Gürcüstan – Aİ münasibətlərində gərginliyin son həddi

post-img

Zaman keçdikcə “qoca qitə”nin Tbilisiyə təzyiq imkanları zəifləyir

Avropa Komissiyası Gürcüstanı Brüsseldə keçirilən Aİ-nin genişlənmə forumuna dəvət etməyib. Dünən keçirilən bu tədbirdə vizasız rejimin dayandırılması prosedurunun sadələşdirilməsi müzakirə olunub.

Avrokomissiyanın nümayəndəsi Giyom Mersye bildirib ki, Gürcüstan artıq yalnız “nominal namizəd” hesab olunur və ölkə demokratik normalardan, Avropa dəyərlərindən uzaqlaşır. Onun sözlərinə görə, Avrop İttifaqına (Aİ) üzvlük üçün tələb olunan islahatlardan geri addımlar atılır, demokratiyanın durumu isə pisləşib. Məhz buna görə Brüssel Gürcüstan hökuməti ilə siyasi təmasları minimuma endirib.

Qeyd olunur ki, 2024-cü ildə Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamamaq qərarı Avropa inteqrasiyasından açıq uzaqlaşma kimi qəbul edilib. Bu addım həm Gürcüstan vətəndaşlarının Avropayönlü istəyinə, həm də Konstitusiyada əks olunan öhdəliklərə zidd sayılır. Hadisələrin fonunda Aİ-nin Gürcüstana təzyiq məqsədilə vizasız rejim üzrə yeni mexanizm tətbiq edə biləcəyi də istisna edilmir.

Beləliklə, Qərbin narazılığı bir neçə istiqamətdə cəmlənib. Birincisi, demokratik institutlarda geriləmə və son illər qəbul olunan bir sıra qanunların, o cümlədən “xarici agentlər” mahiyyəti daşıyan sənədlərin Avropa dəyərləri ilə uyğun gəlməməsidir. İkincisi, hökumətin Avropa təşkilatları ilə dialoqu məqsədli şəkildə zəiflətməsi, tənqidlərə sərt reaksiya verməsi və buna paralel olaraq daxili siyasi rəqiblərə qarşı sərtləşən təzyiq metodlarıdır. Üçüncüsü isə, Avropa Komissiyanın qeyd etdiyi antiAvropa xarakterli ritorikanın dövlət səviyyəsində normal hal almasıdır.

Brüssel üçün bu vəziyyət, sadəcə, fikir ayrılığı deyil, Gürcüstan hakimiyyətinin strateji istiqamət seçimində əsaslı dəyişiklik kimi dəyərləndirilir.

Bəli, rəsmi Tbilisi tamamilə fərqli mövqe sərgiləyir. Gürcüstan Xarici İşlər Nazirliyi bu açıqlamaları qərəzli adlandırır. Nazirliyin mövqeyinə görə, Gürcüstanın fəaliyyəti barədə əsassız neqativ qiymətləndirmələr verilir, Nazirlik hesab edir ki, Aİ Gürcüstanın üzvlüyü məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə edir.

Hakimiyyətin vurğuladığına görə, Aİ-nin Gürcüstanla bağlı hesabatları qərəzlidir, ölkənin real vəziyyəti obyektiv göstərilmir və tənqidlər siyasi sifariş elementləri daşıyır. Bununla bağlı Baş nazir İrakli Kobaxidzenin açıqlaması da maraqlıdır. Baş nazir deyib ki, müəyyən “bürokratlar” Gürcüstanda “Kollektiv Milli Hərəkat”ın hakimiyyətə qayıtmamasını qəbul edə bilmir. Bu səbəbdən cəmiyyəti şantaj altında saxlamağa çalışırlar. Kobaxidze hesab edir ki, bu yanaşma effektiv deyil və Aİ sonda daha praqmatik qərar verəcək. Onun sözlərinə görə, kimsə belə siyasətlə nəyəsə nail olacağını və “Kollektiv Milli Hərəkatı” yenidən hakimiyyətə gətirəcəklərini düşünürsə, yanılır, bu, alınmayacaq.

Parlament sədri Şalva Papuaşvili də oxşar mövqe sərgiləyir. O bildirib ki, Brüssel Gürcüstandakı maliyyə xərclərinin şəffaflığının tələb olunmasına görə Gürcüstanın qarşısında yeni maneələr yaradır. Papuaşvili bunu Aİ-də “dəyər böhranı” kimi dəyərləndirir və qaydaların ayrı-ayrı ölkələrə uyğunlaşdırılmasını antidemokratik addım adlandırır. O, həmçinin Gürcüstanın Aİ-nin Genişlənmə Forumuna dəvət olunmamasını Brüsselin dialoq əvəzinə qarşıdurma yolunu seçməsi kimi qiymətləndirir.

Tərəflərin mövqeləri isə göstərir ki, Gürcüstan–Aİ münasibətləri son illərin ən böhranlı mərhələsinə daxil olub. Tərəflər arasında etimad çatışmazlığı artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, real nəticələr yaratmağa başlayır. Aİ-nin mesajlarından görünür ki, Gürcüstanın son addımları guya Avropa inteqrasiyasının mahiyyəti ilə ziddiyyət təşkil edir və bu xətt davam edərsə, münasibətlərin növbəti mərhələyə keçməsi qaçılmaz olacaq.

