Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik

post-img

II MƏQALƏ

Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdə­dir və bütün beynəlxalq məsələlər­də biz bir yerdəyik. 

İlham ƏLİYEV,
Azərbaycan Prezidenti

Qriqoryanın yeni “diplomatik üslubu”

Tarix sarkazmı sevir. Yulian təqvimi (Yuli Sezarın təqvimi – Miladdan öncə I əsr) ilə Qriqorian təqvimini (Roma papa­sı VIII Qriqorinin katoliklər üçün nəzər­də tutduğu təqvimi –XVI əsr) müqayisə edəndə ikincini birinciyə nisbətən “yeni stil” kimi xarakterizə edirlər. Yeni stil illərin hesablanmasında kiçik zaman fərqlərinin nəzərə alınması ilə bağlıdır. Real olaraq isə hər bir təqvim nisbidir – çünki Yerin Günəş ətrafında fırlanma dinamikası ki­minsə iradəsindən asılı deyildir. Ermə­nistanın özününküləşdirdiyi A.Qriqoria­nın iradəsindən heç asılı deyil. Bundan başqa, indiki qriqoryanların diplomatiya­da “yeni stili” Roma papasının təqvimin­dən fərqli olaraq reallığa heç bir aidiyyatı olmayan qondarma hadisədir. 

Biz, Ermənistan təhlükəsizlik şura­sının katibi Armen Qriqoryanın “APRİ-2024” formunda çıxışı zamanı ifadə etdi­yi bir fikri nəzərdə tuturuq. A.Qriqoryanın “yeni diplomatik stili” ondan ibarətdir ki, o, Türkiyə – Ermənistan və Azərbaycan – Ermənistan münasibələrinin bir-birindən asılı olmadığını təkrar etmişdir. Burada istehza bu qədər proseslərdən sonra dövlətin ciddi qurumlarından birinin katibi olan adamın köhnə nağılı “yeni stil” mə­nasında təqdim etməyə çalışmasıdır. 

Məsələ onunla bağlıdır ki, Azərbay­can və Türkiyə heç II Qarabağ savaşına qədər bu erməni diplomatik avantürasını qəbul etməyib. Zəfər savaşının gedişi və sonra imzalanan Şuşa Bəyannaməsi siyasi, hüquqi, hərbi, informasiya sfera­larında təsdiq etdi ki, Azərbaycanla Tür­kiyəni dövlətçilik məsələsində bir-birin­dən ayrı tutmaq mümkün deyil, absrud və cəfəng cəhddir. Bundan başqa, ərazi bü­tövlüyünün bərpası ilə nəticələnən hərbi əməliyyatlardan sonra rəsmi Ankara açıq və birmənalı mesaj verdi: Türkiyə heç za­man Azərbaycanın marağına cavab ver­məyən addım atmayacaq, o cümlədən, Ermənistan Azərbacyanla münasibətləri normallaşdırandan sonra sərhəd açıla bilər, əlaqələr yaranar! Bu bəyanatdan sonra da real siyasi-diplomatik müstəvi­də Ankara – Bakı birgə fəaliyyətini hər anda, addımda, məqamda və məsələdə bütün dünya görür.

İndi təsəvvür edin: bu qədər aydın, açıq və real bir gerçəklik fonunda bir erməni rəsmisinin ciddi tədbirdə “biz Türkiyə və Azərbaycanla münasibətlərə bir-birindən ayrı olan məsələ kimi baxı­rıq” deməsinin “yeni diplomatik və siyasi stili” nədən ibarətdir? Növbəti erməni ri­yakarlığı, absurdluğu və siyasi cəfəngiy­yatı! Ancaq bu, hansısa proseslər üçün fon yaratmaq, insanları çaşdırmaq və regionda sülhün bərqərar olmasına qar­şı çıxmaq baxımından düşündürücüdr. Çünki təhlillər göstərir ki, rəsmi İrəvanın bu cür cəfəng siyasi ritorikası bir neçə səbəbdən qaynaqlanır. Daha doğrusu, həmişə olduğu kimi, indi də Ermənistan rəhbərliyi kənar əmrlərin qulu funksiya­sını yerinə yetirir. Bu tezisi bir qədər də konkretləşdirmək mümkündür.

