Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə inkişafı, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın möhkəmlənməsi xüsusi məmnunluq doğurur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Xatırladaq ki, bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb.
Sadaladıqlarımız hazırkı yüksək səviyyəli əməkdaşlıq konturları baxımından, bir növ, müqəddimə sayıla bilər. Bəlkə, müstəqilliyimizin ilk illərində Azərbaycan–İtaliya əməkdaşlığı baxımından indi yaşananları heç ağla gətirmək belə mümkün olmazdı. Ancaq xəyallarımızın gerçəkləşdiyi bir dövrdəyik və Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir.
Bəli, Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu.
Balanslılıqdan söz düşmüşkən, dövlətimizin başçısı bu il Böyük Britaniyaya, Almaniyaya və “köhnə qitə”nin digər paytaxtlarına, həmçinin Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirdi. Bu intensiv qrafik və istiqamət müxtəlifliyi də dövlətimizin balanslı xarici siyasət kursunun keyfiyyət trayektoriyasından xəbər verir. Mövcud məqam Azərbaycanın Qərblə Şərq arasındakı körpü rolunu gücləndirir, ölkəmizə inamı və etimadı daha da möhkəmləndirir. Nəzərə alaq ki, böyük siyasətdə etimad və inam son dərəcə vacibdir. Bu gün rəsmi Roma ilə münasibətlərin yüksəklik fazası ölkələrimizin bir-birilərinə olan qarşılıqlı etimad və inamının təntənəsidir.
Ondan başlayaq ki, 1997-ci il sentyabrın 25-28-də ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Bu səfərlər çərçivəsində dost ölkələr arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair çoxsaylı sənədlər imzalanıb.
Göründüyü kimi, Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.
“Qoca qitə” ilə əlaqələr gəncləşir
Prezident İlham Əliyevin bundan əvvəl Avropanın digər ölkələrinə səfərləri Azərbaycanın “qoca qitə” ilə gəncləşən əlaqələrini yeni müstəviyə qaldırıb. Ölkəmiz Avropa dövlətlərinin enerji təchizatına töhfəsini bu səfərlərdən sonra artırmaq üçün imkanlarını səfərbər edib. İtaliya isə bu prosesdə ölkəmizin Avropada istinad məkanı, ötürücü coğrafiyadır.
Bu gün Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi vəzifəni – Şərqlə Qərbi, Şimalla Cənubu siyasi-iqtisadi, logistik və humanitar sahələrdə yaxınlaşdırmaq, qlobal əməkdaşlığı hamı üçün faydalı məcraya yönləndirmək missiyasını üzərinə götürüb. Bunu dövlət başçımızın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün işgüzar səfərdə keçirdiyi görüşlər də bir daha təsdiq edib.
Prezident İlham Əliyevin bu səfəri çərçivəsində qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə də görüşüb.
Azərbaycanın İtaliya ilə əməkdaşlığı isə qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.
Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
Azərbaycanın Avropanın qaz təchizatında çəkisi artır
Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.
Prezident İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Bu məqamda xatırladaq ki, iki ölkənin enerji sahəsində əməkdaşlığında ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətləndirərək bu qaz dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini bildirib. Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayaraq deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.
Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Bu məqamda dövlətimizin başçısının “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumundakı çıxışında sözügedən qaz dəhlizi haqqında fikirlərini də xatırlatmaq istərdik: “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”.
Yeri gəlmişkən, elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsas tərəfdaşlarımızdır. Məsələn, məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdə tikilən 1300 meqavata yaxın gücü olan elektrik stansiyası üçün turbinlərin təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire Tecnimont” böyük sənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalı zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox möhkəm və ildən-ilə böyüyən çoxşaxəli təməldir.
İtaliya–Azərbaycan işgüzar müzakirələri
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və İtaliya Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. Hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkarın iştirak etdiyi dəyirmi masada ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı qeyd edilib, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanın İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyi və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə dost ölkənin çoxsaylı şirkətlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib.
Dəyirmi masada çıxış edən hər iki ölkənin nümayəndələri çıxışlarında Azərbaycanın İtaliya ilə strateji enerji tərəfdaşlığı və əlaqələrin qeyri-neft sahəsində inkişafı imkanları haqqında danışaraq tərəflərin ixrac və investisiya potensialı haqqında məlumat verib, ortaq faydalı fəaliyyət istiqamətləri, eləcə də perspektivli layihələrin önəmini diqqətə çatdırıblar. Bütün bunlarla yanaşı, iştirakçılar sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə təkliflər səsləndiriblər.
Qeyd edək ki, dövlət başçımızın dost ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşan “Annatura” şirkəti, “Scorpio Group” və İtaliyanın “Coldiretti” kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
***
Sonda qeyd edək ki, İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razılaşdırilan məsələlərin icrasının diqqətdə saxlamasıdır.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.
Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Vaqif BİNYATOĞLU
XQ