O da maraqlıdır ki, bu yanaşma Aİ tərəfindən Gürcüstan hökumətinin öz mövqeyini legitimləşdirmək cəhdi kimi dəyərləndirilir. Bu səbəbdən Aİ Gürcüstana qarşı bəzi addımlar atmağa qərar verib. Bunun konkret əlaməti vizasız rejim mexanizminin sərtləşdirilməsidir. Sənəd formal olaraq bütün vizasız ölkələrə şamil olunsa da, müzakirələrin tonu göstərir ki, bu dəyişikliklər Gürcüstanın hazırkı siyasi kursu ilə bağlıdır. Vizasız rejimin dayandırılması mexanizminin sadələşdirilməsi, müddətlərin artırılması və meyarların sərtləşdirilməsi Aİ-nin daha kəskin tədbirlər görməsi üçün hüquqi zəmin yaradır. Lakin vizasız səyahətin dayandırılması mexanizminin mürəkkəbliyini nəzərə alsaq, bu, yenidən diplomatik pasport sahibləri ilə məhdudlaşa bilər.

Yada salaq ki, Aİ-yə üzv ölkələrinə giriş üçün Gürcüstanın diplomatik və xidməti pasport sahibləri artıq viza almaq məcburiyyətində qalıblar. Bu belə əsaslandırılıb: “Diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün viza rejiminin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının adi vətəndaşlara, nümayişçilərə və jurnalistlərə qarşı repressiyalarla, o cümlədən polisin cəzasız qalması və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə razılaşmadığını nümayiş etdirmək üçün növbəti addımdır”. İndi isə Aİ Gürcüstan vətəndaşları üçün də vizasız rejimə məhdudiyyətlərin tətbiqi məsələsini nəzərdən keçirir. Ümumiyyətlə, Gürcüstan vətəndaşları üçün vizasız səyahətin bərpası istisna edilmir. Bunun nə qədər effektli ola biləcəyini isə gələcək göstərəcək.

***

Qeyd etmək lazımdır ki, Gürcüstan vətəndaşları əvvəllər də daha çətin iqtisadi dövrlərdə Aİ ölkələrinə səyahət etmək üçün viza alıblar və bu proses onlar üçün ciddi maneə yaratmayıb. Ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdığı, həyat səviyyəsinin yüksəldiyi hazırkı mərhələdə isə viza tələbinin bərpası Gürcüstan üçün əvvəlki qədər böyük problem olaraq görünmür. Əksinə, iqtisadi artım fonunda ölkədə yeni iş imkanlarının yaranması və əmək bazarının genişlənməsi miqrant işçilərin əhəmiyyətli hissəsini vətənə qayıtmağa zövq edir. Çünki artıq onlar öz ölkələrində layiqli və sabit gəlir əldə etmək üçün daha əlverişli şəraitlə qarşılaşırlar.

Bu arqumenti təsdiqləyən faktlar mövcuddur. Məsələn, cari ilin yanvar-may aylarında Gürcüstanda iqtisadi artım 9,3 faiz səviyyəsində qeydə alınıb və bu, region üçün yüksək göstəricidir. İşsizlik səviyyəsində də müəyyən azalma var. Hazırda bu göstərici 16,4 faizdir ki, əvvəlki illərlə müqayisədə daha yaxşı dinamikanı əks etdirir. Baş nazir İrakli Kobaxidze müsahibəsində ölkənin davamlı inkişaf perspektivlərini vurğulayaraq bildirib: “Gürcüstan eyni sürətlə inkişaf etməyə davam edərsə, yoxsulluğun səviyyəsi 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə azala bilər”. Bu isə hökumətin sosial-iqtisadi siyasətinin yaxın illərdə daha pozitiv nəticələr verə biləcəyini göstərir. Bunu sübut edən faktlardan biri də son illərdə işləmək üçün Gürcüstana gələn xarici ölkə vətəndaşlarının sayının kəskin artmasıdır. Xüsusilə tikinti, ərzaq və xidmət sahələrində bu daha aydın görünür.

Mövzu ilə bağlı Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov XQ-yə bildirdi ki, hazırda Gürcüstanda yüksəkmaaşlı və rəqabətədavamlı iş yerləri açılır, müxtəlif sahələrə investisiya axını davam edir: “Bu isə vətəndaşların ölkəni tərk etmədən sosial rifahlarını yaxşılaşdırmaq imkanlarını genişləndirir. İnsanlar artıq yalnız xaricdə işləməklə yox, öz ölkələrində də layiqli gəlir qazana və sosial vəziyyətlərini yüksəldə bilirlər. Belə şəraitdə Aİ ilə vizasız rejimin müvəqqəti olaraq ləğv edilməsi ölkə üçün təhlükəli deyil. Əksinə, mövcud iqtisadi sabitlik, sosial dəstək və inkişaf meyilləri fonunda bu addımın təsirləri minimal olacaq. Uzunmüddətli dövrdə ümumi miqrasiya dinamikasına mənfi təsir göstərməyəcək. Ümumiyyətlə, Qərbin iqtisadi təzyiqləri artıq effektli deyil. Ona görə də vizasız səyahətin ləğvi Gürcüstan üçün ciddi nəticələr verməyəcək. Sadəcə görüntü yaratmağa çalışırlar”.

Bu arada qeyd edək ki, Aİ Şurası üçüncü ölkələrin vətəndaşları üçün vizasız gediş-gəlişin dayandırılmasını nəzərdə tutan yenilənmiş mexanizmi təsdiqləyib. Şuranın açıqlamasına görə, yeni qaydalar Aİ-yə vizasız səfərlərdən sui-istifadə halları və ya ittifaqın maraqlarına zidd vəziyyətlər yarandıqda daha sürətli və sərt tədbirlər görülməsinə imkan yaradacaq. Yenilənmiş mexanizm vizasız rejimin ilkin dayandırılma müddətinin 9 aydan 12 aya qədər artırılmasını nəzərdə tutur. Bundan başqa, bu müddət əlavə 24 ay da uzadıla bilər.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət