Azərbaycan–ŞƏT: çoxtərəfli dialoqda ortaq hədəflər

post-img

Ölkəmiz iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada start götürmüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə son dərəcə böyük önəm verir. Bu önəmin nəticəsidir ki, Prezident İlham Əliyev mühüm toplantıda iştirak üçün Astanaya səfər edib. 

Dövlətimizin başçısını Zirvə görüşünə Qazaxıstan Prezidenti Kasım-Jomart To­kayev dəvət edib. Qürurverici haldır ki, Azərbaycan üzv olduğu beynəlxalq təşki­latlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır, həmin tədbirlərdə fəal iştirak edir.

“Çoxtərəfli dialoqun möhkəmləndi­rilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusunda keçirilən Astana Zirvə görüşündə siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair fikir mübadiləsi aparıla­caq. Həmçinin, əsas sənəd olan Astana Bəyannaməsi qəbul ediləcək ki, orada ŞƏT-in bir çox aktual məsələlərə mü­nasibətdə mövqeyi ortaya qoyulacaq, təşkilatın fəaliyyəti qiymətləndiriləcək və gələcək iş istiqamətləri müəyyənləş­diriləcək.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda quru­mun 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pa­kistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Bela­rus) və 14 dialoq tərəfdaşı (Azərbay­can, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Ne­pal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddəki Ter­rorizmə qarşı Regional Strukturu möv­cuddur. 

Bilavasitə Azərbaycan–ŞƏT əmək­daşlığına gəlincə, qurumun Çindən olan baş katibi Can Min bu ilin fevralında Ba­kıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkəmizin təşki­latın fəal tərəfdaşlarından biri olduğu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verildiyi diqqətə çatdırılıb. Ancaq bunadək keçilmiş yol var. Belə ki, 2015-ci ildə quruma üzv dövlətlərin başçıları şurasının iclasın­da ölkəmizə tərəfdaş statusunun veril­məsinə dair qərar qəbul edilib. 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dia­loq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb.

Yeri gəlmişkən, Heydər Əliyev Fon­du da ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verib. Fondun təşkilatçılığı ilə 2018-ci ildə qu­rumun Pekindəki mənzil-qərargahında Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büs­tü qoyulub. Onu da xüsusi vurğulama­lıyıq ki, N.Gəncəvi Çin filosofu Konfut­sidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. 

Qeyd etdiklərimizin nəticəsidir ki, Prezident İlham Əliyev 2022-ci ildə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə fəxri qonaq qismində iştirak edib. Ümumən isə Azər­baycanın rəhbəri ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına ikinci dəfədir dəvət olunur. Bununla bağlı bir sıra məqamları diqqətə çatdırmağa ehtiyac var. 

Əvvəla, Prezident İlham Əliyevlə təşkilata üzv dövlətlərin rəhbərləri ara­sında qarşılıqlı inam və etimada əsas­lanan yüksək səviyyəli münasibətlər mövcuddur. Nəzərə alaq ki, ölkəmizin liderinin Qazaxıstanın paytaxtında bu ölkə ilə yanaşı, Çinin, Türkiyənin, Ru­siyanın və Pakistanın prezidentləri ilə görüşü nəzərdə tutulub. İkinci məqam kimi ölkəmizin, xüsusilə onun liderinin dünya miqyasında nüfuzunun artma­sı və dövlətimizin başçısına göstərilən yüksək ehtiram amili vurğulanmalıdır. Üçüncüsü, Azərbaycanla təşkilata üzv olan ölkələrin ikitərəfli əlaqələri yüksək səviyyədədir, həmçinin öz inkişaf dina­mikasına sadiqdir. Bu baxımdan siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunika­siya, enerji və s. istiqamətlərdə əmək­daşlığın inkişafına yönəlmiş addım və təşəbbüslər üzərində dayanıla bilər. 

Digər tərəfdən, ölkəmizin Avrasiya məkanında əsas tranzit qovşağa çev­rilməsi faktorundan da söz açılmalıdır. ŞƏT ilə əməkdaşlıq kontekstində Azər­baycanın Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə fəaliyyəti mü­hüm əhəmiyyətə malikdir. Qurumun önəm verdiyi Orta dəhlizin tərkib his­səsi olan Bakı–Tbilisi–Qars dəmir yolu məhz ölkəmizin sərmayəsi hesabına başa gəlib. Bunlar Azərbaycanın ŞƏT üçün əhəmiyyətini daha da artırır. Rəs­mi Bakı da öz növbəsində həm təhlükə­sizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Bəli, Azərbaycan–ŞƏT əməkdaşlığı iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalarara­sı dialoqun təşviqi kimi sahələri əhatə edir ki, bunlar hər iki tərəfin maraqlarına uyğundur. Eyni zamanda, Azərbaycan–ŞƏT münasibətləri ölkəmizin regional güc kimi dəstək qazanmasını şərtləndi­rir. Qurum beynəlxalq səviyyədə səsimi­zin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. Prezi­dent İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çat­dırılmasını təmin edir. Şübhəsiz ki, As­tana görüşü də bu baxımdan əhəmiyyət daşıyacaqdır. Nəzərə alaq ki, hazırda ölkəmiz üçün prioritet olan məsələ dün­yanın ən böyük beynəlxalq tədbirlərin­dən olan COP29-a hazırlıq çərçivəsin­də ŞƏT ilə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində saxlanılmasıdır. 

Ümumən, Astana Zirvə görüşünün Azərbaycan–ŞƏT əməkdaşlığının daha geniş sahələrini əhatə etməsi, habelə gələcək inkişaf perspektivlərinin müəy­yənləşdirilməsi nöqteyi-nəzərindən böyük anlam daşıyacağı şübhəsizdir. Burada Azərbaycanın xarici siyasəti, uğurlu çoxtərəfli və ikitərəfli diplomati­yası, haqqında söz açdığımız COP29-a sədrliyi vacib məqamlardır. Bütün bun­lar ölkəmizin qlobal səviyyədə siyasət yürüdən mövqeyə sahibliyinin, qlobal aktor olduğunun göstəriciləridir. Qeyd etdiyimiz amillər, eyni zamanda, ŞƏT dövlətlərinin də Azərbaycanla münasi­bətləri gücləndirməkdə maraqlı olmala­rı üçün yeni əsaslar formalaşdırır.

XQ-nin Analitik qrupu

Siyasət