TDT regional birlikdən beynəlxlaq təşkilata çevrilir
Öncə onu qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir. Əslində, TDT-nin Şuşa Zivəsi Azərbaycanın azad olunmuş ərazisində düzənlənən beynəlxalq səviyyəli siyasi tədbir sayılır. Budəfəki toplantıya qatılacaq iştirakçı dövlətlərin genişlənən coğrafiyası onu deməyə əsas verir ki, TDT, həqiqətən, dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir.
Avropanın göbəyində yerləşən Macarıstandan başqa, Şimali Kipr Türk Respublikasının da Şuşa görüşündə təmsil olunması bunu deməyə tam əsas verir. Bu iki dövlət TDT-də hələlik məşvərətçi səslə iştirak etsə də, çox yaxın gələcəkdə onların da Türk dövlətləri ailəsinə daxil olacağı heç kəsdə şübhə doğurmur.
Sabah Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderləri Şuşaya səfər edəcəklər. İndiyədək müxtəlif ölkələrin başçıları ayrı-ayrılıqda belə səfərlər ediblər, amma budəfəki sammit əvvəlkilərdən fərqlənir. Bu dəfə 8 ölkənin lideri Türk dünyasının mədəniyyət paytaxtı Şuşada mühüm siyasi məsələləri müzakirə edəcəklər. Bu, hər şeydən öncə, Azərbaycanın azad olunmuş ərazilərində əhalinin normal və təhlükəsiz həyatına təminatın yaradılmasının beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir. Eyni zamanda, belə beynəlxalq miqyaslı tədbirlər yaxın perspektivdə Azərbaycanın Qarabağ iqtisadi rayonuna həm siyasi, həm də iqtisadi dividendlər vəd edir.
Türkdilli dövlət başçılarının Qarabağa səfərlərinin vacib protokol qaydasına çevrilməsi ilə yanaşı, qardaş ölkələrin Azərbaycanın bu dilbər məkanında özlərindən nişanə, həmrəylik əlaməti, xalqımıza hədiyyə olaraq müxtəlif təyinatlı təhsil və mədəniyət obyektlərini inşa etmələri də artıq ənənə halını alıb. Bu ənənə, həmçinin bölgəyə daha çox xarici investisiyanın cəlb olunmasını təşviq edir. Beynəlxalq təcrübədən məlumdur ki, xarici investorlar təhlükəsizliyə xüsusi önəm verirlər. Çünki onlar qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azərbaycanın işğaldan azad olunmuş ərazisində bu səviyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir.
***
Azərbaycanın azad olunmuş əraziləri artıq regional və beynəlxalq siyasi dialoq məkanına çevrilməkdədir. Bu mənada TDT-nin iyulun 5-6-da Şuşada keçiriləcək Zirvə toplantısını irəliyə doğru atılan növbəti addım saya bilərik.
2009-cu ilin oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündən başlanan yolu bu gün Şuşada daha geniş tərkibdə və artıq beynəlxalq statuslu Türk Dövlətləri Təşkilatı (TDT) miqyasında davam etdirilir. Arxada buraxdığımız 15 il ərzində Türk dövlətləri arasında strateji tərəfdaşlıq yalnız yüksələn xətlə inkişaf edib. Bu yolda Azərbaycanın atdığı inamlı addımların nəticələri artıq göz önündədir. Otuz illik işğaldan azad olunmuş ərazilərdə həyat yenidən qaynayır, Qarabağ indi bölgənin siyasi-iqtisadi mərkəzinə çevrilməkdədir. Yaxın perspektivdə Cənubi Qafqazın, Türk dünyasının, İslam coğrafiyasının nəbzinin məhz Qarabağda vuracağı birmənalıdır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi düzgün və qətiyyətli siyasətinin, uğurlu strategiyasının bəhrəsidir. TDT-nin Şuşa görüşünün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfər sammiti adlandırmaq olar. Bu sammitin məhz Şuşada – Türk dünyasının mədəniyyət paytaxtında keçirilməsi isə Türk coğrafiyasında inteqrasiyanın dərinləşməsinə, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə təkan verəcək.