İslamofob və neokolonialist dairələr

Azərbaycanın, bütövlükdə ksenofo­biyaya və onun tərkib elementi olaraq İslamofobiyaya qarşı davamlı mübarizə­si bir sıra dairələri ciddi narahat edir. Bu prosesdə yeni müstəmləkəçilik siyasəti­nin ifşa edilməsi xüsusi yer tutur. Fran­sanın bir sıra kiçik ölkələrə qarşı apardığı müstəmləkəçilik siyasətinin içüzü açıldıq­ca rəsmi Paris daha çılğın və məntiqsiz davranmağa başlayır. Bunun fonunda E.Makronun prezident kimi vəziyyətinin daha da ağırlaşması diqqət çəkir. Av­ropa Parlamentinə keçirilən seçkilərdə E.Makronun məğlub olması, situasiyanı daha da çətinləşdirmişdir. Bu cür vəziy­yətdən xilas olmaq üçün rəsmi Parisin Cənubi Qafqazdakı siyasi oyuncağın­dan yararlanmaq istəyi ola bilər. Onun yolu isə sülh prosesinin qarşısına süni əngəllər çıxarmaqla bağlıdır. Təxribatçı prosesi aparmaq üçün Cənubi Qafqazın geosiyasi mənzərəsini müəyyən edən Azərbaycan–Türkiyə birliyinə mane ol­maqla alovlandırmaq mümkündür. Bu məntiq A.Qriqoryanın məntiqsiz fikrindən birbaşa alınır.

Doğrudan da, erməni rəsmisi aydın görünən gerçəkliyi təhrif edirsə, bu, açıq­ca sülh müqaviləsinin imzalanmasına əngəl olmaq deməkdir. Cənubi Qafqaz­da etibarlı sülhün olması regionda real əməkdaşlığın yaradılmasına birbaşa bağlıdır. Azərbaycanla Türkiyə arasına nüfuz etməyə, onları bir-birindən ayır­mağa çalışmaq əməkdaşlığa zərbədir. Bu, bütövlükdə, regionda qeyri-sağlam və bir-birinə etimadın olmadığı mühiti yaratmaq deməkdir. Yəni Ermənistan xəyal edirsə ki, Azərbaycanı qane et­məyən şərtlərlə Türkiyə ilə münasibət qura bilər, cəfəngiyyatdır. Eyni zamanda, Türkiyəni qane etməyən şərtlərlə Ermə­nistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq xəyalı absurddur. Çünki Şuşa Bəyannaməsi bu variantları istisna edir. Belə bir vəziyyət də tamamilə beynəlxalq hüquq normalarına uyğundur. Çünki əməkdaşlığın şərtlərinə əməl etmək bey­nəlxalq hüquqda mütləq şərtdir. 

Ermənistanın bu diplomatik oyu­nundan başqa bir vacib nəticə alınır. Son zamanlarda baş verən geosiyasi, siyasi və diplomatik proseslər göstərir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi Cə­nubi Qafqazın hüdudlarından kənarda da geosiyasi mənzərəni yeniləşdirmək iqtidarındadır. Bunun konkret nümunəsi Azərbaycan Prezidentinin səmərəli və çevik xarici siyasətidir. Qısa müddət ər­zində İlham Əliyev Mərkəzi Asiyadan tut­muş Yaxın Şərqə qədər geniş geosiyasi məkana təsir edə bilən səfərlər etmişdir. Azərbaycan dövlət başçısının mərhum İran Prezidenti İ.Rəisi ilə sərhəddə fay­dalı görüşü, nail olduğu çox ciddi razılaş­malar və sonra Misirə səfəri bu baxımdan diqqət çəkmişdir. Buna paralel olaraq bir neçə dəfə Türkiyə Prezidenti ilə mü­zakirələr aparması, Avropaya və sonra Ankaraya səfərlər etməsi çox fəal diplo­matik addımlardan xəbər verir. 

Bunların fonunda Türkiyə – Suriya münasibətlərində müsbətə doğru müəy­yən dəyişmələr haqqında informasiyalar yayılmışdır. Nəhayət, Türkiyə Prezidenti­nin iyul ayında intensiv xarici səfərlərinin nəzərdə tutulması və o sırada Bakıya da gəlişinin gözlənilməsi təsirsiz ötüşmür. Bu cür gedişatdan müəyyən nəticələr çıxarırlar.

Avrasiyada ən fəal müttəfiqlər 

Bu cəhət aydın görünür. Azərbay­can – Türkiyə siyasi-diplomatik tandemi hazırda Avrasiya məkanında ən fəal nə­ticəverici müttəfiqliyin nümunəsidir. Hətta böyük və güclü dövlətlər nə ayrı-ayrı­lıqda, nə də birlikdə Azərbaycan – Tür­kiyə birliyi səviyyəsində faydalı siyasət yeridə bilirlər. Bunun əsas səbəbi bu iki türk dövlətinin ədalətli, konstruktiv əmək­daşlığa və sülhə səmimi istiqamətlənmiş siyasət yeritməsi ilə bağlıdır. Çoxlarının əzbərlədiyi bu ümumi tezisin praktiki fakt­lara əsaslanan arqumentləri mövcuddur. Onlara qısa nəzər salaq. 

Öncə, Azərbaycan – Türkiyə birliyinin siyasi-diplomatik addımlarının ümumi ru­huna, məzmununa, əhatə dairəsinə və məqsədlərinə baxaq. Onların fonunda alınan nəticələrin siyasi və geosiyasi hə­dəfləri aydın olacaqdır. 

