Yaxud Ermənistanın keçmiş XİN rəhbərinin “5 dəqiqə” məntiqi
Bu aralar yaşadığımız Cənubi Qafqaz coğrafiyasında havalar buludlu, yağışlı keçir. Ermənistanda da güclü yağışlar yağır. Ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan isə obrazlı desək, yağışdan sonra çıxmış göbələk kimidir. Bu qeydlərimizdə onun “News.am”ın “Güc faktoru” proqramında söylədiklərinə diqqət yetirəcəyik. Oskanyan bir çox şeyləri qarışdırdığı, necə deyərlər, kəlləmayallaq anladığı üçün biz də borclu qalmayıb, ilk növbədə onun ən sonda söylədiklərinə nəzər salaq.
Beləliklə, sabiq erməni XİN rəhbəri Azərbaycan və Ermənistan arasında gedən delimitasiya və demarkasiya ilə bağlı danışarkən bildirib ki, prosesin öz qanunları var, indi yaşananlar isə blefdir, bir növ, imitasiyadır. Onun sözlərinə görə, delimitasiya iki ölkə arasında diplomatik münasibətlər və sülh olduqda həyata keçirilir və bunun üçün beynəlxalq istinad nöqtələri olur. “Haqlı olaraq bizə aid olmayan və onlara verilməli olan sahələr varsa belə, danışıqlar yolu ilə hər zaman müxtəlif mübadilə variantları mümkündür. ATƏT-in təlimatlarında belə qeyd olunub. Bunu təkcə təzyiq altında deyil, normal sülh yarandıqda etmək olar. Biz isə arabanı atdan qabağa qoymuşuq. Azərbaycanın bütün tələblərini yerinə yetirmək istəyirik ki, yalnız bundan sonra sülhə gedək. Bu, sülh deyil, kapitulyasiyadır”, –deyən V.Oskanyanın köhnə şakərində olduğu göz qabağındadır. Sanki, 44 günlük müharibə yaşanmayıb, Ermənistan acınacaqlı məğlubiyyətə uğramayıb.
Əlbəttə, indiki durum Vardanın haqqında söz açdığı kapitulyasiyadan qaynaqlanır. Keçmiş XİN rəhbəri, görəsən, vəziyyətdən xəbərdar deyil? Çox yaxşı xəbərdardır. Sadəcə olaraq, müəyyən revanşist-şovinist dairələrin və onların Ermənistandan kənardakı hamilərinin sifarişlərini yerinə yetirməkdədir. Öz aləmində, erməni xalqının hisslərinə təsir göstərməyi düşünür. Kapitulyasiya məntiqini qabardıb sıravi insanlarda ölkələrinin alçaldıldığına dair rəy formalaşdırır ki, onlar ayağa qalxaraq iqtidarı devirsinlər. Ümumən, Oskanyanın dediklərinin hamısında bu iş üçün ideoloji baza hazırlamaq niyyəti var.
Bəli, V.Oskanyan siyasi spekulyasiya ilə məşğuldur. Ancaq erməni xalqı reallıqlardan yaxşı xəbərdardır. Yəni, sadə ermənilər 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, əslində, kapitulyasiya aktı mahiyyətinə bələddirlər. Ən əsası isə indi Oskanyan buna görə baş nazir Nikol Paşinyan iqtidarını ittiham edən ritorikaya üstünlük verirsə, müharibəyə görə özünü də günahlandırmalıdır. Axı bu məxluqun vaxtilə təmsil olunduğu komanda hakimiyyətdə qalsaydı, yenə savaş qaçılmaz idi. Çünki Azərbaycanın səbri tükənirdi və Oskanyanın “diplomatikliyi” heç nəyə yaramayacaqdı.
Məsələn, 2016-cı ilin Aprel müharibəsini xatırlayaq. O vaxt Azərbaycanın qarşısı diplomatik yolla deyil, Ermənistanın Rusiyaya yalvarması ilə alındı. Nəzərə alaq ki, yalvarmağın da bir qaydası var və davamlı şəkildə ola bilməz. Nikol isə yalvarmadı, Qərbdəki ağalarına güvəndi, axırda yalvarmaq məcburiyyətində qaldı. Amma bu da bir faktdır ki, hazırda Ermənistan iqtidarının bəzi hərəkətləri onun dörd il əvvəl yaşananları, sanki, unutduğu təəssüratını formalaşdırır...
Ümumən, Ermənistan Qarabağı və digər ərazilərimizi öz gücü ilə tutmamışdı. İllər ərzində davam etmiş işğal rəsmi İrəvanın diplomatik davranışının məhsulu deyildi. Yəni ki, V.Oskanyanın bu mənada deyəcək hansısa sözü olmamalıdır. Ancaq, çox arsız adam olduğundan, danışmağa üstünlük verir, susmur. Elə Naxçıvana yol məsələsində sərsəmləyərkən də belə demək mümkünsə, arsız diplomatiyasını işə salır. Deyir ki, sözügedən məsələ Qarabağda ermənilərin mövcud olduqları dövrün məhsuludur.
