Yaxud Makronun yeni baş nazir təyinatına sözardı
Fransa ermənipərəstliyini durmadan gücləndirir. Ölkənin yeni baş nazirinin Mişel Barnye olması bunun təsdiqidir. Söhbət 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edən Barnyedən gedir.
Bəli, yeni baş nazir o zaman Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Qarabağdakı separatçı rejimin təmsilçilərini ziyarət edib. Böyük ehtimalla onlara ruh yüksəkliyi aşılayıb, yəni sabun köpüyü ritorikasına üstünlük verib. Ən əsası isə Barnye səfər əsnasında anti-Azərbaycan fikirlər səsləndirib və Pekreslə birgə ölkəsinin Azərbaycandakı səfirini geri çağırmasına dair bəyanat yayıb. Habelə, bununla kifayətlənməyərək, Bakıya qarşı sanksiyaların tətbiqi istiqamətində çağırışa da imza atıb.
Əslində, Emmanuel Makron kimi ermənipərəst prezidentə malik Fransanın Barnye kimi ermənipərəst baş nazirinin olması o qədər də təəccüblü deyil. Əlbəttə, ikincinin ölkəsində yüksək posta təyinat alması Parisin Bakıya qarşı hərəkətlərindəki rəng çalarlarını bir qədər də tündləşdirəcək. Ancaq, necə deyərlər, islanmışın yağışdan qorxusu yoxdur. Bu mənada, Azərbaycan da heç nədən və heç kimdən çəkinmir.
Bəli, Fransa istər rəsmi, istərsə də qeyri-rəsmi formada ölkəmizə qarşı ən ağlasığmaz vasitələri işə salaraq mübarizə aparır. Qərəz dolu qətnamələr, bəyanatlar və sair anti-Azərbaycan mahiyyət daşıyan lakmus kağızları günümüzün acı reallıqları, ümumən Fransa adına son dərəcə böyük utanc gətirən səhnələrdir. Şübhəsiz ki, zaman keçdikdən sonra ölkədə Bakıya münasibət baxımından bu gün yaşananlara görə utananlar tapılacaq.
Yeri gəlmişkən, bu məqamı vurğulayaq ki, o boyda Fransa, demokratiyanın beşiyi, ənənələrə malik məmləkət otuz illik müstəqilliyi olan gənc dövlətə münasibətdə aşkar həyasızlıq yolu tutur, bütün etiket qaydalarını, mənəvi dəyərləri, beynəlxalq hüquq normalarını saymır. O da şübhəsizdir ki, vaxt gələcək ümumən Makronun prezidentliyi dövrü Fransanın qara ləkəsi kimi tarixə düşəcək. Elə Barnye kimi ermənipərəstin baş nazirliyi də həmçinin.
Beləliklə, Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan bildirib ki, Ermənistan M.Barnyenin ölkəyə iki səfərini böyük qədirbilənliklə xatırlayır. Onun sözlərinə görə, həmin səfərlərdən biri 1995-ci il noyabrın 7-də gerçəkləşib. O vaxt Barnye Avropa məsələləri üzrə nümayəndə statusunda İrəvanda olubmuş və Fransanın Ermənistandakı səfirliyinin açılışına qatılıb.
Barnyenin Ermənistana ikinci səfəri isə vurğuladığımız kimi, 2021-ci ildə, daha dəqiq desək, həmin ilin dekabrında reallaşıb. Sən demə, o, həmin vaxt müharibədən əziyyət çəkənlərlə həmrəylik nümayiş etdirmək istəyibmiş. Elə bu məqsədlə də Qarabağa yollanıbmış və hərəkətinin beynəlxalq hüquqa tüpürmək olduğunun fərqinə varmayıbmış.
Əslində, Fransada hər şeyi çox yaxşı bilirlər. Yəqin, Barnyeni baş nazir edənlər bunun nə demək olduğunun fərqindədirlər. Artıq tam əminliklə demək olar ki, Fransanın ən yüksək rütbəli bir məmuru ölkəmizə ayaq basmaq qadağası ilə üzləşəcək. Paris, necə deyərlər, Azərbaycanla körpüləri yandırmağın bu fazasını özü istədi. Amma onu da nəzərə alaq ki, Barnyenin təyinatı, eyni zamanda, Makronun fransız xalqı ilə də körpülərini yandırması anlamına gələn hadisədir. Ən mühüm məqam da elə budur.
Qeyd edək ki, Fransadakı hazırkı situasiyada M.Barnyenin ciddi hökumət formalaşdırması çətin görünür. Yəni, onun yeni hökumətinin bu il iyunun 30-da və iyulun 7-də keçirilmiş seçkilərdən sonra heç bir partiyanın mütləq çoxluğa malik olmadığı parlamentin üzvləri arasında etimad qazana biləcəcəyi mümkünsüz təsir bağışlayır. Elə buna görədir ki, Makron iki aydır baş nazir təyin edə bilmirdi. Nəhayət, o, Barnyeni tapıb ki, belə bir mənfi reputasiyalı şəxsin yüksək vəzifəyə gətirilməsi ölkənin siyasi dairələrində də süngü ilə qarşılanıb.
Məsələn, Fransanın Milli Birlik hərəkatının lideri Jordan Bardella bildirib ki, rəhbərlik etdiyi qurum yeni baş nazirin ümumi çıxışlarını, büdcə ilə bağlı təkliflərini qiymətləndirib və onların realizə imkanlarına baxaraq qərar verəcək: “Biz tələb edəcəyik ki, alıcılıq qabiliyyətinin yüksəlməsi, təhlükəsizlik və imiqrasiya kimi fransız xalqının qarşısında dayanan başlıca tələblər yerinə yetirilsin. Bunun baş verməyəcəyi təqdirdə, etirazçı siyasi mühit formalaşdırmaq haqqımızı özümüzdə saxlayırıq”.
Fransız solçular da Barnyenin təyinatından narazıdırlar. İfrat solçuların lideri Jan Lyuk Melenşon deyib ki, prezident Barnyeni baş nazir təyin etməklə, ölkədə qanunverici hakimiyyət orqanlarına keçirilmiş seçkilərin nəticələrini rəsmi şəkildə təkzib etdi. Onun sözlərinə görə, baş nazir seçkidə birincilik qazanmış “Yeni xalq cəbhəsi”ndən olmadığı üçün seçkilərin nəticələri xalqdan oğurlandı.
“Hakimiyyətin seçkidəki məğlubiyyətindən 52 gün sonra Makron özünü avtokrat saydığını göstərdi”, – deyən “Yenilməz Fransa” sol radikal partiyasının deputatı Matilda Pano vurğulayıb ki, prezident seçki məntəqələrinə gələn insanların seçiminə hörmətsiz yanaşdığını göstərib. Pano buna görə də insanları küçələrə çıxmağa və Barnyenin təyinatına etiraz bildirməyə çağırıb. Eyni fikri “Yaşıllar”ın lideri Marina Tondelye də “X” sosial şəbəkəsində yazıb.
Göründüyü kimi, M.Barnyenin təyinatına qarşı hiddət var. Bəli, belə təəssürat yaranır ki, Fransada ermənipərəstlərin sayı-hesabı yoxmuş. Hesab edirik ki, ölkənin hazırkı siyasi sisteminin ən böyük bəlası da elə budur. Bəla isə bəla gətirir. Qarşıda Fransada 2025-ci ilin büdcə müzakirələri var. Ölkənin hazırda düşdüyü bu bataqlıqda müzakirələrin Barnyenin formalaşdıracağı hökuməti məhvə sürükləyəcəyi şübhəsizdir.
Ə.RÜSTƏMOV
XQ