Baş diplomatın müavininin bu etirafı görünməyən mətləbləri də üzə çıxarır
“İnkişaf yalnız sülhün bərqərar olduğu şəraitdə mümkündür. Cənubi Qafqazdakı mövcud vəziyyət burada böyük inkişaf potensialının olduğunu göstərir. Bu proses nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən, regional nəqliyyat şəbəkəsinin blokadadan çıxarılmasına dair razılaşmaların icrasından və TRIPP layihəsi çərçivəsində yeni logistika marşrutlarının yaradılmasından başlayır. Öz növbəsində inkişaf da regionda sülhün möhkəmlənməsinə xidmət edəcək”.
Bu fikirləri Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan “İrəvan dialoqu” konfransında səsləndirib. Onun sözlərinə görə, nəqliyyat infrastrukturu həm Ermənistanın, həm də Azərbaycanın maraqlarının kəsişdiyi əsas nöqtədir: “Bu amil sülhü təmin etməklə yanaşı; inkişaf, daha dərin institusionallaşma və sülhün möhkəmlənməsi üçün zəmin yaradacaq. Müstəqilliyimizin 30 ili ərzində cəmiyyətimiz belə bir sülh görməyib. Biz sülh içində yaşamağın nə demək olduğunu bilmirik və bunu öyrənməliyik”.
Nazir müavini regional əməkdaşlığın dayanıqlı inkişafın təmin olunmasında həlledici faktor olduğunu vurğulayıb. Çıxışda xüsusilə struktur məhdudiyyətlərlə üzləşən ölkələr üçün sülh, sabitlik və kommunikasiyaların bərpasının həyati əhəmiyyəti qeyd olunub. Abisoqomonyan beynəlxalq donorlar və inkişaf agentlikləri ilə tərəfdaşlığın strateji əhəmiyyətini önə çəkərək, bu əlaqələrin yaxın gələcəkdə konkret və nəzərəçarpacaq nəticələr verəcəyini diqqətə çatdırıb.
***
Regionda onilliklər boyu davam edən münaqişələr qapalı kommunikasiya xətləri və dərin etimadsızlıq mühiti təkcə iqtisadi tərəqqini ləngitməyib, həm də xalqlar arasında ciddi psixoloji baryerlər yaradıb. Bu baxımdan, nazir müavininin səsləndirdiyi tezislər regionun gələcək arxitekturası ilə bağlı yeni və daha konstruktiv siyasi yanaşmanın formalaşdığından xəbər verir. Çıxışda sülhün və inkişafın ayrılmaz vəhdət şəklində təqdim olunması Cənubi Qafqazın cari geosiyasi reallıqlarını və tərəqqi ehtiyaclarını birbaşa əks etdirir.
Uzun illər region dövlətləri təhlükəsizlik məsələlərini iqtisadi əməkdaşlıqdan üstün tutmağa çalışıblar. Nəticədə nəqliyyat marşrutları bağlanıb, sərhədlər qapadılıb, regional layihələr isə siyasi gərginliyin girovuna çevrilib. Halbuki müasir dünya təcrübəsi göstərir ki, davamlı sülh yalnız iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq fonunda mümkündür. Abisoqomonyanın vurğuladığı kimi, inkişaf sülh şəraitində yaranır, eyni zamanda, inkişafın özü də sülhü möhkəmləndirən əsas amilə çevrilir. Bu fikir xüsusilə Cənubi Qafqaz kimi geosiyasi baxımdan həssas region üçün mühüm əhəmiyyət daşıyır.
Nazir müavininin çıxışında nəqliyyat infrastrukturu məsələsinə xüsusi diqqət ayrılması da təsadüfi deyil. Çünki regionun gələcəyi məhz kommunikasiya xətlərinin açılması, tranzit imkanlarının genişlənməsi və yeni logistika marşrutlarının formalaşması ilə sıx bağlıdır. Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpası yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun iqtisadi xəritəsi üçün yeni reallıq yaradır. Açıq yollar və inteqrasiya olunmuş nəqliyyat sistemi regionu beynəlxalq ticarətin mərkəzlərindən birinə çevirər.
Abisoqomonyanın “biz sülh içində yaşamağın nə demək olduğunu bilmirik və bunu öyrənməliyik” fikri isə adi siyasi bəyanat deyil, daha çox sosial etirafdır. Bu ifadə onilliklər boyu davam edən münaqişələrin təkcə dövlət sərhədlərini deyil, həm də cəmiyyətlərin şüur mənzərəsini necə parçaladığının göstəricisidir. Otuz illik qarşıdurma dövründə region xalqları şüuraltı səviyyədə bir-birini qonşu deyil, yalnız potensial təhlükə mənbəyi kimi görüb. “Müharibə psixologiyası” nəsillərin dünyagörüşünə elə dərin nüfuz edib ki, bu gün sülh anlayışı bir çoxları üçün tanış olmayan, hətta qeyri-müəyyənlik doğuran hissə çevrilib.