Oskanyanın bildirdiyinə görə, Azərbaycan tərəfindən vaxtilə Naxçıvana yol məntiqi ona görə qaldırılmışdı ki, Laçın dəhlizi söhbəti var idi və guya, hazırda o söhbət sıradan çıxdığından, Naxçıvana yol da tələb kimi irəli sürülə bilməz. “Beləliklə, güzgü vəziyyəti yaratmaq üçün (Azərbaycan) bu məsələni müzakirəyə çıxardı. İndi nə Qarabağ, nə də Qarabağ erməniləri var. Amma problem (Naxçıvana maneəsiz yol – red.) danışıqlar masasında qalır. Məsələ ətrafında düşünməyə başlayanda, deyirlər (erməni iqtidarı nəzərdə tutulur - red) ki, mən nə edim, ABŞ-a bu lazımdır, Rusiyaya bu lazımdır, Türkiyəyə, İrana, Çinə, Hindistana lazımdır, əlinizi yuxarı qaldıra bilərsiniz. Ancaq başa düşürsən ki, onlar heç bir səbəb olmadan ərazinizdən kiməsə yol verməkdən danışırlar. Mübaliğə etmirəm, amma bu gün Ermənistanın xarici işlər naziri olsaydım, beş dəqiqə ərzində bu məsələni gündəmdən çıxarardım. Mənə bir səbəb göstərə bilərsinizmi ki, niyə bu yoldan imtina edək?”
Göründüyü kimi, V.Oskanyan bu fikrini gündəmə gətirərkən də özünü dartaraq, guya, hansısa fövqəladə bacarığa sahibliyini iddia edir və spekulyasiya yolunu tutur. Əvvəla, üçtərəfli bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməyən şərtlərindəki Qarabağ amili bölgənin Azərbaycana məxsusluğundan geri durmaq deyildi. Yəni, rəsmi Bakı heç bir halda Naxçıvana yol məntiqini Laçın dəhlizi məntiqi ilə paralel tutmayıb. Məsələlərin hər birinin öz yeri olub. Ölkəmizin rəhbərliyi hər zaman bildirib ki, Qarabağda ermənilər Azərbaycan yurisdiksiyası altında, vətəndaş olaraq yaşaya bilərlər. Bilavasitə Naxçıvana yola gəldikdə isə bu, həm Ermənistanın Azərbaycana otuz il ərzində yaşatdığı işğalın təzminatıdır, həm tarixi ədalətin bərpasıdır, həm də ölkəmizin regional düzən üçün təklif etdiyi yeni iqtisadi layihədir. O layihə ki, bütövlükdə, dünya üçün önəmlidir. Oskanyan isə ayrı-ayrı ölkələrin adlarını çəkir və başa düşmür ki, Ermənistan nə indi, nə də onun nazir olduğu dövrdə həmin ölkələrin iradəsinə qarşı çıxacaq gücdə olmayıb. Bir qədər də konkret ifadə etsək, Vardan nazir postunu tutanda, ölkəsi Rusiyanın forpostu ampluasında idi. İndi də tamamilə Qərbin patronajlığı altına keçmək planları quraraq “dividend” götürməyi düşünür.
Digər yandan, V.Oskanyan hələ də özünü Azərbaycanın regional lider, söz sahibi mövqeyini anlamamış kimi aparır. O, ölkəsinin müharibədən sonra danışıqların gündəliyini dəyişmək üçün bir çox imkanları əldən verdiyini bildirir. Görəsən, hansı imkanlardan söz açır? Məsələ burasındadır ki, Paşinyan iqtidarı 44 günlük müharibədən sonra bütün mümkün vasitələrdən istifadə etdi ki, reallıqları dəyişsin. Amma buna müyəssər ola bilmədi, çünki Azərbaycan qətiyyətli və prinsipial davrandı.
Bəli, ölkəmizin qətiyyəti və prinsipiallığı nəticəsində rəsmi İrəvanın qaldırdığı Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi puça çıxdı. Ermənistan rəhbərliyi bölgədəki separatçı rejimi saxlamaq üçün də cidd-cəhd göstərdi. Amma yenə istəyinə çata bilmədi. Belə olan halda Oskanyanın səsləndirdiyi bu fikirlər cəfəngiyyatdan başqa bir şey deyil: “Ancaq danışıqların gündəliyini dəyişmək mümkündür. Qarabağ ermənilərinin beynəlxalq zəmanətlə kollektiv şəkildə geri qaytarılması məsələsini gündəmə gətirmək tamamilə mümkündür. Uorlik (ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik nəzərdə tutulur – red.) son müsahibəsində deyib ki, Qarabağ ermənilərinin öz evlərinə qaytarılmaları məsələsi sülh müqaviləsinin gündəliyinə daxil edilməlidir”.