Hazırda dünyada BRİKS-dən NATO-ya, Avropa İttifaqından (Aİ) Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Afrika İttifaqına qədər bir çox beynəlxalq strukturlar mövcuddur. Beynəlxalq gündəmə təsiri və imkanı baxımından bu birliklərin bəziləri güclü və nüfuzlu, bəzilərinin isə efektivliyi zəifdir. Dünyanın üzləşdiyi iqtisadi-siyasi, ekoloji böhran şəraitində Türk Dövlətləri Təşkilatının qlobal sabitliyi və türk dünyasının təhlükəsizliyini, sülhü qoruyacaq transmilli təşkilat kimi daha da güclənməsi və fövqəladə, əslində, bölgədənkənar ölkələrin də maraqları ilə üst-üstə düşür. Çünki qlobal problemlərin çözüm yolları, yaşıl dünyaya keçidin üsulları məhz bu platformada təklif olunur.
Heç şübhəsiz, TDT-nin Şuşa Sammitində COP29 mövzusu da müzakirə mövzusu olacaq. Cari ilin noyabr ayında Azərbaycanın COP29-a evsahibliyi etməsi Türk dünyası adına böyük uğurdur. Əslində, COP29 Azərbaycan və bütövlükdə Türk dünyası üçün mühüm zirvədir. Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan, on minlərlə insanın iştirak etdiyi və bütün qlobal iqlim məsələlərinin müzakirə edildiyi tədbirə bu dəfə evsahibliyini Azərbaycan edəcək.
***
Oxuculara xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da Bakıda TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlətimizin başçısı çıxışında Zirvə görüşünün ildə bir dəfə keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Yeri gəlmişkən, eyni mövqeyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bölüşdüyünü bildirmişdi: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.
Göründüyü kimi, artıq TDT beynəlxalq güc mərkəzinə çevrilmək yolunda inamla addımlayır və dünya gücləri bunu qəbul etməyə başlayıblar. Çünki onlar neokolonializm, alternativ enerji və yaşıl dünya kimi qlobal çağırışların səsləndiyi Azərbaycanla və onun timsalında Türk dünyası ilə hesablaşmalı olacaqlar. Bunun diplomatik işartıları indidən görünməkdədir.
TDT-nin Şuşa Sammiti, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə ona verilən vahid qardaşlıq dəstəyinin mesajı, ölkəmizin türk dövlətləri arasında əməkdaşlıq mərkəzinin avanqardı olduğunun nümayişidir.
Əminliklə deyə bilərik ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək üçün daha geniş imkanlar əldə edəcəklər. Şuşa sammiti ilə Türk Dövlətləri Təşkilatının daha da güclənəcəyinə, dünyada söz sahibinə çevriləcəyinə inananlar getdikcə çoxalmaqdadır.
Sabah TDT-nin Şuşada start veriləcək Zirvə toplantısı dünyada baş verən qlobal dəyişikliklərin regional təsirlərinə baxış prizmasından da xüsusi önəm kəsb edir. Sammitin Şuşada keçirilməsi həm də o deməkdir ki, Azərbaycanın son 4 ildə Cənubi Qafqazda yaratdığı yeni reallıqlar “Türk Dünyası 2040” vizyonu üçün əhəmiyyətli istiqamətlər təqdim edir. Onu da qeyd edək ki, Türkün Şuşa Zirvəsi Rusiya–Ukrayna, HƏMAS–İsrail hərbi qarşidurmalarının beynəlxalq təhlükəsizlikdə yaratdığı qeyri-müəyyənliklər və bunun TDT-nin davranış modelləri üçün müzakirələrlə yadda qalacağı gözlənilir. Ən azı, o səbəbdən ki, TDT dünyanı cənginə almış münaqişələrə baxmayaraq sülh və təhlükəsizlik, əməkdaşlıq modellərinə üstünlük verən, bu çağırışlara adekvat səs verən nüfuzlu beynəlxalq təşkilata çevrilib. Bu tezislərin Şuşa Sammitində inkişaf etdirmək TDT-nin gündəliyinə daxil olan məsələlərdəndir. Yəni, Şuşa görüşü TDT-nin regional səviyyədən beynəlxalq miqyaslı güc mərkəzinə çevrilməsi istiqamətində əlavə stimuldur.