Əslində, nazir müavinin “sülh mədəniyyəti”nin inşası istəyi ciddi strateji çağırışdır. Beynəlxalq təcrübə göstərir ki, dayanıqlı sülh yalnız hərbi əməliyyatların dayandırılması deyil, həm də fərqliliklərlə birgə mövcud olmağın sosial mexanizmlərinin yaradılmasıdır. Beləliklə, region ölkələri üçün əsas hədəf sülhü sadəcə bir “pauza” kimi deyil, uzunmüddətli iqtisadi tərəqqi və regional sabitliyin başlıca şərti kimi qəbul etməkdir. Cənubi Qafqazın gələcəyi bu mürəkkəb psixoloji maneəni necə aşacağından və sülhü gündəlik həyatın bir parçasına necə çevirəcəyindən asılı olacaq.
***
Avropa da iki ölkə arasında əməkdaşlıqda maraqlıdır. Bu kontekstdə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış birgə bəyannamədə TRIPP layihəsinə verilən dəstək, regiona artan beynəlxalq marağın strateji göstəricisidir. Beynəlxalq aktorlar Cənubi Qafqaza artıq yalnız münaqişə prizmasından deyil, Avropa ilə Asiyanı birləşdirən mühüm iqtisadi və logistik qovşaq kimi yanaşırlar. Qara dəniz, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında nəqliyyat bağlılığının gücləndirilməsi Brüssel üçün enerji təhlükəsizliyi və ticarət yollarının şaxələndirilməsi baxımından əhəmiyyət kəsb edir. Lakin regional logistika sahəsində əsas məsələ gurultulu şüarlar deyil, real şəraitdə işləyə bilən mexanizmlərdir. Məhz burada bir disproporsiya diqqət çəkir: Avropa İttifaqı Ermənistanda “Sülh kəsişməsi” təşəbbüsünə üstünlük versə də, bu layihə 2023-cü ilin oktyabrından bəri infrastruktur təminatı və beynəlxalq zəmanətlər olmadan kağız üzərində qalan konsepsiyadır. Daha məntiqli yanaşma ötən ilin avqustunda “Tramp Marşrutu” üzrə əldə olunmuş razılaşmalara dəstək verməkdir. Çünki bu layihə real, strateji baxımdan hesablanmış təşəbbüs kimi regional logistikanın əsas dayaq konstruksiyasını formalaşdırır.
TRIPP layihəsinin əhəmiyyəti də məhz burada ortaya çıxır. Layihə region ölkələrini iqtisadi inteqrasiyaya cəlb etməklə, Cənubi Qafqazı qlobal sistemin mühüm halqasına çevirmək potensialına malikdir. İqtisadi asılılıq dərinləşdikcə münaqişə risklərinin azaldığı dünya təcrübəsi ilə sübut olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov bildirib ki, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın təmini üçün TRIPP dəhlizinin açılması zəruridir: “Dəhlizin açılması Azərbaycan və Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, iki ölkə arasında ticarət əlaqələrinin canlanmasına güclü təkan verəcək. Beynəlxalq yükdaşımaların intensivləşməsinə şərait yaradan bu marşrut dünya ticarətinin inkişafına və qlobal miqyasda mal dövriyyəsinin daha balanslı bölüşdürülməsinə mühüm töhfə olacaq, regionda sülhə xidmət edəcək”.
Ekspertin sözlərinə görə, Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş davamlı və sistemli qərarlar nəticəsində bu gün ölkəmiz istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir.
Beləliklə, proseslər region ölkələrinin siyasi iradəsindən birbaşa asılıdır. Xarici aktorlar yalnız dəstək verə bilər, lakin real sabitliyi təmin edəcək əsas amil region dövlətlərinin qarşılıqlı etimad qurmaq bacarığıdır. Ermənistan rəsmisinin çıxışında Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasına dair fikirlərin xüsusi vurğulanması göstərir ki, artıq İrəvanda regional əməkdaşlığın alternativsiz olduğu açıq şəkildə qəbul edilir. Region ölkələri qarşıdurma siyasətindən əməkdaşlıq modelinə keçə bilsələr, Cənubi Qafqaz uzun illərdən sonra sabitlik və rifah məkanına çevrilmək şansı qazana bilər. Bu isə sülhün və əməkdaşlığın önəmini artırır.
Pünhan ƏFƏNDİYEV
XQ