Əvvəla, Uorlik kimdir ki, onun dilə gətirdiyi hansısa söz ciddiyyət immuniteti qazansın? Bu adam canını tapşırmış strukturda vaxtilə təmsil olunmuş birisidir. O strukturda ki, heç nəyə yaramadı, erməni işğalını leqallaşdırmaq yolunu tutdu. İkincisi, görəsən, Oskanyan C.Uorlikin Fransanın Ermənistanı silahlandırmasının sülh prosesinə zərər vurduğuna dair fikirləri ilə tanışdırmı? Yəni, keçmiş XİN rəhbəri rahat olsun ki, hər zaman günahlandırdığı Paşinyan iqtidarı ən pis erməni olmaq yarışından geri durmayıb. Yəni, necə ki keçmiş XİN rəhbəri sülh prosesini pozmağa girişib, eyni istək az və ya çox dərəcədə Nikol və komandasında da var. Bu mənada Oskanyan ona da arxayın olsun ki, hazırda dilə gətirdiyi bütün cəfəngiyyatları rəsmi İrəvan sınaqdan çıxarıb, yuxarıda da vurğuladığımız kimi, istəyinə çatmağı bacarmayıb. Elə ona görə də müxbir Oskanyana Azərbaycanın prinsipiallığına söykənmiş sual verir. Soruşur ki, rəsmi Bakı, həqiqətən də, Qarabağ ermənilərinin qaytarılmasına razı olacaqmı?
Erməni keçmiş XİN rəhbərinin hansı cavabı verdiyini diqqətə çatdırmazdan əvvəl təkrarlayaq ki, Azərbaycan Qarabağ ermənilərinin bölgəni tərk etmələrini istəməyib. Bunu tez bir zamanda gerçəkləşdirən Paşinyan iqtidarı olub. Ermənistan hakimiyyəti istəmişdi ki, onların bölgədən, guya, zorla çıxarıldıqlarına dair beynəlxalq rəy formalaşdırsın və bu yolla Azərbaycana təzyiq göstərilsin. Məqsəd aydın idi – haqqında söz açdığımız beynəlxalq təminatı qazanmaq. Elə bir təminatı ki, Qarabağdakı erməni varlığına, faktiki olaraq, məxsusi status versin.
Nikol və komandası belə fikirdə idi ki, Qarabağda ermənilərin Azərbaycanın qoyduğu şərtlərlə yaşamaları qeyri-mümkündür. Həm də ona görə ki, bu şərtlər 1988-ci ildə ortaya atılmış “Miatsum” ideyasını, yəni Qarabağın Ermənistana birləşdirilməsi ambisiyasını mümkünsüzə çevirir, separatizm üçün fürsət tanımırdı.
Bəli, məhz qeyd etdiyimiz məqamlara görə Qarabağda erməni qalmadı. Azərbaycan prosesin özünə qarşı yönəldiyini, şübhəsiz, bilirdi. Ona görə də hazırda qayıdış şərtləri də dəyişib. Yəni, əvvəlki şərtlər işlək deyil. Bir halda ki, Ermənistan rəhbərliyində, ümumən ölkədə və dünya erməniliyində və onun xaricdəki havadarlarında Qarabağ ermənilərinin bölgəyə qayıdışını sülh müqaviləsinin tərkib hissəsinə çevirmək istəkləri var, o zaman 1988-1991-ci illərdə Ermənistandakı ata-baba yurdlarını tərk etmiş azərbaycanlıların da eyni qaydada evlərinə dönmələri məsələsi aktual olmalıdır. Azərbaycan rəhbərliyinin tələbi budur. Oskanyan isə nədənsə hesab edir ki, İrəvan tərəfindən sülh müqaviləsinə Qarabağ erməniləri ilə bağlı müddəa əlavə olunsa, Bakı bunun qarşılığında heç nə edə bilməyəcək. Sabiq XİN rəhbəri daha sonra bunları bildirir: “Azərbaycan hər gün yeni gündəm irəli sürür, amma biz müharibədən sonrakı danışıqlarda heç vaxt öz gündəmimizi diktə etməmişik. Bu problemdir. Məsələləri gündəliyə qoymalısınız, lakin onlar məntiqli, proses üçün əlverişli olmalıdır ki, kənar müşahidəçilər dərhal rədd edə bilməsinlər. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı var. Avropa Parlamentinin bu ilin mart ayından başlayaraq qərarları var. Onlarda deyilir: biz Azərbaycanı Qarabağ nümayəndələri ilə danışıqlar masası arxasına oturmağa, münaqişəni müzakirə etməyə çağırırıq”.
Bəli, Oskanyan manipulyasiyaya yol verir. Əvvəla, Avropa Parlamentinin qərəzli, ermənipərəst qətnamələri yolverilməzdir. İkincisi, Azərbaycan Qarabağ nümayəndələrini danışıqlara dəvət etmişdi, lakin onlar bundan boyun qaçırmışdılar. Artıq, necə deyərlər, iş-işdən keçib. Zamanında Azərbaycanın danışıqlar çağırışlarına məhəl qoymaq lazım idi. Oskanyanın “diktə məntiqinə” gəlincə, görəsən, bu məxluq beyin qıcqırmasının hansı həddindədir? Azərbaycanla, özü də diktə dilində danışmaq? Vardan, deyəsən, ağlını tam itirərək, siyasi şizofrenliyə keçib.
Ə.CAHANGİROĞLU
XQ