***
Bu gün TDT özünün proqram və strategiyasını inkişaf etdirmək barədə düşünür. Bunu zərurətə çevirən əsas şərtlərdən biri isə dünyada Qərbin təqdim etdiyi dəyər və prinsiplərin çöküşünün baş verməsidir. İndi TDT üç güc mərkəzi – NATO, Rusiya və Çin ilə balanslaşdırılmış diplomatik dinamikanı qoruyub saxlamaqla ideoloji cəbhədə görünən boşluqları doldurmaq missiyasını yerinə yetirir. TDT-də təmsil olunan dövlət liderlərinin Şuşa müzakirələrində həm də bu məsələ üzərinə xüsusi olaraq fokuslanacaqları proqnozlaşdırılır. Türk dünyasının ideoloji çətir üçün ortaq tarixi, dili, mədəniyyəti və siyasi iradəsi mövcuddur. Bunlar isə dünyanın pozulmuş nizamına təsir edə biləcək müştərək ideoloji proqramın hazırlanması zərurətini meydana çıxarır.
Əminik ki, TDT üzvü olan qardaş ölkələr iqtisadi, sosial və mədəni, ideoloji standartlarını daha da yüksəltmək üçün Şuşa Sammitindən hərtərəfli yararlanacaqlar. Bundan sonra yeni geosiyasi reallıqları dərk edən dünyanın kiçilməkdə olan “böyük gücləri” TDT-nin bölgədə və beynəlxalq müstəvidə sülhə, sabitliyə, təhlükəsizliyə nail olmaq şanslarına yeni təkan verəcəyinə şahidlik edəcəklər.
Cavid VƏLİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri
– Bu il 15-ci ildönümünü qeyd edən TDT-nin yaranması barədə Naxçıvan anlaşmasına görə, təşkilata üzv dövlətlərin liderleri ildə bir dəfə zirvə görüşündən savayı, üzvlərdən birinin təklifi ilə fövqəladə, qeyri-rəsmi sammitə toplaşa bilər. Keçən il belə bir toplantı Ankarada keçirildi və orada ilkin sərmayəsi 500 milyon dollar olan Türk Sərmayə Fondu (TSF) yaradıldı. Şuşa Sammitindən öncə TÜRKPA İdarə Heyətinin iyunun 6-da Bakı görüşü oldu. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “Əminəm ki, bir gün dünyanın bütün problemləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmələr yolu ilə öz həllini tapacaq”, – deyərək TDT-ni dünya gündəminin istiqamətini və taleyini müəyyən edəcək güclü bir təşkilat olaraq görmək istəyini açıqladı.
Azərbaycanın xarici siyasəti üçün Türk dövlətləri ilə əməkdaşlıq daim prioritet sayılıb. Qarabağ işgaldan azad olunandan sonra TDT-nin əhəmiyyəti və çəkisi daha da artdı. Bunun bir səbəbi torpaqların işgaldan qurtarması ilə müasir dönəmdə yeni hədəflərin gündəmə gəlməsi ilə bağlıdır. İlham Əliyev “Bizim ailəmiz Türk dünyasıdır” mesajını verərək Azərbaycanın gələcək xarici hədəfləri ilə bağlı son nöqtəni qoymuş oldu. Eyni zamanda, İlham Əliyevin bu açıqlaması son 30 ildə Azərbaycanın da yer aldığı Cənubi Qafqazda fəaliyyət göstərən regional təşkilatlara ismarıc idi. Bu ismarıcın bir məqsədi isə Qarabağ savaşında və zəfərdən sonra TDT-nin Azərbaycana verdiyi siyasi-mənəvi dəstəklə bağlıdır.
Azərbaycanın TDT-yə baxışınıı şəkilləndirən digər önəmli amil dünya düzənində yaşanan dəyişikliklərdir. Təkqütblü sistemdən çoxqütblü dünya sisteminə keçid dövründə TDT kimi birliklərin əhəmiyyəti durmadan artmaqdadır. Onu da qeyd etməliyik ki, Azərbaycan Türk bölgəsində görünən güç boşluğunu fürsət kimi dəyərləndirməklə qlobal təhdidlərə qarşı TDT çərçivəsində müqaviməti artırmaq niyyətindədir. TDT-nin beynəlxalq və regional miqyasda söz sahibi olacaq təşkilata çevrilməsi üçün ciddi səylər göstərən Azərbaycan qurumu daha mükəmməl hala gətirmək üçün Şuşa görüşü ərəfəsində TDT-yə ayırdığı illik büdcəni 2 milyon dollara çatdırdı. Hazırda TDT üzvü digər dövlətlərin də illik ayırmanı 2 milyon dollara çatdırması gözlənilir. Bununla da həm TDT-nin zirvə görüşlərinin sayını ildə 2 dəfəyə qaldırılması, həm də təşkilatın qurumlarının daha işlək hala gətirilməsi hədəflənir.
İmran BƏDİRXANLI
XQ