Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda Vaşinqton sammiti müzakirə olunub

post-img

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.

Açılışda Fərid Şəfiyev çıxış edərək forumun əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 avqust görüşü Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. Son 30 il ərzində əməkdaşlığımız əsasən enerji sektorunda olub, lakin hazırda digər sahələrdə də tərəfdaşlıq üçün geniş perspektivlər mövcuddur.

ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram”, - deyə H.Paşayev vurğulayıb.

Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin Baş direktoru Con Herbst bildirib ki, ilk Azərbaycan-ABŞ Forumunun keçirilməsi gələcəkdə genişlənən əməkdaşlığa, Bakı-Vaşinqton qarşılıqlı işbirliyinə töhfə verəcək. “Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb”, - deyə Con Herbst əlavə edib.

Daha sonra “AnewZ” media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən sessiyada “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ-Azərbaycan əlaqələrinə təsiri” mövzusu müzakirə olunub.

Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokhari Cənubi Qafqazda güclər balansının ciddi şəkildə dəyişdiyinə diqqət çəkib: “Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, ABŞ-ın Xəzər regionuna artan marağı müşahidə edilir. Vaşinqton sənədlərinin imzalanması ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi olub. “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanda iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər. Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov isə ABŞ-ın sabiq Prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib: “Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi”. F.Məmmədov Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını qeyd edib.

Sessiya müzakirələrlə davam edib.

***

Forum çərçivəsində “Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi” mövzusunda da müzakirələr aparılıb.

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən sessiyada son dövrdə baş verən geosiyasi dəyişikliklərin Cənubi Qafqaz və qonşu regionlarda qüvvələr balansına təsiri təhlil olunub.

Sessiyada çıxış edən “New Lines Institute”nun Analitik İnkişaf və Təlim üzrə baş direktoru Eugene Çausovski bildirib ki, geosiyasi kontekstdən başlamaq zəruridir, çünki Azərbaycan-Ermənistan sülh prosesində yalnız regional deyil, həm də qlobal güclər maraqlıdır. O qeyd edib ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) və enerji sahəsinin inkişafı Tramp administrasiyası tərəfindən dəstəklənən vacib təşəbbüslərdən biridir.

Atlantik Şuranın qeyri-rezident baş elmi işçisi və geosiyasi analitik Rich Outzenin fikrincə, ABŞ Prezidenti Donald Trampın qısa müddətdə əldə etdiyi nəticələr olduqca unikaldır. Mərkəzi Asiya-Qafqaz İnstitutunun (CACI) Avrasiya üzrə baş elmi işçisi Con DiPirro deyib ki, hazırda bir çox mühüm geosiyasi dəyişikliklərin baş verdiyini görürük. Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır. O, həmçinin qeyd edib: “Əgər prosesi təhlil etsək, görərik ki, belə bir arxitekturanın formalaşması və davamlı olması üçün əvvəlcə TRIPP marşrutu inkişaf etdirilməlidir”.

ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri, dosent Anar Vəliyevin sözlərinə görə, Azərbaycanın Orta Dəhlizin mərkəzində yerləşməsi ölkəyə regional logistika və iqtisadi layihələrdə daha fəal iştirak imkanı yaradır.

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov isə deyib ki, yeni dünyamızda əvvəlki yanaşmalar artıq səmərəli olmur, çünki qlobal reallıqlar və geosiyasi çağırışlar yeni strategiyalar və fərqli baxışlar tələb edir. Keçmişin modelləri bu günün dinamik və mürəkkəb dünyasında işləməyəcək. Bu baxımdan, Vaşinqton sammiti xüsusi əhəmiyyət kəsb edir. O, özlüyündə böyük bir uğurun və irəliləyişin nümunəsi kimi qiymətləndirilə bilər.

Sessiya işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

***

Forum çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda da müzakirələr aparılıb.

ADA Universitetinin Siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjevic Miškovicin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın enerji dəhlizləri, nəqliyyat marşrutları və formalaşan rəqəmsal şəbəkələr vasitəsilə Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas rolu təhlil olunub.

Sessiyada çıxış edən Amerika Enerji Təhlükəsizliyi Təşəbbüsünün baş elmi işçisi və direktoru Brigam Makkoun (Brigham McCown) qeyd edib ki, qlobal enerji layihələrində ABŞ kimi dövlətlərin etimadını qazanmaq asan deyil. Lakin ABŞ-ın Trans-Xəzər nəqliyyat marşrutuna xüsusi maraq göstərməsi də məhz Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşması ilə bağlıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd edib ki, enerji təhlükəsizliyi region üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropaya çatdıran və Avropanın enerji şaxələndirməsinə töhfə verən əsas xətdir. Bu dəhlizdən həm Azərbaycan, həm Avropa ölkələri, həm də tranzit iştirakçılar kifayət qədər faydalanır. Sülh razılaşması və sabitlik isə bu və digər enerji layihələrinin daha dayanıqlı şəkildə inkişafına imkan verəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan bu sinxron marşrut boyunca infrastrukturun yenilənməsinə rəhbərlik edir. Lakin biz anlayırıq ki, hər bir zəncir ən zəif halqası qədər möhkəmdir. Buna görə də infrastrukturun sinxron şəkildə yenilənməsi çox vacibdir.

“Danube Institute US”nin tədqiqat direktoru Carlos Roa enerji, texnologiya və kritik resurslara böyük tələbatın olduğuna diqqət çəkib. BMTM-in şöbə müdiri Şahmar Hacıyev isə qeyd edib ki, Azərbaycan bu prosesin mərkəzində dayanır və regionda strateji əhəmiyyətə malik bir enerji qovşağı funksiyasını daşıyır.

Sessiya müzakirələrlə davam edib.

XQ









Son xəbərlər