Təşkilat hesabatını erməni mənbələrə istinadla hazırladığını etiraf edir
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
“Freedom House” Qarabağ mövzusu üzrə yeni hesabat hazırlayıb. “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlığı ilə təqdim edilən hesabat iyulun 1-də ictimailəşdirilib. Ənənəsinə sadiq qalaraq, təşkilat bu hesabatını da erməni lobbisinin tezislərinə uyğunlaşdırıb, qondarma faktlara istinad etməklə Azərbaycanın adını ləkələməyə çalışıb.
Amma ənənəvi metodologiya və tezislər əsasında hazırlanmasına baxmayaraq, indiki hesabatda bəzi “yeniliklər” edilib. Həmin “yeniliklərin” motivini araşdırmaqla, hesabatın mahiyyətini açmaq mümkündür.
Diqqət çəkən budur ki, “Freedom House” bu hesabatını qeyri-ənənəvi təqvimdə yayıb. Faktdır ki, təşkilat öz hesabatlarını adətən, hər ilin başlanğıcında–yanvar ayı ilə aprel aralığında dərc edir. “Dünyada azadlıqlar” adı ilə yayımlanan hesabatlarında əvvəlki ildə qeydə alınmış proseslərin şərhini verir, özünün qiymətləndirməsini təqdim edir. Bir qayda olaraq, Azərbaycan və Qarabağ mövzusuna da həmin hesabatların tərkibində yer verir. İndiki hesabat isə əlahiddə hazırlanıb. Təşkilatın açıqlamasında da qeyd olunub ki, “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” hesabatı məxsusi hazırlanıb, “Special report” kateqoriyası üzrə təqdim olunub (https://freedomhouse.org/report/special-report/2024/why-are-there-no-armenians-nagorno-karabakh). Hansı zərurət vadar edib ki, “Freedom House” indiki məqamda Qarabağ mövzusunda xüsusi hesabat yayımlayıb?
Diqqət çəkən ikinci nüans budur ki, bu hesabatda qondarma faktlara limitsiz dərəcədə istinad olunub. “Freedom House” iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da Qarabağın ermənilər məskunlaşan ərazilərində hərbi əməliyyatlar keçirərkən, 229 nəfər həlak olub: “Bunlardan 34 nəfəri mülki şəxs olmaqla, 5 nəfəri uşaqdır”. Təşkilat bununla kifayətlənməyərək, daha da irəli gedir və bildirir ki, guya əməliyyatlar zamanı öldürülmüş şəxslərdən 14 nəfərin meyiti üzərində təhqiredici əlamətlər, işgəncə izləri tapılıb. Əsaslandırmağa çalışır ki, guya mülki ermənilər Qarabağdan təhlükəsiz formada getməyiblər, zorakılıqdan qurtarmaq üçün qaçıblar.
Məsələ ondadır ki, “Freedom House” bu iddiaları sübuta yetirəcək heç bir sənədli fakt təqdim etməyib. Nə ad, nə soyad, nə də foto/video görüntülər yoxdur. Əgər 14 nəfər Qarabağ sakini işgəncəyə məruz qalaraq öldürülübsə, onlardan heç olmasa bir nəfərin ad/soyadını, şəklini, ən azı Qarabağ sakini olması barədə sənədlərini təqdim etmək olmazdımı? Təqdim edilməyibsə, deməli bu faktlar mövcud deyil. Hansı ki, beynəlxalq təşkilatların hesabatlarında ciddiliyi artıran əsas meyar fakt və sübutlara istinad edilməsidir.
“Freedom House” sübutların yoxluğu üzərindən sükutla keçir. Məsuliyyəti özünün istinad etdiyi mənbələrin üzərinə yıxır. Təqdimat bölümündə qeyd edir ki, son hesabat bir sıra digər təşkilatların rəyləri əsasında tərtib edilib. Həmin təşkilatların adları da çəkilir. Bəlli olur ki, “Freedom House” “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” hesabatını hazırlayarkən, mənbə qismində “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq”, “Demokratiyanın İnkişafı Fondu”, “Helsinki Vətəndaş Assambleyası” və bir sıra digər qurumların rəylərinə əsaslanıb.