Azərbaycanla Türkiyənin siyasi-diplo­matik fəallığı geniş coğrafi və geosiyasi məkanı əhatə edir. Türkiyə Prezidenti və xarici işlər nazirinin dünya miqyasında əhəmiyyəti olan hadisələr haqqında fikir bildirmələri qlobal siyasi dairələrdə ma­raqla qəbul olunur. R.T.Ərdoğan və H.Fi­dan dünyanın müxtəlif regionlarında mü­şahidə edilən proseslər barədə lakonik mövqe bildirirlər və bunu dünya dərhal Azərbaycan–Türkiyə birliyinin mövqeyi kimi ciddiyə alır. 

Eynilə Azərbaycan Prezidenti İlham Əliyevin və onun tapşırığı ilə səfərlər edən rəsmilərin (məsələn, Sahibə Qafa­rova Hikmət Hacıyev, Ceyhun Bayramov və başqaları) dünya üçün əhəmiyyəti olan prinsipial məsələlər haqqında söy­lədikləri fikirləri Azərbayan-Türkiyə birliyi­nin mövqeyi olaraq anlayırlar. 

Nümunə kimi Azərbaycan – Ermənis­tan münasibətlərinin normallaşması ilə ardıcıl siyasətin yeridilməsi, Rusiya – Uk­rayna münaqişəsinin həlli yollarının təklif edilməsi, İsrail – Fələstin müharibəsinin sona çatdırılması və orada iki dövlət mo­delinin tətbiq edilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirilməsi, yeni enerji və nəqliyyat layihələri, Azərbaycan – İran – İraq – Türkiyə – Suriya – BƏƏ marşrutu üzrə yeni əməkdaşlıq platformasının ya­radılması, Avropanın enerji təhlükəsizliyi ilə bağlı addımların atılması, Türk Dövlət­ləri Təşkilatının gücləndirilməsi istiqamə­tində gedişlər, Azərbaycan – Türkiyə – Rusiya münasibətlərinin daha da irəli aparılması və digər aktual məsələlər ma­raqlıdır. Çünki bütün bu proseslərdə həm Türkiyə, həm də Azərbaycanın ayrı-ayrı­lıqda fəallıq göstərməsi ilə yanaşı, dərin koordinasiyada çalışmaları bir nümunə­dir. Görünür, bir sıra mürtəce dairələri də məsələnin məhz bu aspekti narahat edir. Səbəbi regionların və bütövlükdə, dünya­nın yeni geosiyasi xəttə çıxmasını qəbul etməməklə bağlıdır. Burada, böyük güc­lərin də maraqları ciddi şəkildə toqquşur!

Həmin sırada Rusiya – Ukrayna mü­naqişəsinin həlli ilə əlaqədar diplomatik addımların atılmasını göstərə bilərik. Məsələ ondan ibarətdir ki, Türkiyə bu məsələdə çox fəaldır. Azərbaycan da siyasi-diplomatik müstəvidə problemin ədalətli həll edilməsi istiqamətində təsirli addımlar atmaqdadır. Bir müddət bu pro­sesdə Türkiyə aparıcı rol oynadı. Lakin sonradan müəyyən səbəblərdən Ankara bir qədər geri çəkildi. Lakin ədalət naminə irəli sürülən digər təşəbbüsləri də bey­nəlxalq hüquq çərçivəsində aktiv surətdə dəstəklədi. Bakı da eyni mövqedə oldu. Bununla Ankara – Bakı tandemi dünyaya göstərdi ki, başlıca məqsədi şəxsi nüfuz və ya maraq deyildir – məsələnin ədalətli həllidir! Çünki bu problem çox aspektlər­də dünya miqyasında sabitliyə təhlükələr yaradır. Baxmayaraq ki, Türkiyənin taxılla bağlı siyasətinə qısqanclıqla yanaşanlar olmuşdu və müxtəlif təxribatçı informasi­yalar yayırdılar. Rəsmi Ankara münaqişə ilə bağlı keçirilən son konfransda heç bir təxribat etmədi və ədalətlə perosesdə iş­tirak etdi. 

Bu, deməkdir ki, Azərbaycan – Tür­kiyə birliyi real olaraq hüquqa, ədalətə və əməkdaşlığa əsaslanır. Bu səbəb­dən, ciddi uğurlar əldə edir. Ermənistanla sülh müqaviləsinin imzalanması və İsra­il-Fələstin məsələsi ilə atılan addımlar da bunu sübut etməkdədir. Açıq görünür ki, Azərbaycan – Türkiyə tandemi geniş bir geosiyasi məkanda müasir realpolitika çərçivəsində nəticəverici siyasi-diploma­tik fəaliyyətin nümunəsidir.

Bütün bunların fonunda Türkiyə Prezi­dentinin obrazlı desək, “iyul turnesi”nin bir çox məsələlərin həllində ciddi rol oynaya biləcəyi qənaətini ala bilərik. Bu baxımdan R.T.Ərdoğanın Astanadan Bakıya və ora­dan da Qərb istiqamətinə səfərləri xüsusi geosiyasi məna kəsb edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət