İyulun 3-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, dövlətimizin və xalqımızın qarşısındakı ən ümdə vəzifənin yerinə yetirilməsi - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi müasir dövlətçilik tariximizin ən şərəfli səhifəsi və möhtəşəm tarixi nailiyyətimizdir.
YAP-ın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən Tahir Budaqov partiyanın qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
İclasda Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.
Sonra partiyanın Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiqlənməsi məsələsi müzakirə edilib. Müzakirələrdən sonra 21 nəfərdən ibarət Qərargahın yaradılması haqqında qərar qəbul olunub.
İdarə Heyətinin qərarı ilə YAP-ın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər müəyyənləşib.
XQ