənin gedişi zamanı azərbaycanlılara qarşı soyqırımları törədil­di, yaşayış məntəqələrimiz işğal olunaraq xarabazara çevrildi. Azərbaycan öz gücü hesabına işğal faktını aradan qaldırsa da, hələ də Ermənistanın mövqeyi üzündən sülh sazişinin imzalanması mümkün ol­mur. Buna paralel olaraq qarşı tərəf silah­lanma həyata keçirir. Fransa başda olmaqla Qərb ölkələri Ermənistanı silahlandırırlar.

Azərbaycan isə tarixində heç vaxt iş­ğalçılıq, təcavüzkarlıq və ya buna bənzər əməllərlə məşğul olmayıb. Ölkəmiz hə­mişə beynəlxalq hüququn norma və prin­siplərindən çıxış edərək, qonşu dövlətlər­lə münasibətdə də bu meyarı əsas tutub. Amma bunu Ermənistan barədə demək mümkün deyil. Ermənistan bu gün də re­vanşist yanaşmadan əl çəkməyib. Demək olar ki, hər ötən gün İrəvandan yeni revan­şist ruhlu bəyanatlar səslənir. Ölkənin par­lamentindəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bildirib ki, Azər­baycanın Ermənistanın silah və ordusunun tədarükünə məhdudiyyətlər tətbiq edil­məsinin zəruriliyi barədə son yanaşması İrəvan qarşısında qoyulan digər ilkin şərt kimi qiymətləndirilməlidir. O qeyd edib ki, Ermənistanın alternativinin olmaması və hansısa hökumətin dövründə müdafiə məsələlərinə, o cümlədən silah və hərbi texnikanın alınmasına böyük diqqət yetir­məli olması heç müzakirə mövzusu da de­yil: “Azərbaycanın aqressiv mövqeyini (?) və yaranan nifrəti (?) nəzərə alsaq, Ermə­nistanın addımlarının beynəlxalq hüquq və qavrayış baxımından başadüşülən olması da şübhə doğurmur. Bakıda bunu hamı başa düşür, amma Hayastanı maksimum dərəcədə sıxıb ayağa qalxmaq şansından məhrum etmək üçün Ermənistanın indiki hakimiyyətinə qarşı dəfələrlə tətbiq olunan qamçı siyasətindən (?) istifadə etməyə ça­lışırlar”.

Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev bildirdi ki, Ermənistan hazırda Qərbə üz tutub. Təəssüf ki, Qərbdə də on­ları dəstəkləyənlər çoxdur: “Onlar özlə­rindən sülhpərvər, demokratik ölkə imici yaratmaq istəyirlər. Fakt isə bundan ibarət­dir ki, Ermənistan 30 il işğalçılıqla məşğul olub. Bununla bağlı dünya təcrübəsindən gətirilən misal tamamilə doğrudur. İkinci Dünya müharibəsindən sonra Almaniyaya silahlı qüvvələrlə bağlı belə bir məhdudiy­yət tətbiq edilmişdi. Həmçinin, Yaponiya ilə də bağlı oxşar təcrübə mövcuddur. Bu günədək də Yaponiyanın silahlı qüvvələri­nin inkişafına məhdudiyyət var. Yəni, bu, İkinci Dünya müharibəsinin təcrübəsidir. Təəssüf ki, Qərbdə Ermənistanın təcavüz­kar olduğunu, Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxladığını gör­mürlər. Ölkəmizin Fransa və Hindistanın Ermənistanı silahlandırması ilə bağlı haqlı narazılığı var. Nikol Paşinyan isə deyir ki, bu, bizim hüququmuzdur və guya, müdafiə məqsədi ilə edilir”.

