Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

post-img

Mayın 7-də Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammiti keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova Sammitdə iştirak edib.

Tədbirdə çıxış edən Sahibə Qafarova son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiqlədiyini vurğulayıb. Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin Sədri deyib ki, ölkəmiz enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir.

Milli Məclisin Sədri parlamentlərin beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynadığını və parlament diplomatiyasının dialoqun təşviq edilməsi, şəffaflığın artırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi vasitəsilə ənənəvi diplomatik kanalları tamamladığını söyləyib. O, parlament diplomatiyasının etibarlı, inklüziv olmasının və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmasının vacibliyini vurğulayıb. O deyib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir. Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirəm.

XQ



Son xəbərlər