Əslində, bu açıqlamanın özü də qüsurludur. Beynəlxalq təşkilat hansısa digər təşkilatın nə deməsinə yox, əlində olan fakt və sənədlərə istinad etməlidir. “Freedom House” isə bu prinsipi pozub. Əlavə olaraq, bu qeydi ilə daha bir yanlışının üstünü açıb.
Problem ondadır ki, “Freedom House” adıçəkilən təşkilatların ümimi hesabatlarına deyil, onların Ermənistan üzrə filiallarının rəylərinə söykənib. Məsələn, hesabatın təqdimat bölümündə qeyd edilib ki, “faktların bir qismi “Helsinki Vətəndaş Assambleyası – Vanadzor”-dan alınıb”. Məlumat üçün bildirək ki, “Vanadzor qrupu” Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının” Ermənistan üzrə partnyor təşkilatıdır. Eyni minvalla, digər beynəlxalq təşkilatların adları çəkilməklə, onların Ermənistan üzrə filiallarına istinad edilib.Təbii ki, onlar da erməni xislətinə sadiq qalaraq, öz ideologiyalarına uyğun rəylər veriblər. Təqdimat bölümündə o da vurğulanır ki, “Anuş Bağdasarian hesabatın bir neçə bölməsinin redaktə edilməsinə mühüm töhfələr verib” (şəkil-1).
Beləliklə, aydın olur ki, “Freedom House” sonuncu hesabatını erməni şəbəkəsinin təkcə sifarişi ilə deyil, həm də ermənilərin birbaşa iştirakı ilə hazırlayıb. Hesabat hazırlanarkən Azərbaycanı təmsil edən heç bir quruma istinad edilməyib. Münaqişədə tərəf olmuş icmalardan birinə gen-bol yer ayırmaq, digərini isə görməzdən gəlmək nə qədər ədalətlidir? Bu metodla hazırlanmış hesabat nə qədər obyektiv ola bilər? “Freedom House” 30 il müddətində qaçqın, köçkün həyatı yaşamış, təkcə işğala deyil, həm də işgəncələrə məruz qalmış Qarabağın Azərbaycan icması barədə nə vaxt hesabat hazırlayacaq? Ümumiyyətlə Azərbaycan icmasını nə vaxtsa diqqətə alıbmı?
“Freedom House” Azərbaycana qarşı həmişə qərəzli olub. Hətta Qarabağ torpaqları işğal altında olan vaxtlarda da Ermənistanın mövqeyindən çıxış edib. İşğalın bitməsindən sonra isə Azərbaycana qarşı bəyanatlarını sərtləşdirib və intensivləşdirib. Təkcə 2024-cü ilin 1-ci yarısında Qarabağ üzrə iki hesabat yayıb və hər iki hesabatda faktları saxtalaşdırıb (https://xalqqazeti.az/az/siyaset/168760-freedom-house-yene-faktlari-saxtalasdirdi).
Amma sonuncu hesabatı daha radikaldır, daha qərəzli və müəmmalıdır. Əvvəlki hesabatlarında qərəzini gizlətməyə çalışırdısa, sonuncuda açıq davranıb, birmənalı şəkildə ermənipərəst mövqe sərgiləyib. Səbəbləri tam aydın olmasa da, ehtimallar üçün əsas yaradan məqamlar vardır. Çox aydın şəkildə görünür ki, ABŞ–Azərbaycan münasibətlərində istiləşmə meyli yaranan kimi, “Freedom House” və onun qismində olan təşkilatlar hərəkətə keçirlər. Münasibətləri pozmaq üçün təxribatlar törədirlər. Başa vurduğumu həftə içində ABŞ rəsmilərinin Azərbaycana səfərlərini, telefon danışıqlarını nəzərdən keçirməklə, “Freedom House” təşkilatının həyəcanlamasının səbəblərinə izah tapmaq mümkündür.