F.Şəfiyev Ermənistan cəmiyyətində gedən müzakirələrdən də söz açdı: “Er­mənistan cəmiyyətində gedən müzakirələr zamanı deyirlər ki, biz İkinci Qarabağ mü­haribəsini uduzduq, eybi yoxdur. Amma 10-15 il sonra bu məsələyə qayıdacağıq. Onlar məsələni gündəmdən də çıxarmaq istəmirlər. Yəni, əgər münaqişə həll olu­nubsa və iddialar yoxdursa, Minsk qrupu nəyə lazımdır? Mən hələ konstitusiyanı bir kənara qoyuram. Hər halda deyirlər ki, 2027-ci ildə əsas qanunu dəyişdirəcəklər. Halbuki, 2027-ci il çox gecdir. Hətta diplo­matik cəbhədə də biz görürük ki, orda-bur­da “Dağlıq Qarabağ məsələsini” gündəm­də saxlamaq cəhdləri var. Ona görə də istər Paşinyan, istərsə də ondan sonra haki­miyyətə gələn şəxs deyə bilər ki, biz silah tətbiq etməklə, güc yolu ilə bu torpaqları qaytarmalıyıq. Yəni, belə bir ehtimal var”.

Erməni ekspertlərin bəzilərinin yazdıq­ları məqalələrdə məsələyə sonrakı illərdə qayıdacaqlarına dair fikirlərin əksini tapdı­ğını qeyd edən mərkəz rəhbəri bu baxım­dan Azərbaycanın çox haqlı narazılığının olduğunu vurğuladı: “Amma açıq demək lazımdır və görünən odur ki, Qərbin İrə­vana bu dəstəyi fonunda Ermənistana qarşı hər hansı məhdudiyyət tətbiq edilməyəcək. Əgər Ermənistana qarşı hüquqi cəhətdən çərçivə müəyyənləşmirsə və məhdudiy­yət tətbiq olunmursa, buna cavab olaraq, Azərbaycan özünün silahlı qüvvələrini hə­mişə Ermənistan ordusundan qat-qat üstün saxlamalıdır. Tarixi keçmişi nəzərə alaraq, deməliyik ki, bu da bizim hüququmuzdur”.

Məsələni hərbi-siyasi nöqteyi-nəzər­dən şərh edən sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramalda­nov isə bildirdi ki, Azərbaycan sülh sazişi ilə bağlı 5 prinsipdən ibarət təkliflər irəli sürsə də qarşı tərəfin mövqeyi üzündən hələ də sazişin imzalanması mümkün ol­mayıb. Onun sözlərinə görə, rəsmi İrəva­nın yanaşması “bir addım irəli, iki addım geri” prinsipinə əsaslanır. Qarşı tərəf yeni havadarlar axtarışına çıxır, xaincəsinə si­yasət apararaq regionu yeni münaqişə oca­ğına çevirmək istiqamətində səylər göstə­rir: “Bu addım regionun təhlükəsizliyinə çox böyük zərbə vurmağa hesablanıb. On­ların hərəkəti yaşadıqları regiona arxadan zərbə vurmağa bənzəyir”.

Ehtiyatda olan polkovnik açıqlaması­nın davamında dedi: “Ermənistan elə bir ölkədir onun, ümumiyyətlə, ordusu olmalı deyil. Onun silah-sursat almasına məhdu­diyyətlər, qadağalar qoyulmalıdır. Əvvəla, ona görə ki, Ermənistana qonşu heç bir ölkənin əsas qanununda, yəni, konstitusi­yasında onlara qarşı ərazi iddiası yoxdur. İrəvanın isə dörd bir tərəfə ərazi iddiası var. Onların ərazi iddiası təkcə Azərbay­can və Türkiyə ilə məhdudlaşmır. Hayla­rın Gürcüstan və hətta, İrana qarşı da əra­zi iddiaları mövcuddur. Yəni, bu ölkə öz konstitusiyasına qonşu ölkələrə ərazi iddi­asının olması ilə bağlı konkret müddəalar salıb. Bu da region üçün təhlükəli haldır. İrəvan regionda xarici havadarların istəyi ilə çirkin oyunların baş verməsinə şəra­it yaradır. Prinsip etibarilə heç bir qonşu ölkənin Ermənistana hücum etmək niyyəti yoxdur. Amma qeyd etdiyimiz kimi, bunu Ermənistan barədə demək olmaz. Ermənis­tan müstəqil siyasət yürütməyən, bu və ya digər qüvvələrin sifarişlərini yerinə yetirən ölkədir. Ona görə də mən düşünürəm ki, onun silahlandırılması, bütövlükdə, region üçün təhlükəlidir”.

Ş.Ramaldanov qeyd etdi ki, Ermənis­tanla bağlı beynəlxalq zəmanət mexanizmi olmalıdır: “Dünyada belə praktika mövcud olub. Ümumiyyətlə, Ermənistan silahlan­dırılmayan və ordusu olmayan ölkə kimi mövcud olmalıdır. Yaxud da silah alışı ilə bağlı beynəlxalq kvotada Ermənistanın payı çox aşağı endirilməlidir. Bu kvota ağır artilleriya, tank, raket, yaylım vasitələri və sair silahları nəzərdə tutur. Silahların növləri və adları, təyinatı ilə bağlı müəy­yən məhdudiyyətlər var. BMT-də tərk-si­lah və silahlanmanın məhdudlaşdırılması məsələləri ilə məşğul olan xüsusi qurum var. Onlar bu kvotaya əməl olunmasını yoxlamaq üçün vaxtaşırı Azərbaycan və Ermənistana səfərlər edirlər. Sadəcə, Er­mənistan 30 il ərzində beynəlxalq kvotada nəzərdə tutulandan artıq bütün silahları çox asanlıqla Azərbaycanın işğal olunmuş 20 faiz ərazisində cəmləşdirmişdi. Çünki ora heç bir beynəlxalq qurum tərəfindən nəzarət olunmayan, necə deyərlər, “boz zona” idi”.

Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin də digər dövlətlər kimi xaricdən silah almaq hüququna malik olduğunu bildirib. Halbu­ki, işğalçının yenidən silahlanması bütün region üçün təhlükə yaradır. Ermənistanla bağlı bu gün də işğalçı ölkə sözünü işlət­məyimiz üçün kifayət qədər əsaslar var. Qonşu ölkə 30 ilə yaxın Qarabağın bö­yük hissəsini və ölkəmizin bir sıra digər rayonlarını işğal altında saxlayıb. Uzun müddət ermənilər manipulyasiya edirdilər ki, guya, Qarabağda yalnız hansısa “mü­dafiə ordusu” adlandırdıqları silahlılar var və onların Ermənistanla heç bir əlaqəsi yoxdur. Amma Qarabağda ləğv edilmiş separatçı rejimin keçmiş rəhbərləri özləri bu yaxınlarda etiraf etdilər ki, həmin “mü­dafiə ordusu” həmişə Ermənistan müdafiə nazirliyinə tabe olub. Yəni, Ermənistan silahlı qüvvələrinin tərkibində fəaliyyət göstərib. Azərbaycan ərazilərinin Ermə­nistan tərəfindən işğalının daha bir bariz nümunəsi 2020-ci il noyabrın 10-da üç­tərəfli Bəyanatın imzalanmasından sonra erməni silahlı qüvvələrinin bircə atəş belə açılmadan üç rayondan (Ağdam, Kəlbəcər və Laçın) çıxarılması faktıdır. Bu sənədi isə Ermənistanın baş naziri şəxsən imza­layıb. Belə faktlar çoxdur və kimin işğalçı olduğu heç müzakirə mövzusu belə deyil. İşğalçının təkrar silahlanması isə bütün re­gion üçün təhlükə yaradır. Ermənistanın si­lahlandırılması ilə bağlı məhdudiyyətlərin tətbiqi günün tələbidir.

Səxavət HƏMİD
XQ





Siyasət